Beynəlxalq Muğam Mərkəzində “Klassik musiqi axşamı” adlı konsert keçirilib.
Mayın 9-da reallaşan konsertdə İzmir Opera və Balet Teatrı Simfonik Orkestrinin konsertmeysteri, violin ifaçısı Rövşən Müzəffərov və Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, pianoçu Arzu Səfərova çıxış ediblər.
Azərbaycan bəstəkarlarının əsərlərinə müraciət olunduğu konsert proqramı alqışlarla qarşılanıb.
Qeyd edək ki, Rövşən Müzəffərov 1968-ci ildə Bakıda tanınmış tarzən Elxan Müzəffərovun ailəsində dünyaya gəlib. 4 yaşından skripka alətinə maraq göstərib. 7 illik musiqi təhsilini başa vurduqdan sonra Asəf Zeynallı adına Musiqi Texnikumuna (T.Manafzadənin sinfi) daxil olur. 1982–1987-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA), 1992–1994-cü illərdə Xalq artisti, professor, məşhur skripkaçı Sərvər Qəniyevin sinfində təhsil alır. Rövşən Müzəffərov 1993-cü ildən İzmir Opera və Balet Teatrında konsertmeyster kimi fəaliyyət göstərir. Bu müddət ərzində həm solist, həm də orkestr artisti kimi neçə-neçə qastrol səfərlərində olub. Fransa, İngiltərə, Almaniya, Yaponiya, Hollandiya, Şimali Kipr Türk Cümhuriyyəti və s. ölkələrdə keçirilən festivallarda iştirak edib.