31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. 1989-cu il dekabrın 31-də Azərbaycanın Naxçıvan Muxtar Respublikasında minlərlə insan SSRİ-İran sərhədini keçərək Cənubi Azərbaycandakı soydaşlarımıza qovuşub.

İki əsrə yaxın o taylı-bu taylı xalqımızın ayrılıq rəmzi sayılan xan Araz həmin gün həsrətlilərin vüsalına, soydaşlarımızın həmrəyliyinə məkan olub. Azərbaycan Ali Sovetinin 25 dekabr 1991-ci il tarixli qərarı ilə bu tarix Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi.

O vaxtdan təqvimimizin qırmızı səhifəsinə düşən bu günü artıq 30-cu dəfədir qeyd edirik. Həm də bu dəfə Vətən müharibəsində tarixi Zəfərin bəxş etdiyi xüsusi ovqatla... İllərdir ayağımız dəymədiyi Arazboyu torpaqlarımız artıq azaddır, əsrlərə yaddaş olan Xudafərin körpüsü üzərində bayrağımız dalğalanır...

Uzaq uşaqlıq yaddaşımda ilişən, Təbriz gözəli nənəmi hər dəfə deyərkən ağladan o bayatını da illər sonra bir də ayrı biçimdə, ayrı ovqatda eşidəndə dilim-dodağım əsdi. Əzəmətli xalqın müzəffər Ordusunun Zəfər paradında deyilən və milyonların himninə çevrilən o misralar yenidən dodaqlarda çiçəkləndi, gözlərdə işığa çevrildi...

Arazı ayırdılar,
Qum ilə doyurdular,
Mən səndən ayrılmazdım,
Zülm ilə ayırdılar...

Bayatılar həyatımızın canlı poetik salnaməsidir. O, bizi dünyaya göz açdığımız gündən mənəvi varlığını anladığımız uca məqamadək müşayiət edir, hisslərimizə yön verir. Layladan, ninnidən başlayan bu ulu ün ağuda, oxşamada da yol gedir, qırılmır, bitmir, tükənmir.

Bayatılarımız, bax beləcə, yaradıcısı olan xalqın ən ülvi, ən zərif hisslərinə bələnərək həyatımızın hər anında sadiq sirdaşımıza çevrilə bilir. Etibarımızı, sevgimizi, sədaqətimizi qazanır. Əvəzində də bizə boyatlaşmayan, daim təptəzə qalan bir ruh verir. O ruh ki, heç vaxt doğru bildiyi yoldan sapmır, təslim olmur, sadəcə, dözür, səbr edir və bir gün kükrəyərək azadəliyinə qovuşur. Araz kimi.  Axı, o da məcrasına sığmayanda bənd-bərələri dağıdır...

Bayatılarımızda Araz tematikası daim olub. Özü də həsrət, nisgil, ayrılıq obrazında. Xüsusən Cənubi Azərbaycan ədəbi nümunələrində, aşıq şeirlərində, el nəğmələrində Araza xitabən onlarla ağı, qarğış, giley, şikayət, müraciət, bəzən də yalvarış formalı müraciətlər olub.

Bu folklor nümunələri içərisində müəllifi (Əlirza Nabdil Oxtay) olmasına rəğmən aşıq, xalq şərqisi kimi dildən-dilə düşən şeir də var. Müəmmalı şəkildə Araz çayında boğulan, qısa ömrünə böyük işlər sığdıra bilən müəllim, tərcüməçi, nasir, publisist, İranda uşaq ədəbiyyatının banisi Səməd Behrəngiyə həsr olunan “Səməd könlümdədir”i deyirəm. Həsrət qanadlı bayatılara qoşulan bu şeirin də misraları xalqın vüsal arzularında hələ də pərvaz edir:

Araz, səndən kim keçdi,
Kim qərq oldu, kim keçdi,
Fələk, gəl sabit eylə,
Hansı günüm xoş keçdi!

Haraylar, ay haraylar,
Həm ulduzlar, həm aylar,
Dəryada bir gül bitib,
Susuzluqdan haraylar.

Səməd gəlir gülə-gülə,
Döşündə bax qızılgülə,
Hər əlində dörd kitab
Döndərir türkün dilə!

Məhz bu həzin və səmimi şeiri bayatılarında tez-tez yada salan, onu da dildən-dilə ötürən Araz nisgilli insanların həsrət çayına xitabları saysız-hesabsızdır.

Araz, Araz, xan Araz,
Dağlardan axan Araz.
Elimdən xəbər gətir,
Evimi yıxan Araz.

Sadə xalq dilində insan ruhunun ən dərin qatlarındakı sızıltını yalnız bu qədər zərif dillə ifadə etmək olardı.

Araz qalmaz axmaqdan,
Şimşək doymaz çaxmaqdan.
Gözlərimə qan damdı,
O taylara baxmaqdan.

Bu misralar gözündən axan duzlu yaşı yanağını dalayıb, dodağında cadarlanan nə qədər ürəyin sözüdür, bir bilsən…

Başqa bir nümunə ayrı bir əzab yüklü, ayrı bir nisgillidir ki, oxuduqca onu ərsəyə gətirən insanın hisslərini bu əzəmətdə ifa gücünə həsəd aparmaya bilmirsən:

Araza gəmi gəldi,
Mən dedim hami gəldi
Sən ağla, ay gözlərim,
Ayrılıq dəmi gəldi.

Yəqin parça-parça olan könüllərin, ruhu didərgin canların, ürəyindəki böyük arzuları Araza qərq olanların dilindən

Arazda axar qaldı,
Tərlan uçdu, sar qaldı.
Elimdən ayrı düşdüm,
Gözlərim baxar qaldı –

bayatısını da eşitmisiniz.

Araz çayına xitabən yazılan səssiz etiraz gücündəki misraların sırasındakı

Araz aşanda ağlar,
Kür qovuşanda ağlar.
Balalar anasından,
Ayrı düşəndə ağlar” –

bayatısı ayrı bir pərdədə dillənir. Adamın yadına həm torpaq ağrıları, həm də ona qurban gedən minlərin həsrəti düşür.

Xalq Araz çayına xitabən yazdığı bayatılarda təkcə həsrət, ayrılıq, nisgili, Vətən dərdini nəql etməyib. Həm də sevgili yar söz-sovlarını, etibarsız aşiq-məşuq gileylərini, pünhan eşqlərinə etiraflarını, ayrılıq yüklərini də onun sularına veriblər.

Belə maraqlı nümunələr içərisində xüsusilə məşhur olan iki bayatı var:

Arazda gəmim qaldı,
Biçmədim zəmim qaldı.
Arzun gözündə qalsın,
Necə ki, mənim qaldı.

Araz kimi bulannam,
Bağça kimi sulannam.
Əlim sənə çatınca,
Hər tərəfi dollannam.

Sevgi, həsrət, vüsal dilli bayatıların quş qanadlı misralarında maraqlı ismarışlar, fəlsəfi mənalar da yatır:

Keçmə, Araz dərindir,
İçmə, suyu sərindir.
Həsrət baxan bu ellər
Sənin də ellərindir.

Təbii ki, nəğmələrin, xüsusən şux şərqilərin də Araz  ünvanlıları var və çoxumuz heç fərqinə varmadan onların xoş sədalarında qol qaldırıb oynayırıq.  

Araz üstə, buz üstə,
Kabab yanar köz üstə,
Qoy məni öldürsünlər,
Bir alagöz qız üstə.

Sevgilisinə gileyini də Araza edən aşiqlərin bir-birinə ötürdüyü həzin misralar arasında həm o, həm də bu tayda daha çox deyilənləri də var:

Araz gəlir, lillənir,
Suyu gəlir, güllənir.
Yarı xəlvətdə görcək,
Mənim qəlbim dillənir.

Arazın qıraxları,
Dolu gələr arxları,
Şeh dəyən gülə bənzər,
Yarımın dodaxları...

Həmidə NİZAMİQIZI