Əbülfəs Qarayev nikbin proqnozlar verdi
   
   Dünən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm günü münasibətilə mətbuat konfransı keçirdi. Turizm gününün artıq neçə illərdir ki, bütün dünyada qeyd edildiyini bildirən nazir dedi ki, hazırda dünya turizmi qlobal böhran yaşamaqdadır: «Lakin buna baxmayaraq, bu il də 27 sentyabrla bağlı bir sıra geniş tədbirlər reallaşdırıldı. Bu tədbirlər əsasən böhranla bağlı mövcud durumun təhlilinə və vəziyyətdən çıxış yollarına həsr edildi. Bütün çətinliklərə rəğmən, turizm industriyası bütün dünyada inkişaf edir. Bu səbəbdən də 2009-cu ilə planlaşdırılan bir beynəlxalq tədbir belə təxirə salınmayıb».
   Sonra nazir 2009-cu ilin ilk altı ayı ərzində Azərbaycanın turizm bazarında baş verən yeniliklərdən danışdı. Onun dediyinə görə, 2009-cu ilin əvvəlindən başlayandan bu günə qədər Azərbaycan 12 beynəlxalq sərgidə iştirak edib. Bu sərgilər Madrid, Vyana, Mərakeş, İstanbul, Berlin, Riqa, Pekin, Honkonq, Bəhreyn, Dubay, Tokio və Parisdə baş tutub. Sərgilərin əhəmiyyətindən danışan nazir bildirdi ki, bu, turizm bazarının və səyahətlərin coğrafiyasının genişləndirilməsinə imkan verir: «Bu baxımdan bu sərgilərdə iştirak etmək ölkəmiz üçün vacibdir. Biz istəyirik Avropa, Uzaq Şərq və körfəz ölkələri ilə turizm sahəsində əməkdaşlıq quraq.
   Eyni zamanda 2009-cu ildə Bakı şəhərində də beynəlxalq turizm sərgisi təşkil edildi. Burada 20 ölkənin 100 şirkəti öz məhsullarını təqdim edildi. Müqayisə ilə götürdükdə ötən illərə nisbətən bu il bizdə keçirilən sərgidə şirkətlərin sayında artım olub».
   Azərbaycanın turizm potensialını təbliğ etdirmək üçün reklamdan da geniş istifadə edilir. Bu barədə danışan nazir bildirdi ki, artıq iki ildir CNN və «Euronyus» kanallarında Azərbaycanın turizm potensialını əks etdirən reklam çarxları göstərilir: «Hazırda daha iki yeni çarx hazırlanır. Bundan əlavə, CNN-də «Bakı-İslam mədəniyyətinin paytaxtı» mövzusunda daha bir çarx da nümayiş etdirilir. Bütün bunların son nəticəsi isə ölkəmizə gələn turistlərin sayının artmasına təsir edir».
   Nazir daha sonra ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin və kütləvi informasiya vasitələrinin iştirakı ilə bir neçə ölkəyə keçirilən infoturlardan danışdı. Onun dediyinə görə, bu il 6 ölkəyə infotur reallaşdırılıb. Bunlar Mərakeş (2 dəfə), Küveyt, Misir, Yunanıstan və Almaniyadır. Bu yaxınlarda Fransaya da belə tur keçirilməsi ilə bağlı razılığa gəlinib.
   Müxtəlif nüfuzlu beynəlxalq təşkilatlarla da yaxından əməkdaşlıq etdiklərini bildirən nazir dedi ki, bunların sırasına Birləşmiş Millətlər Təşkilatının nəzdində fəaliyyət göstərən Ümumdünya Turizm Təşkilatı, İslam Konfransı Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və GUAM daxildir: «Bundan başqa, Azərbaycan BMT-nin Asiya və Sakit Okean regionu üzrə iqtisadi və sosial komissiyasının tərkibində fəaliyyət göstərən turizm üzrə xüsusi qurumların tərkibinə daxildir. Eyni zamanda Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, MDB-yə üzv ölkələrin turizm şurası və digər regional təşkilatlarla da əməkdaşlıq edirik».
   Nazir bildirdi ki, bu il Azərbaycan Turizm İnstitutunun ilk məzun buraxılışı olacaq. ATİ-nin 300 məzunundan 25 nəfəri ikili diplom alacaq. Nazirin sözlərinə görə, institutla Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasında aparılan razılaşma əsasında 25 nəfər həm ATİ-nin, həm də adıçəkilən universitetin diplomunu alacaq. Ə.Qarayev maraqlı bir açıqlamanı da mətbuat nümayəndələrinin diqqətinə çatdırdı: 300 məzundan 200 nəfərinin iş yeri artıq hazırdır. Bu ondan irəli gəlir ki, Azərbaycanın turizm bazarında ixtisaslı kadrlara ehtiyac böyükdür.
   Azərbaycanda turizm infrastrukturu da genişlənir. Əbülfəs Qarayevin sözlərinə görə, 2003-cü ildə Azərbaycanda cəmi iki turizm obyekti tikildiyi halda, 2009-cu ilin əvvəlindən bu günə qədər 20-yə yaxın mehmanxana istifadəyə verilib, 60 mehmanxana və mehmanxana tipli obyekt isə tikilməkdədir: «Ümumiyyətləsə bu gün Azərbaycanda 370 mehmanxana var ki, bunun da 79-u Bakının payına düşür. 270 mehmanxana və 227 turizm şirkəti lisenziya əsasında fəaliyyət göstərir. Bu mehmanxanalarda 28 min 286 yer var ki bunun 8 mindən çoxu Bakıdadır».
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar