40 - 30 = 3:3

Bu həll formasını riyaziyyatçıların gözündən iraq yazmışam. Bir də ki, söz olan yerdə hesab-kitab bizi yola verər. Axı, hesab hələ həm də bərabərdir: 3-ün 3-ə.

Bu tapmacanın açmasına gəlincə deyim ki, 40 bəndeyi-fəqirinizin yaşıdır. İndi deyəcəksiniz ki, 40 təhlükəli yubiley rəqəmidir və onu səsə salma. Üzüqara pandemiya, üstəlik də siz deyən o mətləblərə görə 40-ın üzərindən sükutla keçdim. Həm də bu boyda əlamətdar yubiley – “Mədəniyyət” qəzetinin nəşrə başlamasının 30-cu ildönümü qala-qala nə “yubiley” söhbəti edirsən, ay müxbir?!

Mən də az bilmirəm ki, öz yubiley giley-güzarımı da ərkəsöyünlük edib qəzetimizin ad günündə əridirəm. Həm onun ad günü elə, sözün tam mənasında, mənim söz ilə, yazı ilə, əngin və zəngin mədəniyyət ilə görüş-yaranışım deyilmi?

Axı, o, redaksiyaların qapılarında dayanıb utana-utana məqalə dediyi cızma-qaraları redaktorlara oxudan, qalın eynəklərin altından çatılan qaşlardan az qala həyatı asılı qalan, qonorar nədir, adi “yaxşıdır, qalsın, dərc edərik” cavabından sona uçmağa qanad axtaran tələbə mədəniyyət, teatr yazarı oldu.

Günlərin bir günü diplomumu da sinəmə sıxıb “Azərbaycan” nəşriyyatının pilləkənləri ilə qalxdım. İddialı idim: rəsmi qəzetlərdən birində çalışmalıyam. Yolumu böyük rəsmi qəzetdən saldım. Dəli gənclikdi. Baş redaktorun qapısını döydüm və salamdan sonra “Bu qəzetdə işləmək istəyirəm” dedim. Baş redaktor gülümsündü və əvvəl məni kimin göndərdiyini soruşdu, heç kimin göndərmədiyini eşidincə  hələ gənc olduğumu, təcrübə gərəkdiyini dedi...

Siyahımdakı üçüncü redaksiyanın qapısını axtardım. 2-ci mərtəbənin ən sonundakı qapıya “Mədəniyyət” qəzeti” yazılmışdı. Bayaqkı baş redaktorun dediklərindən tutulmuşdum. İçəridən gələn uca kişi səsi mən lap qorxutdu. Özümə toxtaqlıq verib içəri keçdim.

Baş redaktor Nemət Veysəlli birbaşa nə istədiyimi soruşdu. Pərdələri açıq pəncərədən şığıyan günəş gözümü qamaşdırırdı. Buradan da “yox” cavabı alacağımı düşünürdüm. Ürəyimdə “burada da məni kimin göndərdiyi-filan soruşulsa, bütün hirsimi tökəcəm” deyib əli tətikdə olan əsgər kimi dayanmışam. Nemət müəllim arif adam idi. Üzümə baxıb, gülə-gülə “Bala, səni gün belə qaraldıb, yoxsa elə anan belə dünyaya gətirib” dedi. Elə bil başımda ildırım çaxdı.

Cavabı gözləmədən masanın üzərindəki iki əlyazma vərəqi mənə uzadıb dedi: “Bala, bunu kompüterdə yığ, rayondan gəlib, özün də redaktə elə. Məqalə halına sal. Bacarmasan, kağızı elə orada qoyub gedərsən”.

Yazını təhvil verdim və elə o vaxtdan bu qəzetin yazarı oldum. Artıq 17 ildir. Jurnalistika üçün bir yerdə işləmək sarıdan elə də kiçik rəqəm deyil. Bizim peşəmiz daim hərəkətdə olmağı, məkanı, mühiti dəyişməyi sevsə də, mən illərdir ki, bu ocağa çevrilən evimdən, iş yerimdən qopa bilmirəm.

Düzdü, o vaxtdan redaksiyamız bir neçə məkan dəyişdi, içi mən qarışıq bir neçə əməkdaş da böyüdü, bir az da yaşlandı, amma ondan qopa bilmədi. Uğurlu və uğursuz, kövrək və komik – saysız xatirələrim var.

Əziz və doğma evim, sən daim belə sadə, gözəl, isti və sevgi dolu yaşlan. Bizlər getsək də, sən olduğun kimi qal. Günü-gündən böyü, şaxələn, oxun, oxunaqlı ol. Mədəniyyətimizə beləcə, qucaq aç. Sənin hər sayını gözləyən şəhərin mərkəzi küçəsindəki bəstəkarın da, ucqar dağ kəndindəki zəhmətkeşin də dilində danış.

Sənə ürək sözüm, xatirə yüküm, əslində, çox ağırdır. Qalanını növbəti yubileyə saxlayaq. Yox, səni demirəm, elə uzun müddət nə səni, nə də oxucularını yormaram. Bəlkə yenə mənim kimi dəhlizdə dayanıb bu qəzetin əməkdaşı olmaq istəyən qarayanız kənd qızları, oğlanları var. Ömür vəfa edərsə, elə onda da səndən olacaq əsas söz-sovum. O vaxta qədər hesabımız hələ ki, bərabərdir...

HƏMİDƏ