Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanası və Antalya Azərbaycan Mədəniyyəti və Həmrəylik Dərnəyi tərəfindən  "Şəhidlər ölməz – Vətən bölünməz" layihəsi çərçivəsində "Şəhidlik uca zirvədir" adlı onlayn tədbir keçirilib.

Tədbirdə İkinci Qarabağ müharibəsi şəhidləri Məmmədağa Səfərov, Ağami Heybətov, Vüsal İsmayılov, Tural Xudiyev, Əliyev İbrahim və Vüsal Salamovun ailə üzvləri fikirlərini bölüşüblər.

Azərbaycan Yazıçılar Birliyi (AYB) Xəzər bölməsinin sədri, şair, tədqiqatçı Arif Buzovnalı, AYB üzvü, Prezident təqaüdçüsü, şairə Gülnar Səma çıxış ediblər.

Sonra söz şəhid Məmmədağa Səfərovun təhsil aldığı Türkiyə Balıkesir Universitetinin müəllimləri də onlayn görüşə qatılaraq şəhid haqqında ürək sözlərini çatdırıblar.

Şəhid Əfqan Əliyev adına 125 saylı tam orta məktəbin direktoru Zeynəb Əliyeva, məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülarə Salami şəhid şagirdləri ilə bağlı xatirələrini danışıblar.

Kitabxananın fəal üzvü Ələkbər İsgəndərli və Nizami adına Mədəniyyət Mərkəzinin bədii qiraət dərnəyinin üzvü Nəzrin Abdullayeva vətənpərvər hisslərini şeirlə ifadə ediblər.

Antalya Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyinin üzvləri hər zaman Azərbaycan xalqının yanında olduqlarını bildiriblər.

Sonda 125 saylı məktəbin 5-ci sinif şagirdi, Xəzər rayon MKS-nin 3 saylı filialının fəal oxucusu Nihat Əliyev ifasında səslənən "Azərbaycan" şeiri videokonfrans iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.