İçərişəhərdə çəkilən filmlərin qəhrəmanları “maskalı həyat”da
İçərişəhərdəki Kiçik Qala küçəsi 58 ünvanındakı binanın fasadında “Art on the Wall” (“Divarda incəsənət”) rəqəmsal layihəsi çərçivəsində maraqlı sərgi – pankartlar nümayiş olunur.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, layihə çərçivəsində ilk olaraq Orxan Hüseynovun təqdim etdiyi əsərlər sərgilənir. Divarda incəsənət nümunələri İçərişəhərdə lentə alınan məşhur klassik Azərbaycan filmlərinə ehtiram olaraq ərsəyə gəlib.
Yerli konteksti cəmiyyətin ən kritik mövzusu – COVİD-19 ilə əlaqələndirən Orxan Hüseynov vizual dildən ustalıqla istifadə edir və sevilən filmlərin adlarına ikinci məna gətirir. Hazırkı dövrdə “Gün keçdi” filminin qəhrəmanları Əsmər və Oqtay İçərişəhərin dar küçələrini maska taxmadan dolaşa bilməzdilər. “O olmasın, bu olsun” isə bu gün filmin qəhrəmanlarından Gülnazın hansı maskanı taxması kimi qəliz seçimi barəsində danışır.
Bizim kimi film qəhrəmanları da pandemiyanın gətirdiyi “yeni norma”nı qəbul edir və ona uyğunlaşırlar. Maskalar virusdan qoruyucu tədbir və sevdiyinə qayğı göstəricisi kimi ən vacib aksesuara çevrilib.
Qeyd edək ki, “Divarda incəsənət” layihəsi sənətkarların əməyini və istedadını dəstəkləmək üçün göstərilən təşəbbüsdür.