Ədəbiyyat üzrə Nobel mükafatçısı belaruslu yazar Svetlana Aleksiyeviçin “Müharibənin qadın sifəti olmur” kitabını oxuyanda duyğularım alt-üst olmuşdu. İkinci Dünya müharibəsində iştirak edən qadınların dilindən qələmə alınan əsər emosional duyğular, kövrək anlar, müharibə iştirakçısı qadınların xatirələri ilə doludur. Yəqin elə bu səbəbdəndir ki, oxucu da onun qəhrəmanlarından fərqli duyğular yaşamır...

Biz də xalq, nəsil olaraq müharibə görmüş, onun ağrılarını içimizdən keçirmişik. Ataları, qardaşları, anaları, bacıları itən uşaqlar kimi travmalarla, müharibə ağrıları ilə böyümüşük. Cismən savaşın içində olmasaq da, ruhən bəlkə min dəfə ölüb-dirilmişik.

Məqam yetişdi və uşaqlığını müharibədə itirərək “böyüyən” nəsil 2020-ci ilin 27 sentyabrında yenidən özünü savaşın içində tapdı. 44 günün içində körpələr dünyaya gəldi, uşaqlar böyüdü, cavanlar qocaldı. Adamlar kölgə oldu, işıq oldu, külək oldu. Sonra xəyala döndü, əbədiyyətə yol aldı.

Və yenə biz qaldıq. Boynumuzda da məsum şəhid təsvirlərinin baxış yükü ilə. Ağırdır? Çox. Yəqin ömrümüzün sonunadək onların baxışları üzərimizdən çəkilməyəcək. Hələ ataların, anaların, qardaşların, bacıların, övladların, yarların  intizarla yol çəkən gözlərini demirəm.

İstər cismi, istərsə də ruhu yaralıların yeganə təsəllisi məhz Qələbədir. Bir də daha olmayacaq müharibəyə inam...

İkinci Qarabağ savaşımızda qurban verdiyimiz Vətən oğulları arasında bir kişi qeyrətli qadın da var idi. Arəstə. Özümü nə qədər toplasam da, onun haqqında yaza bilmirdim. Hər dəfə bükük boynu, qəmli baxışı, kədər çökmüş çöhrəsi gəlib gözümün qabağında dururdu. Heç indi də yaza bilmirəm...

...Arəstə sözü dilimizdə bəzənmiş, bəzək-düzəkli mənasını verir. Nə bilim, bəlkə elə şəhadətin də adın kimi bəzəkli, gözəl, sahmanlı olmalı imiş. Oldu da, igid qadın. Bir günün içində milyonların dilində dolaşdı adın. Minlərin gözəl bənzətmələrinin istinadı oldun. Şeirlərin, yazıların qəhrəmanına çevrildin. Bunu istəyirdinmi, bilmirəm. Amma bütün hallarda sən mənim, bizim, adına min bir qəhrəmanlıq sözləri qoşulan, dastanlar, nağıllar, rəvayətlər yazılan Azərbaycan qadınının hələ ki sonuncu əbədiyyət nümayəndəsi, qəhrəmanı oldun. Qanını bu Vətən torpağına axıdıb daşlaşmağınla, büstləşməyinlə, əbədiləşməyinlə...

 

Əsgər qadın

 

Arəstə Kərim qızı Baxışova 1989-cu il mayın 4-də, baharın bütün cilvəsi ilə cövlan etdiyi vaxtda Xaçmazın səfalı Qımılqışlaq kəndində anadan olmuşdu. İki qardaşın bir bacısı idi. Qayğısız uşaqlıq çox erkən – 4 yaşında, atasının ölümü ilə bitir. Anasının himayəsində çətinliklə böyüyən həyatsevər gənc Azərbaycan Dövlət Pedaqoji Kollecində ingilis dili üzrə təhsil alır. Sonra ailə qurur, iki övlad anası olur. Həyatın burulğanında o yan-bu yana sovrulur. Sonda övladları ilə tək qalır.

Hərbi xidmətə marağına gəlincə, bu, onda uşaqlıqdan yaranmışdı. Üzərindən illər keçəndən sonra əsas amalına yetişir. Silahlı Qüvvələrin Hospitalında tibbi statist vəzifəsində işləyir. Daha sonra Silahlı Qüvvələrin Beyləqan rayonunda yerləşən N saylı hərbi hissəsinə göndərilir. Nümunəvi xidmətə görə Silahlı Qüvvələrin 90 və 95 illikləri, həmçinin Azərbaycan Ordusunun 100 illiyi münasibətilə yubiley medallarına layiq görülür.

Hərbi tibb işçisi, çavuş Arəstə Baxışova sentyabrın 27-də başlayan Vətən müharibəsində ən qaynar nöqtədə, od-alov içində xidmətə başlayır. Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarır, onlara məlhəm olur. Qorxu bilmədən səngərdən-səngərə atılır. Qardaşlarım dediyi igid Azərbaycan əsgərləri ilə hər gün qələbəyə addım-addım yaxınlaşır. Azad edilən hər qarış torpağın sevincini onlarla birgə yaşayır. Fürsət tapanda da şəhid Vətən oğulları üçün xısın-xısın gözyaşı tökür. Sonra da özünə toxtaqlıq verib, yenidən irəli atılır. Amma bu dəfə bacarmır. Mənfur düşmənin snayperi onu əbədilik dayandırır. Vətən qarşısında başı dik, alnıaçıq gəzən Arəstə başından aldığı güllə yarası ilə oktyabrın 23-də mələk olub aydın, azad Vətən səmasına çəkilir...

Beləcə, baharda doğulan, yaz çiçəkləri qədər təravətli Arəstə ömrün payızını görmədən 31 yaşında şəhadətə yüksəlir. Dövlət başçısının sərəncamına əsasən, Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

Nəğmə qadın

 

Ağrımız hələ ki, təzədir. Hələ tam olaraq şanlı Zəfərin, bizə onu yaşadanların fərqində deyilik. Təbii ki, Vətən üçün bir can olub, onu da fəda edənlərin hərəsi bir dastan, bir ədəbi şərqidir. Və zaman-zaman onlar şeirlərin, romanların, mahnıların özəyində yenə və yenidən doğulacaqlar, yaşayacaqlar...

Arəstəyə gəlincə, Vətən müharibəsinin tək xanım şəhidi kimi onun haqqında artıq bir mahnı yazılıb. Sözləri Qabil Ədalətə, musiqisi Elmir Mədətoğluna, aranjimanı Musa Bağırsoya aid “Arəstə” adlı bu həzin nəğməyə Əməkdar artist Firuzə İbadova can verib.

Şəhid Arəstənin cəsurluğu, vətənpərvərliyi və qəhrəmanlığının dilə gəldiyi mahnı onun timsalında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərə ehtiramın nişanəsi kimi yaşamaq haqqı qazanıb.

 

Heykəl qadın

 

Hə, ahəstə-ahəstə sən də daşlaşdın, heykəlləşdin, büst oldun, Arəstə.

Cəsarətinlə gənc heykəltəraşın tişəsi ilə biçimsiz daşlar üzərində bir ayrı gözəlləşib, bir ayrı əbədiləşdin.

Heykəltəraş Müstəqil Balayevin yaratdığı büstün önündə dediyi “Ürəyimin yanğısını bu yolla soyutmağa çalışdım” sözlərini yaxşı başa düşürəm. O, bizim bir çoxumuzun sənə, sənin kimi igid oğul və qızlarımıza səssiz, lal təzimimizin təsvirçisidir həm də.

Dövlət Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi olan Müstəqil Masallı rayonundandır. Atası və qardaşı da heykəltəraşdır. Birlikdə şəhidlərimizin büstlərini, barelyeflərini hazırlayırlar.

Arəstə Baxışovanın büstü isə Müstəqilin müstəqil işidir. Deyir, “Onun simasında Azərbaycan qadının mərdliyini, mübarizliyini, əzmkarlığını, həmçinin füsunkarlığını göstərmək istəyirəm. Bir vətəndaş kimi mənim, bizim hələ ki, edə biləcəyimiz budur. Vətənimizi bütövləşdirən, onun uğrunda heç düşünmədən canını qurban verənlərə sevgimi, sonsuz sayğımı bildirirəm. Zaman ötəcək və o qəhrəmanların hər birinin büstü, daha möhtəşəm abidəsi yaranacaq. Amma onların ən zərif, gözəl və əbədi abidəsi xalqımızın qəlbindədir”.

Bəli, o haqlıdır, Arəstə. Sən və sənin kimi ölümə meydan oxuya-oxuya ölümsüzlük qazananların xatirəsi yaddaşımızda daim belə təravətli və işıqlı qalacaq. Sizin qara daşları rənglərə, işığa boyayan nurlu təsvirləriniz kimi...

Həmidə NİZAMİQIZI