Sentyabrın 27-də Şəki rayonunun Daşüz kəndində yerləşən Atçılıq Turizm Mərkəzində Beynəlxalq Turizm Gününə həsr olunmuş uzun məsafəli atüstü turist yürüşü keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yürüşdə 10 atlı 50 kilometr məsafəni daha tez qət etmək uğrunda mübarizə aparıb.
Yürüşün qaydalarına əsasən ilk 25 kilometr məsafədən sonra atlara baxış olub, onlar baytar müayinəsindən keçiriliblər. Müayinədən uğurla çıxan atlar növbəti mərhələyə buraxılıblar. Yekun nəticəyə görə, 50 kilometrlik məsafəni “Minaret” ləqəbli atla 2 saat 30 dəqiqəyə qət edən Xəyal Şəhmirov yürüşün qalibi adını qazanıb. İkinci yeri tutan Təbriz İsakov bu məsafəni “Bazalt” ləqəbli atla 2 saat 41 dəqiqəyə qət edib. Üçüncü yeri isə “Leysan” ləqəbli atla 2 saat 53 dəqiqə nəticə göstərən Xəyal Şirinov tutub. Hər üç qalib Respublika Atçılıq Turizm Mərkəzinin nümayəndələridir. Yürüşün sonunda qaliblərə Mədəniyyət və Turizm Nazirliyinin diplom və pul mükafatları təqdim edilib.
Atçılıq Turizm Mərkəzinin direktoru Rafiq Ramazanov mətbuata açıqlamasında bildirib ki, dekabrda mərkəzdə daha bir mötəbər tədbir- Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışlar keçiriləcək.