Yaxud səhnənin o üzündən

Böyük dramaturq, istedadlı yazıçı Cəfər Cabbarlı həm də teatr, aktyor sənəti ilə bağlı maraqlı məqalələrin müəllifidir. Aktyoru teatrın sütunu hesab edən ədib “Bizdə teatro” adlı məqaləsində “Aktyor kimdir? O necə olmalıdır?” suallarına cavab arayarkən maraqlı və həqiqət yüklü bir fikir irəli sürür: “Hər şeydən əvvəl aktyor canlı bir ədəbiyyatdır. Böyük bir ədibin uykusuz gecələr boyu çalışıb vücuda gətirdiyi bir əsəri, onun kağızlar üzərində qaraladığı fikirləri, fəlsəfələri, gözəllikləri, incəlikləri, gülüşləri, göz yaşlarını aktyorlar alır... Aktyor bir heykəltəraşdır ki, yaratdığı heykəl yenə özüdür... Aktyor bir musiqişünasdır. Eyni zamanda aktyor canlı bir aləti-musiqidir... Söylədiklərimizin həpsini bir sözlə deyəcək olursaq, aktyor gözəl sənətin bütün qisimlərini özündə toplayıb canlandıran bir sənətkardır”.

Düşünürəm ki, milli teatr sənətimizin aktyor nəsli haqqında deyilən ən yaxşı təriflərdən biri də məhz ədibin bu fikirləridir. Təsvirin müşayiətində hərə bir aktyor obrazını göz önünə gətirdikdə və onun qəhrəmanına münasibətini özü üçün çox sadə, birbaşa ayırd etdikdə fikrin isbatını görmüş olar.

Amma gəlin, bu dəfə hərəyə bir aktyoru yox, elə hamımız gözümüz önündə onu canlandıraq. Televiziya ekranından, teatr səhnələrindən bizlərə tuşlanan nəzərlərinin təsirində onu seçək, onun haqqında danışaq...

Doğrudur, bu, gecikmiş xatırlama olacaq. Çünki artıq onun üçün dördüncü divar yoxdur. Axı, əbədiyyət səhnəsində sonuncu monoloqunu da səssiz söylədi və elə səssiz də getdi.

Təpədən-dırnağa qədər aktyor – respublikanın Əməkdar artisti Atabala Osman oğlu Səfərov...

Ötən il, xüsusilə son ay teatr, aktyor sənəti ilə bağlı itkilərlə də ağrılı keçdi. Səhnəmiz təbəssümündə də böyük bir kədəri gizlədən usta aktyoru. Dekabrın 20-də 71 yaşında dünyadan köçən Atabala Səfərovun tamaşaçı yaddaşında qalan ümumiləşmiş obrazı, tamaşaçı ilə özü arasındakı incə bağlılığı bu idi...

Ömrünü teatra, səhnəyə, sənətə bağlayan, heç vaxt umu-küsü eləməyən, sənətkarlıq hay-həşiri qoparmayan, heç bir söz-söhbətdə adı hallanmayan, sakit, həlim, abırlı adam idi Atabala müəllim. Təsadüfi deyil ki, gənc teatrın qoca aktyoruna hamı əmi deyə müraciət edirdi. Elə onun dünyadan köçməsi ilə bağlı paylaşımlarda da məhz bu yaxınlıq, doğmalıq təsvir olunmuşdu: “Aktyorların əmisi öldü...”.

Səhnə sənətimizdə, sözsüz ki, həm də onun dəst-xətti var. Bunu yaratdığı fərqli xarakterli obrazlar, həm də fərqli janr və istiqamətli teatrlarda uzunmüddətli və məhsuldar fəaliyyəti ilə də təsdiqləmiş oldu.

Onun sənət tərcümeyi-halından üç dövlət teatrının adı gəlib keçdi: Akademik Musiqili Teatr, Dövlət Gənclər Teatrı və nəhayət, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı. Bu teatrların hər birində fərqli obrazlar yaratdı, həm aktyor, həm truppa müdiri, həm sərəncamçı direktor oldu. Amma hər zaman özü ilə sənəti arasındakı mübhəm qüvvəyə bağlı oldu. O qüvvə ləyaqət, əzm, mübarizlik, qürur, sadəlik və səmimiyyət kimi oyununa da, yaşamına da sirayət elədi.

Üzümüzdə daim gülüş yaradan səhnələri, zarafata çevrilən ifadələri, hər obrazında bir ayrı oynayan qaş-gözü, hər replikasında yumora bələnən oyun texnikası ilə birlikdə köçdü yaddaşımıza bəstəboy, bir az da qəmgin sənətkar.

Atabala Səfərov 1949-cu il sentyabrın 1-də Şabran rayonunda anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında sənət fəaliyyətinə başlayıb. 1990-cı ildən Azərbaycan Dövlət Gənclər Teatrında çalışıb, 1998-ci ildə yenidən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına qayıdıb. Daha sonra yaradıcılığını Gənc Tamaşaçılar Teatrında davam etdirib.

Çalışdığı teatrların səhnələrində Hacı Qara (“Sərgüzəşti-mərdi-xəsis”, M.F.Axundzadə), Teymurləng (“Molla Nəsrəddin və Əmir Teymurun filləri”, Ə.Ol), Hacı Qəmbər (“Yağış, yağmur və daldan atılan daş”, N.Vəzirov), Bəy (“Qaraca qız”, S.S.Axundov, A.Şaiq), Şərbətəli (“Təzə gəlin”, S.Dağlı, C.Cahangirov), Həsənqulu bəy (“O olmasın, bu olsun”, Ü.Hacıbəyli), Şulu (“Əlli  yaşında cavan”, Z.Hacıbəyov) və başqa obrazlara səhnə həyatı qazandıran aktyor, həmçinin televiziya tamaşalarında oynadığı maraqlı rollarla tamaşaçı rəğbəti qazanıb. Sənət yolu 2012-ci ildə ona “Əməkdar artist” fəxri adını qazandırıb.

 

Nikbin, həyatsevər...

 

Bir az da aktyoru sənət dostlarının, tərəf-müqabillərinin xatirə işığında anaq.

Akademik Musiqili Teatrın aktyoru, Xalq artisti, dostu, sirdaşı İlham Namiq Kamal sənətkarı kövrək hisslərlə xatırladı:

– O, mənim gənclik dostum idi. Tələbəlik illərindən əlaqələrimiz yarandı və dostlaşdıq. O vaxt fərqli teatrlarda çalışsaq da, əlaqələrimiz qırılmadı. Yaradıcılıq yolu Musiqili Komediya Teatrında başladı. Teatrın səhnəsində rəngarəng rollar oynadı. Teatrın truppa müdiri kimi də kollektivin hörmət və sevgisini qazandı. Sonra tale bizi bir teatrda birləşdirdi.

Atabala Azərbaycan teatrı, televiziyası sahəsində yüksək səviyyəli fəaliyyət göstərib. “İlham Miniatür Teatrı”nı da, demək olar ki, birlikdə yaratdıq. Sərəncamçı direktor və aparıcı aktyor kimi dolğun fəaliyyət göstərdi. 30-a yaxın tamaşanın böyük əksəriyyətində aktyor kimi iştirak etdi.

Nikbin, həyatsevər adam idi. Ən maraqlı, xarakterik aktyorlardan idi. Sadəcə, rolu, sənəti barədə düşünürdü. Kiməsə yarınmaq onun xarakterinə yad idi. O, səhnə üçün yaranmışdı. Potensialını, bütün enerjisini də səhnə üçün xərcləyirdi. İstedadı, bacarığı, sənətsevərliyi böyük idi. Sadəcə, bir az şansı gətirmədi.

Onu itirdiyimə görə çox təəssüf edirəm. Onu daim tərbiyəli insan, gözəl ailə başçısı, ləyaqətli şəxsiyyət kimi xatırlayacağam. Çox yəqin ki, elə tamaşaçıları da.

 

Tükənməz yaradıcılıq həvəsi

 

Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist İlham Əsədov:

– Atabala Səfərovla “İlham Miniatür Teatrı”nda işləyəndə tanış olmuşam. Çox qayğıkeş və gəncləri sevən insan idi. Teatrda gənclərimiz ona əmi deyə müraciət edirdilər. Atabala müəllim həddindən artıq səliqəli, məsuliyyətli insan idi. Məşqə həmişə hazırlıqlı gələrdi. Mən onunla 25 il ərzində saysız tamaşalarda tərəf-müqabil olmuşam. Yaşamaq, yaratmaq həvəsi tükənmirdi. Yaddaşı çox güclü idi. 10 il bundan qabaq oynadığı rolların hamısı yadında idi. Bütün rollarını ayrı-ayrı dəftərlərə köçürər və saxlayardı...

Allah Atabala müəllimə rəhmət eləsin. Onun xatirəsi mənim qəlbimdə daim yaşayacaq. Allaha şükür edirəm ki, məni Atabala müəllimlə qarşılaşdırdı. Onu tanıdım, səhnədə tərəf-müqabil, həyatda dostu oldum.

Həmidə NİZAMİQIZI