İtirdiyi hər əsgərinin əvəzində ölmədiyinə peşman olan şəhid komandir
Deyirlər, şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Biz istər Birinci Qarabağ savaşında, istərsə də 44 günlük Vətən müharibəmizdə minlərlə qurban verdik.
Müharibə itkisiz, zəfər qurbansız olmur...
Yenə minlərlə qız-gəlin vaxtsız ağaran saçını qara şalında gizlədəcək, minlərlə körpənin üzündə təbəssümü donub, bəbəklərində səssiz-səmirsiz yaşlar gilələnəcək. Gözlər yolda, qulaqlar daha eşitməyəcəkləri o doğma səsdə olacaq. Vətən torpağına diz qoyub, soyuq məzar daşlarına al-qırmızı qərənfillər düzəcək və deyəcəyik: “And olsun ki, sizi heç vaxt unutmayacağıq”!
Ola bilər, hər sizi arzulayanda balanızın telinə sığal çəkə bilməyəcək, layla deyən ananızın səsinə səs verməyəcək, əli titrəyən atanızın təpəri ola bilməyəcəyik. Həm ata, həm də ana olan xanımlarınızın, dayağını itirmiş bacılarınızın təsəllisinə çevrilə bilməyəcəyik. Amma sizin şəkillərdən boylanan nurlu, məğrur simanız qarşısında təzim edəcək, daim ehtiram göstərəcəyik...
Sizə bir Vətən oğlundan danışacam. O oğul ki, bölük komandiri kimi itirdiyi hər əsgərinin əvəzində ölmədiyinə görə peşman olurmuş. “Mən onların ata-anasına, balasına, yarına nə deyəcəm” sualında qıvrılan, özünə şəhadət arzulayan və bu əzəmətli arzusuna Şuşada yetən Asif Kərimovdan.
Baş leytenant Asif Kərimov 1989-cu ildə, baharın təbiəti cana gətirdiyi 25 martda Cəlilabad rayonunun Ləzran kəndində doğulmuşdu. Doğulduğu kənddə orta təhsilini uğurla başa vurduqdan sonra Azərbaycan Dövlət Neft Akademiyasında təhsil almışdı.
Ali təhsilini başa vurduqdan sonra Daşkəsəndəki hərbi hissələrin birində qulluq edib, ordudan baş leytenant kimi ehtiyata buraxılıb. Ailə həyatı qurub, iki balasının dünyaya gəlişinə sevinib, boyuna həvəslənib. Ta o günə qədər.
Bölük komandiri kimi cəbhənin cənub istiqamətində döyüşlərə qatılıb. Füzuli, Qubadlı, Cəbrayılın azad olunmasında iştirak edib, bir dəfə yüngül yaralansa da, döyüşü tərk etməyib. Dönə-dönə dediyi “Sona qədər getmək lazımdır” nidası ilə elə son damla qanına qədər vuruşub. Ən ağır döyüşü gedib gəzib-dolaşmaq üçün xəyallar qurduğu Şuşa şəhəri uğrunda olub.
Noyabrın 3-də şəhadətə qovuşub. Doğulduğu Ləzran kəndində əbədi məkan tapıb. Ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunan Asif indi nəinki övladları, yaxınları, doğmaları üçün, bütün Vətən üçün əzizdir. Həyatsevər, nikbin, cəsur şəhidimizin yarımçıq arzularını cücərdəcək iki övladı bizlərə əmanət qalıb.
“Hər zaman birinciliyə can atan, xüsusən komandiri olmuş general-mayor, Milli Qəhrəman Polad Həşimovun şəhid olmasından sonra qisas hissi ilə alışıb-yanırdı” deyir həyat yoldaşı Arzu Kərimova. Gözlərindən yaş axa-axa ömür-gün yoldaşını xatırlayır. Danışır, susur, gözləri ucsuz-bucaqsız ünvana dikilir. Arabir qaşları çatılır, sonra hansısa xoş xatirənin işığı üz-gözünə səpələnir. Yarımçıq qalan taleyin, yazılıb-pozulan birgə ömrün qəlpələrini toplayırmış kimi qırılan nitqi ilə yarını yada salır: “O, mənim üçün təkcə həyat yoldaşı yox, həm də dost, sirdaş, həmfikir idi. Bizim üçün onsuzluğa öyrəşmək çox çətindir. Günlər keçir, həyat davam edir. Təbii ki, mənim üçün yox. Həm də ailəmiz üçün. Cəbhəyə yola düşəcəyini sonuncu gecə dedi. Bizi atamgilə apardı. Yol boyu təsəlli verdi. Mən isə susmur, durmadan ağlayırdım. O, çox mehriban, zarafatcıl, qorxmaz adam idi. Deyirdi: “Narahat olma, qətiyyən qorxma və nə olsa da, möhkəm ol. Mən qayıdacam. Dövlət üçün, Vətənim üçün gedirəm. Sən güclü olmalısan. İki övladımız var, sən möhkəm ol, çünki onları sənə tapşırıram. Əgər...”. Sözünü kəsdim, daha bərk ağladım, o da məni təsəlli etdi. Gülə-gülə “baş üstə, qayıdaram” dedi. Amma...”.
Arzuları puç olmuş Arzunun sonra dediklərini eşidə bilmədik. Anlaşılmadı. Bu dəfə gözləri danışdı, daha bərkdən, daha gurultu ilə. Nitqi qırıla-qırıla: “Mən ruhumu da Asiflə torpağa verdim. Gəzən cismimdi. O da uşaqlarım üçün. Onun əmanətlərinə gözüm kimi baxacam, Asifin istədiyi kimi”.
Asifin bir oğlu və bir qızı yadigar qalıb. Gözlərində şaşqın ifadələr, daha çox da cavabsız suallar var. Sanki uzaqdan gələn qonağı, atanı gözləyirlər. Doğrudur, atalarının məzarı üstünə onlar da dönə-dönə gediblər, həm buz kəsilən qara daşa sarılıblar, həm də əvvəlkindən geniş ana qucağına atılıblar, onlar da bu yoxluğu seziblər. Hansısa hiss onların içindəki əbədi yoxluğa meydan oxuyub. Yəqin həm də buna görə şəhidlər ölməz deyirlər.
Asif də ölməzliyə qovuşub. Anası da oğul itkisini bu cür qarşılayır. Üzündə dağ lalələrinin allığını hələ də saxlayan Nəzakət Kərimova daha toxtaq gəldi mənə. Asif kimi igid oğulların məhz belə anaların dünyaya gətirdiyindən bir daha əmin oldum və nə gizlədim, bir az da sevindim: “Asif ölümün gözünə dik baxan oğul idi. Həmişə deyirdi ki, torpaqlarımız əbədi işğal altında qala bilməz. Ali Baş Komandan əmr verən kimi hər birimiz döyüşə getməli, işğalçıları qovmalıyıq. Mən zabitəm, dövlətin əsgəriyəm və təbii ki, elə ön sırada da mən olmalıyam. Asif qürurlu idi. Deyirdi gərək biz gedək, vuruşaq, öldürək, ölək ki, ana-bacılarımız, balalarımız da azad, xoşbəxt yaşasınlar. Asif şərəfli yol seçdi. Son telefon danışığımızda dediyinə əməl eləməyə çalışıram. Mənə “Ana, bəlkə daha heç danışa bilmədik. Bir şey olsa, başını dik tut, ağlama, təəssüflənmə. Düşün ki, mən torpaq, Vətən uğrunda ölmüşəm” dedi”.
Asifin arzusu qəhrəman silahdaşlarının canı, qanı bahasına həyata keçdi, Şuşa azad olundu. Bundan sonra müqəddəs şəhid ruhlarının əbədi ünvanı, pərvazlandığı yer Şuşa, məzarlarını bəzəyən çiçək isə xarı bülbül olacaq...
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Həmidə NİZAMİQIZI