Azərbaycan

 

10 yanvar 1929 – Tanınmış dilçi alim, AMEA-nın müxbir üzvü Afad Məhəmməd oğlu Qurbanov (1929 – 26.9.2009) Qərbi Azərbaycanın (Ermənistan SSR) Kalinino rayonunun Qızıl Şəfəq kəndində doğulub. “Müasir Azərbaycan ədəbi dili”, “Azərbaycan onomastikası” və s. kitabların müəllifidir.

10 yanvar 1932 – Musiqişünas, professor Еlmirа Əbdülhəmid qızı Аbаsоvа (1932 – 12.2.2009) anadan olub. Üzeyir Hacıbəyli, Cövdət Hacıyev, Rəşid Behbudov və b. sənətkarlar haqqında kitabların müəllifidir. Konservatoriyanın (indiki Bakı Musiqi Akademiyası) rektoru (1977-1991) olub.

10 yanvar 1937 – Əməkdar artist Nisə Heydər qızı Rzayeva (1937-2017) Naxçıvanda anadan olub. Mingəçevir Dövlət Dram Teatrında çalışıb.

10 yanvar 1938 – Bəstəkar, Xalq artisti Elza İmaməddin qızı İbrahimova (1938 – 11.2.2012) Hacıqabulda anadan olub. “Yanan laylalar” operasının (libretto – Ramiz Heydər), populyar mahnıların (“Gecələr bulaq başı”, “Sən yadıma düşəndə” və s.), romansların müəllifidir.

10 yanvar 1942 – Əməkdar incəsənət xadimi Baba Fazil oğlu Rzayev (1942 – 2.12. 2014) Lerik rayonunun Çayrud kəndində doğulub. Lənkəran Dövlət Dram Teatrında rejissor, baş rejissor işləyib.

10 yanvar 1953 – Əməkdar artist Sevil Rza qızı Xəlilova (1953 – 28.11.2011) Bakıda doğulub. Akademik Milli Dram Teatrında çalışıb, televiziya tamaşalarında (“Kişilər”, “Yollar görüşəndə”) maraqlı rollar oynayıb.

10 yanvar 1962 – Xalq artisti Əjdər Əliabbas oğlu Sultanov (8.12.1909 – 1962) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb, filmlərdə çəkilib.

 

11 yanvar 1906 – Tarixçi, şərqşünas Əbdülkərim Əli oğlu Əlizadə (1906-1979) anadan olub.

11 yanvar 1999 – Əməkdar mədəniyyət işçisi Ramazan Həmzət oğlu Xəlilov (1901-1999) vəfat edib. Üzeyir Hacıbəylinin şəxsi katibi olub. 1975-ci ildən ömrünün sonunadək Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru işləyib.

 

12 yanvar 1908 (yeni təqvimlə 25 yanvar) – Böyük bəstəkar Üzeyir Hacıbəylinin Məhəmməd Füzulinin poeması əsasında yazdığı “Leyli və Məcnun” operası Bakıda tamaşaya qoyulub. Bu, müsəlman Şərqində yaranan ilk opera idi. Operanın ilk tamaşasına aktyor və rejissor Hüseyn Ərəblinski quruluş vermişdi. Dirijor yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyev idi. Orkestr Üzeyir bəyin seminariya yoldaşları olan musiqiçilərdən ibarət idi. Muğam hissələrini tarzənlər Qurban Pirimov və Şirin Axundov müşayiət edirdi. Məcnun rolunu Hüseynqulu Sarabski oynamışdı.

12 yanvar 1925 – Şair Əlisoltan (Əlisoltan Camal oğlu Ağəliyev; 1925-1982) Quba rayonunun Susay kəndində doğulub.

12 yanvar 1928 – Ədəbiyyatşünas və sənətşünas, professor Gülrux Sabir qızı Əlibəyli (1928 – 15.2.2016) anadan olub. Estetika və bədiilik məsələlərinə dair tədqiqat əsərlərinin, povestlərin müəllifidir.

12 yanvar 1940 – Xalq artisti, mahir klarnet ifaçısı Vəli Nurbala oğlu Qədimov (1940 – 15.4.2009) Bakıda anadan olub.

 

13 yanvar 1897 – Dövlət xadimi, publisist, alim Ruhulla Əli oğlu Axundov (1897 – 1.4.1938) Bakının Şüvəlan kəndində doğulub. Tarix və incəsənətə dair əsərlərin müəllifidir. Azərbaycan Kommunist Partiyasına rəhbərlik edərkən (1925-1926) latın qrafikalı əlifbaya keçiddə xidmətləri olub. Repressiya edilib.

13 yanvar 1909 – Tanınmış tarzən, xanəndə Şirulla İmanov (1909 – 4.2.1976) Bakıda doğulub. Opera və Balet Teatrının solisti olub, M.Maqomayevin “Şah İsmayıl”, Z.Hacıbəyovun “Aşıq Qərib”, Ü.Hacıbəylinin “Şeyx Sənan” operalarında vokal və tar ifaçısı kimi çıxış edib.

13 yanvar 1912 – Əməkdar artist, vokalçı Hacıbala Ağahüseyn oğlu Hüseynov (1912-1967) Bakıda doğulub. Akademik Opera və Balet Teatrının solisti olub. 

13 yanvar 1999 – Xalq artisti Barat Həbib qızı Şəkinskaya (28.6.1914 – 1999) vəfat edib. Akademik Milli Dram Teatrında, Gəncə teatrında çalışıb. “Görüş”, “O olmasın, bu olsun”, “Onun bəlalı sevgisi” və s. filmlərdə maraqlı obrazlar yaradıb.

13 yanvar 2003 – Xalq artisti Mirzə Əbdülcabbar oğlu Babayev (16.7.1913 - 2003) vəfat edib. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Müğənnilik fəaliyyəti ilə yanaşı, filmlərdə (“Telefonçu qız”, “Dərviş Parisi partladır” və s.) maraqlı obrazlar yaradıb.

 

14 yanvar 1923 – Görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Səməd Mənsur oğlu Kazımov (1923 – 2.8.1980) Bakıda anadan olub. Gənc Tamaşaçılar, Rus Dram, Musiqili Komediya teatrlarında tamaşalar hazırlayıb. Akademik Milli Dram Teatrının baş rejissoru olub. “Antoni və Kleopatra” (V.Şekspir, 1965), “Şəhərin yay günləri” (Anar, 1979) əsərlərinin tamaşalarına görə Dövlət mükafatına layiq görülüb.

14 yanvar 1952 – Məşhur şair Almas İldırım (İldırım Əbdülməhəmməd oğlu Almaszadə; 25.3.1907 – 1952) Türkiyənin Elazığ şəhərində dünyasını dəyişib. İstiqlal ruhlu şeirlərinə görə 1930-cu ildə Azərbaycan Yazıçılar Birliyindən xaric edilərək Türkmənistana sürgün edilmiş, 1933-cü ildə İrana, oradan Türkiyəyə mühacirət etmişdi.

14 yanvar 1982 – Şuşa şəhərində böyük şair Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya evinin açılışı keçirilib. Mərasimlərdə respublikanın rəhbəri – Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev çıxış edib.

 

Dünya

 

10 yanvar 1883 – Rus yazıçısı, publisist Aleksey Nikolayeviç Tolstoy (1883-1945) anadan olub. “Əzablı yollarla”, “Mühacirlər” romanlarının, “Buratinonun macəraları” nağılının müəllifidir.

10 yanvar 1905 – Özbək yazıçısı Aybək (Musa Daşməhəmmədov; 1905-1968) anadan olub. Əsərləri: “Nəvai”, “Günəş sönməyəcək” romanları və s.

 

11 yanvar 1875 – Rus bəstəkarı, pedaqoq Reynqold Moriseviç Qliyer (1875-1956) Kiyevdə doğulub. Bir müddət Bakıda çalışıb, “Şahsənəm” operasını yazıb. “Türk musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə” Azərbaycan SSR-in Xalq artisti (1934) adına layiq görülüb.

 

12 yanvar 1628 – Fransız nağıl yazıçısı Şarl Perro (Charles Perrault; 1628-1703) anadan olub. Əsərləri: “Çəkməli pişik”, “Zoluşka” və s.

12 yanvar 1876 – Amerika yazıçısı Cek London (Jack London – John Griffith Chaney; 1876 – 22.11.1916) San-Fransiskoda doğulub. “Martin İden”, “Dəmir daban”, “Dəniz canavarı” və s. romanların müəllifidir.

 

13 yanvar 1931 – Rus yazıçısı, kinodramaturq Arkadi Aleksandroviç Vayner (1931-2005) anadan olub. Qardaşı Georgi Vaynerlə birgə detektiv əsərlərin müəllifidir.

 

14 yanvar 1818 – Görkəmli fin yazıçısı və şairi Zaxarias Topelius (1818-1898) anadan olub. “Hersoginya Finlyandskaya”, “Ulduzların uşaqları” və s. romanların müəllifidir.

14 yanvar 1895 – Başqırd ədəbiyyatının banilərindən biri, şair Şeyxzadə Babiç (1895-1919) anadan olub.

Hazırladı:  Vüqar ORXAN