Azərbaycana vaksinlərin ilk partiyası artıq gəlib. Yanvarın 18-dən vaksinasiyanın 1-ci mərhələsi, fevralın 1-dən vaksinasiyanın 2-ci mərhələsi başlanacaq. Azərbaycanda Çinin "Sinovac Biotech" şirkətinin istehsalı olan “CoronaVac” vaksinindən istifadə olunacaq.

Bu barədə yanvarın 16-da Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə məlumat verilib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi –Prezident Administrasiyası İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, ikitərəfli qaydada “Sinovac” şirkətindən 4 milyon doza “CoronaVac” vaksini alınacaq:   “Vaksinin az bir hissəsi gətirilib, istehsal edildikcə mərhələ-mərhələ gətiriləcək. Bir insana iki doza vaksin lazımdır, yəni 4 milyon vaksin 2 milyon insan üçündür. Bundan əlavə, çoxtərəfli COVAX platforması çərçivəsində isə əhalinin 10 faizini əhatə edən səviyyədə - 1 milyon insan üçün 2 milyon doza vaksin alınacaq. Bizim əlavə 10 faiz də vaksin almaq, yəni bu göstəricini 20 faizə çatdıraraq 2 milyon insan üçün vaksin almaq imkanımız var”.

Hazırda dünyada 7 vaksin 3-cü sınaq fazasını keçib. Azərbaycan COVAX platformasında iştirak edir, eyni zamanda vaksinlərin əldə edilməsi üçün ikitərəfli razılaşmalarda iştirak edir. COVAX platforması çərçivəsində “Sinovac” şirkətindən 2 milyon doza “CoronaVac” vaksini alacaq. Eyni zamanda “Sinovac” şirkəti ilə danışıqlar aparılır. Ümumilikdə “Sinovac” şirkətinə 4 milyon doza vaksin sifariş edilib. Vaksinlər əvvəlcə Türkiyəyə, orada müəyyən laborator mərhələlərdən keçdikdən sonra Azərbaycana gətiriləcək. “Sinovac” şirkətinin “CoronaVac” vaksini 91.25 faiz effektivdir.

Bu sözləri isə brifinqdə Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev deyib.

O bildirib ki, COVİD-19 əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli əhali qrupları və vaksinasiya mərhələləri müvafiq olaraq aşağıdakı kimidir.

1-ci mərhələ:

- Səhiyyə işçiləri;

- 65 yaşdan yuxarı şəxslər;

- Hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət;

2-ci mərhələ:

- Tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar);

- 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər;

- Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;

- Yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan - milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər.