Prezident İlham Əliyevin ədəbiyyatımızın görkəmli nümayəndəsi Nizami Gəncəvi irsinə göstərdiyi böyük diqqət və qayğı xalqımızın mədəni həyatında çox əlamətdar və təqdirəlayiq hadisədir. Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan ənənənin davamıdır.
Bu fikirləri Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı söyləyib.
M.Qasımlı daha sonra deyib: “Nizami Gəncəvi Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dahi şəxsiyyətlərdən biridir. O, dünya ədəbiyyatında humanist və mütəfəkkir şair kimi şöhrət qazanmışdır. Onun əsərləri doqquz yüz ilə yaxındır ki, bədii söz xəzinəsinin incisi kimi bütün dünyanı dolaşır. Şairin qanadlı misraları klassik poeziyanın ən gözəl nümunələri kimi günümüzlə də səsləşir və ona görə onu bizim mənəvi müasirimiz də hesab edə bilərik. Nizami yaradıcılığı dərindən tədqiq olunduqca, bütün dolğunluğu ilə öyrənildikcə, daha böyük tərbiyəvi əhəmiyyət kəsb edir. Əsərlərində ümumbəşəri fikirləri yüksək poetik məharətlə ifadə edən mütəfəkkir şair Azərbaycan ədəbiyyatının nadir simalarından biridir. Məhz bu nöqteyi-nəzərdən çıxış edən Prezident İlham Əliyev dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinin ölkəmizdə daha yüksək səviyyədə qeyd olunması məqsədilə 2021-ci ili “Nizami Gəncəvi İli” elan etdi. Şairin oxucunu həyata, insanlığa qarşı məhəbbət ruhunda tərbiyələndirən ölməz əsərləri bu gün də gözəllikləri, ülviyyəti dərk etməyə çağırır, ağılın qüdrətinə, haqqın, xeyirin qələbəsinə inam hissləri oyadır. İnanıram ki, “Nizami Gəncəvi İli” böyük söz sərrafının yaradıcılığının daha geniş tədqiqinə, daha dərindən öyrənilməsinə və onun bənzərsiz poeziyasının dünyada geniş təbliği işinə növbəti bir töhfə olacaqdır”.
Azərbaycan Aşıqlar Birliyinin sədri bildirib ki, “Nizami Gəncəvi İli” ilə bağlı rəhbərlik etdiyi qurumda da tədbirlər planı hazırlanır: “Bilirsiniz ki, “Leyli və Məcnun” “Xəmsə”nin üçüncü poemasıdır. Nizami Gəncəvi bu qədim məhəbbət əfsanəsinə ustad qələmilə bəzək vurmuş, onu bədii yüksəkliyə qaldırmışdır. Azərbaycan Aşıqlar Birliyi də Mədəniyyət Nazirliyinin dəstəyi ilə cari ilin yazında teatrlardan birində poema əsasında dastan-tamaşaya səhnə həyatı verməyi nəzərdə tutub”.