Dünya şöhrətli Azərbaycan əsilli fransız fotoqraf Rza Diqqəti Fransanın ARTE telekanalının qonağı olub. O, verilişdə Qarabağın işğal altında olmuş torpaqlarında ermənilərin törətdikləri vəhşiliklər barədə məlumat verib, həmin ərazilərdə çəkdiyi dağıntı şəkillərini nümayiş etdirib.
Verilişin aparıcısının təxribatçı mövqeyini cavabsız qoymayan fotoqraf Fransa mediasının qərəzliliyini, bitərəfliyini qeyd edib. Deyib ki, Fransanın 80 jurnalist və fotoqrafı Ermənistana gedib bu münaqişəyə erməni mövqeyindən münasibət bildirir, Azərbaycana isə belə bir diqqət göstərilmir. Rza Diqqəti həmçinin Fransanın aparıcı media qurumlarına bu münaqişəni işıqlandırmaqla bağlı müraciətlərinin cavabsız qaldığını da deyib: “Münaqişə tərəflərindən biri media tərəfindən tamamilə “unudulub”. Buna mən şahidəm. Hər hansı bir münaqişə zonasına getməzdən əvvəl Fransanın böyük media qurumları ilə əlaqə saxlayır və onlara bildirirəm ki, münaqişə bölgəsinə gedirəm. Onlar mənimlə əməkdaşlıq edirlər. Ancaq Qarabağ münaqişəsi ilə bağlı böyük media qurumlarına zəng edib deyəndə ki, münaqişə zonasına gedirəm, heç bir media orqanı mənimlə əməkdaşlıq etmək istəmədi. Yəni mənə bu imkanı yaratmadılar. Halbuki Fransanın bütün media qurumları jurnalistlərini Ermənistana göndərmişdilər”.
Rza Diqqəti bu münaqişəni 1992-ci ildən, yəni Birinci Qarabağ müharibəsi dövründən işıqlandırdığını bildirib. O, münaqişədə iki əsas məsələyə diqqət yetirdiyini qeyd edib: “Birincisi, mülki insanların iztirabını lentə alıram. Son 40 ildə bütün müharibələri çəkmişəm. Müharibə zamanı qadınlar və uşaqlar daha çox iztiraba məruz qalırlar. Onlar müharibənin əsl qurbanlarıdır. Qarabağ müharibəsi zamanı da bombardman edilən, Cenevrə Konvensiyaları ilə istifadəsi qadağan edilmiş bombaların qurbanı olan azərbaycanlı mülki əhali idi. İkinci məqam isə azad olunmuş ərazilərdir. Azərbaycanda bu sahədə iki ay yarım çalışdım. Kəndlər və şəhərlər tamamilə dağıdılıb. Digər müharibələr zamanı belə mənzərəni görməmişəm”.
Fotoqraf Ağdam şəhərinin dağıntılarını ekranda göstərərək deyib: “Dağıdılmış şəhərlərdən biridir. İndi ekranda gördüyümüz bu şəhər “Qafqazın Xirosiması” adlandırılır. Təsəvvür edin, bu şəhər müharibə zamanı və ya bombardmanla dağıdılmayıb. Bu dağıntı sistemli şəkildə törədilib: kəndlər, evlər, hər şey sistemli və məqsədli şəkildə dağıdılıb...”.