Mədəniyyət Nazirliyinin “Xristian irsimizi tanıyaq” layihəsi davam edir. Layihə çərçivəsində Azərbaycan ərazisində xristian dininə aid olan və dövlət tərəfindən qorunan məbədlər, kilsələr və ibadətgahlar haqqında qısa videoçarxlar təqdim olunur.
Növbəti təqdimat Bakıdakı müqəddəs Jen-Mironosits (“Mirodaşıyan qadınlar”) pravoslav kilsəsinə həsr olunub. Videoçarxda dini məbədlə bağlı məlumat diqqətə çatdırılır.
Bildirilir ki, kilsə 1909-cu ildə memar M.F.Verjbitskinin layihəsi əsasında rus kilsə arxitekturası üslubunda, məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin şəxsi maddi yardımı və ianələr hesabına inşa edilib.
Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksi 2001-ci il mayın 27-də Azərbaycana səfəri zamanı bu məbədi müqəddəs elan edib və ona baş kafedral kilsə statusu verib. Ulu öndər Heydər Əliyev, hökumət üzvləri, diplomatik korpusun nümayəndələri və dini icmaların rəhbərləri mərasimdə iştirak etmişdilər.
Qeyd edək ki, xristian ədəbiyyatına görə, “Mirodaşıyan qadınlar” – İsa Məsihin ölümündən (çarmıxa çəkilməsindən) sonra onun tabutuna miro (xristian ayinlərində istifadə olunan xüsusi rayihəli yağ) gətirərkən İsa Məsihin dirilməsinin (dirilib göylərə çəkilməsinin) ilk şahidi (Mariya Maqdalina və başqaları) olublar. “Mirodaşıyan qadınlar” xristianlıqda müqəddəs sayılırlar və onların şərəfinə müxtəlif yerlərdə kilsələr var.