Folklor İnstitutunda Aşıq Şəmşir adına UNESCO kafedrası yaradılıb

AMEA-nın Folklor İnstitutunun nəzdində Aşıq Şəmşir adına xalq musiqi irsi və dastançılıq ənənələri üzrə UNESCO kafedrası yaradılıb.

İnstitutdan bildirilib ki, kafedranın açılması üçün 2018-ci ildə UNESCO-ya rəsmi müraciət edilib. Müraciət sənədlərində kafedranın quruluş məqsədləri və fəaliyyət planı ilə yanaşı, Folklor İnstitutunun fəaliyyəti və Aşıq Şəmşir irsi haqqında məlumat verilib, kafedranın açılmasına yerli və beynəlxalq qurumlardan, o cümlədən UNESCO üzrə Azərbaycan Milli Komissiyasından, Türkiyənin Yunus Əmrə İnstitutundan, Azərbaycan, Türkiyə və Gürcüstanın ali təhsil ocaqlarından alınmış dəstək məktubları əlavə olunub. UNESCO-nun Katibliyi müraciət sənədlərinə müsbət rəy verərək, 2020-ci il dekabrın 22-də kafedranın təsis edilməsinə dair qərar qəbul edib.

Aşıq Şəmşirin adını daşıyan kafedra dastançılıq ənənələri (storytelling) üzrə dünyada ilk UNESCO kafedrasıdır. Kafedra Azərbaycanın, o cümlədən Folklor İnstitutunun xalq musiqisi və dastançılıq ənənələri üzrə dünyada beynəlxalq mərkəz kimi tanıdılmasına xidmət edəcək. Kafedra Azərbaycanın zəngin mədəni irsini özündə ehtiva edən xalq musiqilərimizə və dastanlarımıza beynəlxalq tədqiqatçıların diqqətini cəlb etməklə yanaşı, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın şifahi xalq ədəbiyyatı və musiqi mədəniyyətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin irsini beynəlxalq səviyyədə tanıtmağa imkan yaradacaq.

Qeyd edək ki, müxtəlif ölkələrdə elm və təhsil ocaqlarında yaradılan UNESCO kafedraları istisna hallarda şəxslərin adını daşıyır. Bu çərçivədə UNESCO-da Aşıq Şəmşir irsinin tanıdılması ilə bağlı 2014-cü ildən etibarən Azərbaycanın “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən məqsədyönlü işlər görülüb.