Gənclər və İdman Nazirliyinin 14-29 yaşlı gənc rəssamlar arasında keçirdiyi rəsm müsabiqələrinin qalibləri məlum olub.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, “Azərbaycanın qəhrəmanlıq salnaməsi gənclərin gözü ilə” və “COVID-19 pandemiyasi ilə bağlı gənclərin rəsm müsabiqəsi”  dekabrın 7-dən 25-dək davam edib.

Hər iki müsabiqələrə ümumilikdə 700-dən çox rəsm təqdim edilib. İşlər Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev tərəfindən qiymətləndirilib.

“Azərbaycanın tarixi qəhrəmanları gənclərin gözü ilə” adlı müsabiqədə birinci yeri Zeynəb Yaqubova, ikinci yeri Babək Abdullayev, üçüncü yeri isə Aynur Yadigarlı tutublar.

“COVID-19 pandemiyasi ilə bağlı gənclərin rəsm müsabiqəsi” mövzusunda müsabiqədə birinci, ikinci və üçüncü yerlərə müvafiq olaraq Əsmər Heybətova, Lalə Hüseynova və Rüfət Abbaszadə layiq görülüblər.

Qaliblər pul mükafatları və nazirliyin diplomları ilə təltif olunacaq. Digər maraqlı işlərin müəlliflərinə də Gənclər və İdman Nazirliyi tərəfindən diplomlar təqdim olunacaq. Eyni zamanda, seçilmiş işlərin kataloqu və posterləri hazırlanaraq yayımlanacaq.

Qeyd edək ki, müsabiqələr “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın 5.2.3-cü bəndinə (gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlər həyata keçirmək) və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.2.1-ci bəndinə (gənclərin sağlam həyat tərzi ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi, biliklərinin artırılması və davranışlarının təkmilləşdirilməsi) əsasən təşkil olunub.