Tarix Muzeyində “Elmi macəralar saatı”

Milli Azərbaycan Tarixi Muzeyində “Elmi macəralar saatı” adlı yeni layihəyə start verilib. Layihənin məqsədi uşaq və yeniyetmələrin asudə vaxtının səmərəli təşkilində muzeylərin fəaliyyətinin, təcrübəsinin önəmini göstərmək, onları tədqiqat işinə, axtarışlara yönəltməkdir.

Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Qənirə Qafarlının müəllifliyi ilə layihə çərçivəsində ilk görüş Qarabağın qədim dövr tarixinə, maddi və mədəni irsinə həsr edilib.

Onlayn tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri Fəridə Şəmsi vurğulayıb ki, Qarabağ bölgəsində zəngin mədəni və arxeoloji irs mövcuddur. Tarix Muzeyində Qarabağa aid çoxlu eksponatlar qorunur, onların bir hissəsi muzeyin ekspozisiyasında nümayiş olunur.

Muzeyin Arxeologiya elmi-fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadənin təqdimatında “Qarabağın qədim dövr maddi və mədəni irsi muzey arxeologiyası müstəvisində (Milli Azərbaycan Tarixi Muzeyinin nümunəsində)” adlı slayd-mühazirə nümayiş olunub. Mühazirədə Azərbaycanın Daş dövrü abidələrindən olan Azıx və Tağlar, erkən əkinçi-maldar tayfalara məxsus İsmayılbəytəpə abidələrində aparılmış tədqiqatlara nəzər salınıb.

Zəngilan rayonu 29 saylı tam orta məktəbin tarix müəllimi Günay İbrahimova, Füzuli rayonu 1 saylı tam orta məktəbin tarix müəllimi Aytən Alıyeva, İsmayıllı rayon Qalınçaq kənd tam orta məktəbin tarix müəllimi Orxan Əhmədov çıxış edərək layihəyə görə təşəkkürlərini bildiriblər.

Görüşə respublikanın müxtəlif rayonlarındakı məktəblərin tarix müəllimləri şagirdləri ilə birgə qatılıblar.