Azərbaycan Hotel Kompleksləri Assosiasiyası Avropanın məşhur turizm kollecləri ilə müqavilə bağlayıb. Bu barədə qəzetimizə məlumat verən AOKA prezidenti Ağarəhim Əliyevin dediyinə görə, məqsəd Azərbaycanda fəaliyyət göstərən müxtəlif hotellərin əməkdaşlarını bu kolleclərə təhsil almağa göndərmək və savadlı hotel mütəxəssisləri hazırlamaqdır. A.Əliyev bildirdi ki, artıq bununla bağlı iki ölkədən razılıq da alınıb: «2008-ci ilin noyabr ayında bizim idarə heyətinin üzvü Samir Babazadə və Əhməd Panayev Çexiya və Avstriyaya gedərək hotelçilik məktəbləri ilə tanış olublar. Avstriyanın Zimerinq şəhərində yerləşən İTM (İnternational College of Tourism Management) ali məktəbi hotelçilik üzrə mütəxəssislər buraxır. Nümayəndə heyətimiz məktəb rəhbərliyi ilə razılığa gəlib və memorandum imzalanıb. Bundan əlavə, Çexiyanın Ali Hotel Məktəbi (Vysoka Şkola Hotelova) ilə də razılığa gəlinib».
AOKA prezidenti onu da bildirdi ki, bu məktəblərin hər ikisi İsveçrə məktəbləridir. Məktəblərdə idarəetmənin əsasları, sifariş və satış xidməti, tərəflər üzərində idarəetmənin təhlükəsizliyi və gigiyenası, nəzarət sistemi, yeyinti və işçi xidmətlərinin menecmenti, qonaqpərvərlik sahəsinin əsasları, mehmanxanaların növləri və təsnifatı, idarəetmənin strukturu, şöbələri, xoş rəftar və səmimi münasibət və qonaqların yerləşdirilməsi, onlara vaxtında kömək göstərmək bacarığı, gəliş-gediş əməliyyatlarının təşkili, həmçinin gözətçilik, marketinq strategiyası, maliyyə menecmenti və s. mövzularda dərslər keçiləcək. Təhsil müddətində müdavimlər yüksək səviyyəli hotellərdə qalacaq, eyni zamanda burada təcrübə keçəcək, gündə üç dəfə yeməklə təmin olunacaqlar. Mütəxəssis bildirir ki, əgər bu memoranduma əməl edilsə, tezliklə Azərbaycanda da savadlı hotel mütəxəssislər fəaliyyət göstərəcək.
Fəxriyyə ABDULLAYEVA