İtaliya mətbuatı Şuşadan yazır

İtaliyanın “KmetroO”, “Sardegnagol”, “Politicamente Corretto”, “Agenzia Nova” kimi mətbuat orqanlarında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Şuşa şəhərinin ölkəmizin mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı məqalələr dərc olunub.

Yazılarda Prezident İlham Əliyevin Şuşanın mədəniyyət paytaxtı olması ilə bağlı fikirlərinə yer verilib.

Həmçinin yazılarda qeyd olunub ki, Azərbaycan Prezidentinin göstərişi ilə Şuşada Vaqif poeziya günləri və “Xarı bülbül” festivalı bərpa ediləcək. Vurğulanıb ki, xarici qonaqların Şuşaya rahat səfər etmələri üçün şəhərə yaxın məsafədə yerləşən Füzulidə beynəlxalq hava limanı tikiləcək.

Məqalələrdə Şuşa şəhərinin Azərbaycan xalqı üçün böyük mənəvi dəyəri və əhəmiyyəti olduğu bildirilib. Qeyd edilib ki, Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir.

Görkəmli şairlər Molla Pənah Vaqif, Xurşudbanu Natəvan, ustad xanəndə Xan Şuşinski və digər ədəbiyyat və mədəniyyət xadimləri Şuşada yaşayıb-yaradıblar. Şuşa həmçinin “Qafqazın konservatoriyası” hesab edilir.