Alqış gəlişinə, ey “Mədəniyyət”!
2021-ci ilin qədəmləri bizim üçün – “Mədəniyyət” qəzetinin kollektivi üçün xüsusilə əlamətdar oldu. Yanvarın 2-də qəzetimiz 30 yaşını tamamladı. Müstəqilliyimizlə yaşıd olan “Mədəniyyət” bu illər ərzində mədəni həyatımızın güzgüsü missiyasını yerinə yetirib.
Milli mətbuatımızın qaranquşu sayılan “Əkinçi”nin ideyalarına sadiq qalıb, müstəqillik dövrü mədəni inkişafımızın 30 illik salnaməsini yarada bilib.
Qəzetin ilk nömrəsini vərəqləyərkən nəşrin fəaliyyətə başlamasının böyük bir mədəni hadisəyə çevrildiyinin şahidi oluruq. Həmin dövrdə respublikanın mədəniyyət naziri olan Xalq artisti Polad Bülbüloğlunun təbrik məktubunda deyilirdi: “Uzun illərin həsrətindən sonra övlad tapan ata hissi keçirirəm. “Mədəniyyət” qəzetinin işıq üzü görməsini ömrümün ən unudulmaz səhifəsi hesab edirəm”.
Qəzetin ilk sayını alqışlayanlar arasında qardaş Türkiyənin mədəniyyət naziri Namiq Kamal Zeybək də vardı. O, təbrikində Azərbaycanı türk mədəniyyətinin ən böyük qaynağı kimi dəyərləndirir və vurğulayırdı ki, millətimizin dünya üzərindəki varlığının səbəbi dərin köklərə malik mədəniyyətimizin olmasıdır.
“Mədəniyyət”in zühuruna görkəmli elm və mədəniyyət xadimlərimiz də sevinmiş, xeyir-dua vermişdilər. SSRİ Xalq artisti, unudulmaz müğənni, bəstəkar Müslüm Maqomayev qəzetin yaranışını milli mədəni irsimizin tanıdılması baxımından əhəmiyyətli addım hesab edirdi. Sənətkar Azərbaycan xalqının ədəbiyyat və musiqisinin mükəmməlliyini, əbədiliyini səhifələrində yaşadacaq nəşrə uğurlar arzulayırdı.
SSRİ Xalq artisti, görkəmli bəstəkar Arif Məlikov təbrikində Azərbaycan musiqi mədəniyyətinin çoxəsrlik, zəngin tarixi olduğunu vurğulayır və yeni yaradılan qəzetə musiqi tariximizi xalqımıza çatdırmağı, professional musiqimizi təbliğ etməyi, dövrün tələblərinə uyğun yazılar dərc etməyi arzulayırdı: “İnanıram ki, bu nəcib və gözəl işdə “Mədəniyyət”in öz səsi olacaq”. Bu gün qəzetimiz mərhum bəstəkarın arzularını reallaşdırmağa, demək olar ki, nail olub. Mədəniyyətimizin hər bir uğuru çoxminli oxucularımıza çatdırılır.
Qəzetin ilk sayında həmçinin SSRİ Xalq artisti Fərhad Bədəlbəyli, görkəmli alim (bu gün Xalq yazıçısı, akademik) Kamal Abdulla, kino xadimi (bu gün Xalq artisti) Ramiz Fətəliyev, şair Hikmət Ziya və digər tanınmış insanların təbrik sözləri yer almışdı.
Əgər sahib olsan mədəniyyətə,
Səni qovuşdurar əbədiyyətə.
Bu misralar qəzetin ilk baş redaktoru, unudulmaz şair, publisist Şahmar Əkbərzadənin birinci say üçün yazdığı “Üç şey ölməz edir milləti: qeyrəti, qüdrəti, mədəniyyəti” başlıqlı yazısında yer almışdı. Şahmar müəllim yazıda mədəniyyəti “əbədiyyət bayrağı”, “səcdəgah” kimi səciyyələndirirdi. “Mədəniyyət qüdrətli anlamdır” deyən publisist “insanlığı yaşadan da, ucaldan da mədəniyyətdir” tezisini irəli sürürdü. Qeyd edirdi ki, Füzulinin poeziyası, Üzeyir bəyin melodiyaları, Şekspirin dramları, Tac Mahal və neçə-neçə digər sənət əsərləri irqindən, dinindən, dilindən asılı olmayaraq insanlıq bayrağı altında ölümsüzlüyə doğru addımlayır. Mədəniyyət ölməzlik vəsiqəsidir ona görə ki, elə xalq var ki, Yer üzündən silinib. Lakin mədəniyyəti bu gün də ömrümüzə, düşüncəmizə çıraq tutur. Şeyx Nizami türbəsi kimi, “Dədə Qorqud” dastanı kimi, “Şeyx Səfi” xalısı kimi, Koroğlu qılıncı, Vətən torpağı kimi...
Baş redaktor 70 il müddətində minillik mədəniyyətimizin işıqlandırılmasına kölgə salınması hallarını ürəkağrısı ilə vurğulayır və nəhayət, bu yuxunun çin olduğunu qeyd edir: “Mədəniyyət”in qayəsi, arzusu dünənimizin, bu günümüzün, sabahımızın ədəb-ərkan yolunu güzgüləməkdir. Bu murada yetmək üçün yalnız və yalnız oxuculara arxalanırıq”.
Qəzetimizin ilk sayında filologiya elmləri doktoru mərhum Şamil Cəmşidin “Heyif sənə, Əmin Abid” yazısı dərc edilib. Məqalə milli ədəbiyyatşünaslığımızın ilk yaradıcılarından biri, repressiya tufanında ulduzu sönən böyük alim Əmin Abidin (Gültəkin) həyat və fəaliyyətindən bəhs edir.
Respublikamızda üçüncü dəfə təşkil edilən Qara Qarayev adına XX əsr musiqi festivalının qonaqları, İngiltərədən olan musiqiçilər Françesko Xox və Sinan Savaşkanla müsahibə də qəzetin ilk sayında yer alıb. Əməkdar incəsənət xadimi, dramaturq Firuz Mustafanın “Mədəniyyət”in ilk nömrəsində mədəniyyət anlamının fəlsəfi tərəflərini əks etdirən “Beş-on kəlmə” başlıqlı məqaləsi də dərc olunub...
30 il o qədər də uzun bir zaman deyil. Amma mətbu işlə əlaqəsi olanlar yaxşı bilirlər ki, qəzetçilik heç vaxt asan sayılmayıb. Xüsusilə də Azərbaycan kimi mədəni zənginliklər diyarında bu sahədən yazıb-pozasan.
Bu gün dövlətimiz mədəniyyət sahəsinin inkişafını daim diqqətdə saxlayır, qədim mədəni mirasımızın ölkəmizdə və xaricdə təbliğinə davamlı dəstək göstərir. Mədəniyyət Nazirliyinin mətbu orqanı olan “Mədəniyyət” qəzeti dövlətin bu sahədəki siyasətini yaxından izləyir, müxtəlif layihələrlə oxucuların görüşünə gəlir. İnanırıq ki, qəzetimiz bundan sonra da mədəni inkişafımızın aynası olmaq missiyasını layiqincə davam etdirəcək.
Bizim yazan əlimiz, sizin oxuyan gözünüz yorulmasın...
Lalə AZƏRİ