2020-ci ildə ölkə başçısının sərəncamı ilə yaradılmış “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun (Siyəzən rayonunun Qalaşıxı kəndi) sərhəd və mühafizə zonasının müəyyən olunması, qoruq ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin tədqiq olunması üçün Dövlət Turizm Agentliyi ilə Arxeologiya və Etnoqrafiya İnstitutu arasında bağlanmış müqaviləyə əsasən aparılan ilkin arxeoloji kəşfiyyat və tədqiqat işlərində bir sıra nəticələr əldə edilib.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Sevinc Hüseynovanın rəhbərlik etdiyi “Beşbarmaq” arxeoloji ekspedisiyasının apardığı tədqiqatlar nəticəsində Beşbarmaq qala tikililərinin və mənbələrdə adıçəkilən dörd qala bürcündən ikisinin yeri tapılaraq müəyyən olunub, Narınqalanın daxilindəki tikililərin ikisi açılaraq yeri və təyinatı haqqında bəzi elmi nəticələr əldə edilib.
Narınqalanın daxilindəki dördkünc planda olan tikililər sal qaya parçaları ilə hörülüb. 3x4 m ölçülərində olan tikililərin alt hissəsində, 4 qatdan sonra antiseysmik tədbir kimi divarın perimetri boyu seysmik qurşaq adlandırılan kətillər, taxta materialdan tirlər düzülüb. Otağın şərq divarında oval formada kürsü qurulub. Kürsünün içərisi istinin təsirindən qızarıb və hisdən qaralıb. Otaqlardan XIV-XV əsrlərə aid keramika qalıqları aşkar olunub. Tikililərdən aşağı təbəqədə divar qalıqlarının aşkar edilməsi qalanın daha erkən dövrlərə aid olduğunu söyləməyə əsas verir. Orta əsrlərə aid mənbələrdə təsvir edilən 4 qala bürcündən biri və bürcə bitişik qala divarının bir hissəsi qazılaraq tədqiq olunub. 8 metr diametrində olan iri daşlardan qurulmuş Narınqala bürcü və qala divarlarının qalıqları burada qala şəhərin mövcudluğundan xəbər verir.
Qalanın cənub şərqində dağılmış tikililərin qalıqları olan sahədə də tədqiqatlar aparılıb. Buradakı qalıqların XIX-XX əsrin əvvəllərinə aid yaşayış evlərinin dağıntıları olduğu müəyyən edilib. Maraqlısı odur ki, evlərin tikintisi zamanı daha qədim dövrlərə aid sənduqələrdən tikinti materialı kimi istifadə edilib. Yaşayış evlərinin divarlarında sənduqələrdən tikinti materialı kimi geniş şəkildə istifadə olunmasına ilk dəfə rast gəlinir. Sənduqələrin üzəri həndəsi və nəbati ornamentlərlə bəzədilib. Bəzi naxışların sonu altıguşəli ulduzla yekunlaşır.
Paralel divarlarda aparılan kəşfiyyat işləri onlardan birinin istiqamətini müəyyən etməyə imkan verib. Bu divar Qalaşıxı kəndindən başlayaraq dənizə qədər uzanır. Səddin şimalında iki yerdə bürc və ya müşahidə qülləsinin qalıqları aşkar edilib. Tədqiqatların sonunda abidənin xüsusiyyətləri, arxeoturizm perspektivləri haqqında təkliflər hazırlanaraq Dövlət Turizm Agentliyinə təqdim olunub.