2020-ci ildə pandemiyadan ən çox ziyan çəkən sahələrdən biri də kino sənayesi oldu. Əksər film çəkilişləri təxirə salındı, kinoteatrlar qapılarını bağladı. Mövcud vəziyyət Azərbaycan kinosundan da yan keçmədi. Bununla belə, ilin kino mənzərəsindən qeyd ediləsi məqamlar var.

Yanvar ayında Mədəniyyət Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş ənənəvi “Vətənpərvərlik kinosu həftəsi” keçirildi. Layihə çərçivəsində Azərbaycanın Milli Qəhrəmanlarına, onların döyüş yoluna həsr edilmiş sənədli filmlər göstərildi, yaradıcı heyətlə görüşlər oldu. Nizami Kino Mərkəzində nazirliyin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbirində isə “Silahdaşlar” sənədli filminin təqdimatı keçirildi.

Fevralın 26-da Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin sifarişi əsasında “Salnaməfilm” studiyasında lentə alınan “Ulu türkün Təbrizi” sənədli filmi təqdim edildi. Film şəhid Milli Qəhrəman Təbriz Xəlilbəylinin xatirəsinə həsr edilib.

Mart ayında Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasının istehsal etdiyi “Mirzə Cəlilin Azərbaycanı” sənədli filmi Bakıda və Tbilisidə təqdim olundu. Ekran əsəri böyük ədibin 150 illiyi münasibətilə çəkilib.

Dövlət başçısının “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 2019-cu il 1 mart tarixli sərəncamına əsasən, Mədəniyyət Nazirliyi tərəfindən bədii və animasiya filmi ssenariləri müsabiqəsi keçirildi.

Mədəniyyət Nazirliyinin dəstəyi və İctimai Televiziyanın media dəstəyi ilə “Debüt” studiyası tərəfindən İNTERACT layihəsi gerçəkləşdi.

***

2020-ci ildə lentə alınan filmlər də oldu. Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Titrəmə” filminin çəkilişləri sona çatdı. Qarabağ mövzusunda “Açar” filminin çəkilişləri də yekunlaşdı. “Azanfilm” studiyası “Tıq-tıq və dostları möcüzələr axtarışında” adlı çoxhissəli animasiya filminin 1-ci və 2-ci hissəsini tamamladı. “Mozalan” studiyası isə “Olimpiya” adlı filmin çəkilişlərini davam etdirdi.

Mədəniyyət Nazirliyinin “Salnaməfilm” studiyasında bu il Milli Qəhrəmanlara həsr olunan 10 film nəzərdə tutulsa da, pandemiya ilə əlaqədar olaraq bir neçə ekran işi üzərində (Milli Qəhrəmanlar Çingiz Qurbanov (“Hər şey yaxşı olacaq”), Cəlil Səfərov (“Peşəkar zabit”), Hikmət Muradov (“Qəhrəmanlıq və nakam məhəbbət”) və başqaları haqqında) çalışmalar oldu.

***

Filmlərimiz pandemiya səbəbindən əsasən onlayn formatda keçirilən beynəlxalq festivallarda uğur qazandı. Bu sırada ən çox onlayn mükafat toplayan Şamil Əliyevin “Çölçü” filmi oldu.

Nyu-Yorkda keçirilən 23-cü “Sephard” yəhudi film festivalında rejissor Rüfət Həsənovun “Kənddə sonuncu yəhudi” ekran əsəri nümayiş olundu. Rejissorun “Daxildəki ada” tammetrajlı bədii filmi isə Avropanın nüfuzlu kino müsabiqələrindən olan Sarayevo Film Festivalının “Ən yaxşı rejissor” nominasiyasında qalib elan edildi.

73-cü Kann Film Festivalı (may ayında keçirilməli idi) bu il pandemiya ilə əlaqədar təxirə salınsa da, festivalın “Tənqid həftəsi” proqramı oktyabrda təşkil olundu. Bu proqramda təqdim olunan ekran əsərləri arasında Teymur Hacıyevin “Axşama doğru” qısametrajlı filmi də yer aldı.

“Azanfilm” animasiya studiyasının istehsalı olan “Mənim balaca şahzadəm” qısametrajlı animasiya filmi Koreyanın paytaxtında keçirilən 8-ci “Seoul Guro İnternational Kids Film Festival”da “Bright Future” (“Parlaq gələcək”) nominasiyasında qalib elan edildi.

Gənc rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” adlı tammetrajlı filmi 77-ci Venesiya Film Festivalının əsas müsabiqəsində “Qızıl şir” mükafatı uğrunda yarışdı. Ekran əsəri Misirdə keçirilən IV “Əl-Quna” festivalında “Ən yaxşı Asiya filmi” və “Ən yaxşı bədii film” nominasiyasında “Bürünc ulduz” mükafatlarını əldə etdi, həmçinin Yaponiya paytaxtında keçirilən 21-ci “Tokyo Filmex” festivalında “Ən yaxşı film” mükafatına layiq görüldü. 

İsmayıl Səfərəlinin “Balıqçı qızı” tammetrajlı bədii filmi 42-ci Moskva Beynəlxalq Kinofestivalının əsas proqramında təqdim edildi.

Nevşehirdə (Türkiyə) keçirilən Beynəlxalq Turizm Filmləri Festivalında rejissor Fuad Quliyevin “Mənim ölkəm Azərbaycan” turizm tanıtım filmi “Ölkə” nominasiyasında “Qızıl mükafat”a layiq görüldü.

Vəli Səyyadinin “Hapıtlar” filmi isə Türkiyədə gerçəkləşən V Türk Dünyası Sənədli Film Festivalında III yeri qazandı.

***

Bu il Bakıda III ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı koronavirus pandemiyası səbəbindən həm onlayn, həm də məhdud iştirakçı ilə canlı formatda reallaşdı. 11-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı isə bu dəfə onlayn formatda keçirildi.

Lalə AZƏRİ