Regionlardakı bəzi mehmanxanaların fəaliyyəti qeyri-qənaətbəxşdir. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dünən keçirdiyi mətbuat konfransında bildirdi. Onun dediyinə görə, bir neçə ay əvvəl edilən xəbərdarlıqdan sonra 25 mehmanxana nazirliyə müraciət edərək lisenziya alıb. Nazirliyin mütəxəssisləri lisenziya alan bəzi mehmanxanalarda apardıqları monitorinq zamanı bir çox nöqsanlarla qarşılaşıblar. Monitorinq komissiyasının verdiyi arayışdan məlum olub ki, Şəki şəhərində yerləşən «Narinqala» istirahət mərkəzi, Qəbələdə «Çənlibel» və «Sahil», Lerikdə «Çənlibel», «Təbəssüm», «Meşəbəyi», «Ağgöl», «Altun», «Paraqay», «Xəyal» istirahət mərkəzlərinin, Lənkəranda «Bəşərül», «Qızıltac», «Dalğa» mehmanxanalarının, Xaçmaz və Masallıda bir neçə obyekt istisna olmaqla, yerdə qalan heç bir turizm obyektinin mətbəxlərində sanitar-gigiyena qaydalarına əməl olunmur: «Şəkidəki «Marxal» istirahət mərkəzində otaqlar heç bir standartlara cavab vermir və turistlərin burada qalması məsləhət deyil. Quba rayonunda fəaliyyət göstərən «Avan» və «Panda» istirahət mərkəzlərində qonaqların yerləşdirilməsi üçün heç bir münasib şərait yaradılmayıb». Nazir bildirdi ki, «Avan» istirahət mərkəzində ümumiyyətlə qonaqlara qarşı etik davranış qaydalarına belə əməl olunmur.
   Mehmanxana və mehmanxana tipli obyekt kimi fəaliyyət üçün lisenziya almayan obyektlərdən Qəbələdə «Ay işığı», Lənkəranda «Mamustar», «Xanbulaq», Masallıda «Ekzotika», «Qartal», «Sakit guşə», «Sim-sim», «Rasim», «Şahin», «Türkan» və «Turan» istirahət mərkəzlərinin fəaliyyəti qanunvericiliyin nəzərdə tutduğu qaydada dayandırılıb. Qubada «Asma körpü», «Sahil», «Qəçrəş» və «Minarə», Lerikdə isə «İstanbul» istirahət mərkəzləri mehmanxana fəaliyyətini dayandıraraq yalnız restoran kimi xidmət göstərəcəklər. Bütün bunların bir monitorinqin nəticəsi olduğunu bildirən nazir monitorinqlərin davamlı olacağını vurğuladı: «Çünki turistin getdiyi ölkə haqqında təsəvvürü məhz qaldığı mehmanxanada gördüyü münasibətdən formalaşır. Baxmayaraq ki, lisenziya 5 illik verilir, hər il mehmanxanalarda belə monitorinqlər keçiriləcək. Növbəti ildən isə lisenziya verilməsi qaydaları ciddiləşdiriləcək. Əsasən burada işləyən insanların hazırlığı, Azərbaycan haqqında məlumatlara nə dərəcədə malik olmaları nəzərə alınacaq. Hər bir hoteldə mütləq bir neçə nəfər ixtisaslı kadr olmalıdır. Əgər belə olmasa, onların fəaliyyətləri məhdudlaşdırılacaq».
   
   Fəxriyyə Abdullayeva