İCESCO “ASAN Xidmət” sahəsində fərqlənən ölkələri mükafatlandıracaq

Yanvarın 14-də Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonağa “ASAN Xidmət” mərkəzlərinin yaradılması məqsədi və fəaliyyət istiqamətləri barədə məlumat verilib. Vurğulanıb ki,” ASAN Xidmət” BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015), 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülüb.

Qonaq “ASAN Radio”, “ASAN Təlim-Tədris Mərkəzi”, “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə tanış olub.

Görüş zamanı 2018-ci il oktyabrın 25-də Dövlət Agentliyi ilə İCESCO arasında imzalanmış Əməkdaşlıq Proqramı əsasında təsis olunan qabaqcıl idarəetmə üzrə “İCESCO-nun ASAN mükafatı” barədə müzakirələr aparılıb. “İCESCO-nun ASAN mükafatı”nın təşkilata üzv dövlətlərdə innovasiyaları əks etdirən təcrübələr üçün təqdim olunması nəzərdə tutulur.

“Mən “ASAN Xidmət”i uzun bir səyahətə bənzədirəm. Elə bir səyahətə ki, o, bu yola çıxanları gələcəyə aparır. Bir çox ölkə bu səyahətə qədəm basmalıdır ki, yeni növ koronavirus (COVİD-19) pandemiyasından sonra bir sıra məsələləri həll edə bilsin. Biz gördük ki, Azərbaycan bu sahədə böyük uğura imza atıb və gələcəklə bağlı çox planları həyata keçirib”, – deyə Salim bin Məhəmməd əl-Malik “ASAN Xidmət”lə tanışlıq zamanı jurnalistlərə müsahibəsində deyib.

Baş direktorun sözlərinə görə, “ASAN Xidmət” təcrübəsinin İCESCO ölkələrində tətbiqi zəruridir: “Həmin ölkələr Azərbaycanın təcrübəsindən bəhrələnə, Azərbaycan da bu sahədə onlara yardım göstərə bilər. İCESCO “ASAN Xidmət” sahəsində fərqlənən ölkələri mükafatlandırmağı qərara alıb. Bu il fevralın axırınadək mükafatlandırma ilə əlaqədar meyar və qaydalar ictimaiyyətə açıqlanacaq. Mükafatın ilin sonunda təqdim edilməsi nəzərdə tutulub”.