Qarabağlı Pir Məhəmmədin “Mənaqibnamə”si nəşr olunub

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə yardımı ilə "Qarabağlı Pir Məhəmmədin “Mənaqibnamə”si" kitabını "Elm və təhsil" nəşriyyatında nəşr edib.

Kitabın müəllifləri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Türkdilli əlyazmaların tədqiqi şöbəsinin elmi işçisi Şəhla Xəlillidir. Kitabın elmi məsləhətçisi AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, elmi redaktoru professor Qafar Cəbiyev, rəyçisi filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədlidir.

Kitabda Qarabağlı Pir Məhəmmədin həyatı və təsəvvüfi fəaliyyətindən bəhs olunub. Onun haqqında yazılmış "Mənaqibnamə" əsərinin nüsxələri tekstoloji təhlil edilib, Türkiyə nüsxəsi transfoneliterasiya olunub, mətn sadələşdirilib. Mənqibələrdə adı çəkilən XVI əsrdə Qarabağda yaşamış şəxslər və mövcud olan toponimlər tədqiq edilib. Kitabda Türkiyə, Bakı və Duruca nüsxələrinin fotofaksimiləsi yerləşdirilib. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Müəlliflər bildirir ki, əsərin tədqiqi üçün üç nüsxə - İstanbul Millət Əlyazma Əsərlər Kitabxanası, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Qəbələ rayonu Duruca kənd sakini Ruslan Məmmədovun şəxsi kolleksiyasındakı nüsxələr istifadə edilib.

Pir Məhəmməd XVI əsrin birinci yarısında Qarabağda yaşamış və təsəvvüfi fəaliyyət göstərmiş xəlvəti şeyxidir. “Qara Pirim” və “Qara Şeyx” deyə tanınan Pir Məhəmmədin nəsli məşhur sufi Şəms Təbriziyə bağlanır. Onun nəticəsi Feyzullah əfəndi Osmanlı dövlətində ən ali vəzifələrdən hesab olunan şeyxülsilamlığa yüksəlib, sultanın övladlarının müəllimi olub. Özündən sonra iki oğlu Mustafa əfəndi və Mürtəza əfəndi də şeyxülislam kimi Osmanlı dövlətinin ictimai-siyasi fəaliyyətində yaxından iştirak ediblər. Hazırda Millət Kitabxanası İstanbul şəhərinin Fatih ilçəsində Pir Məhəmmədin nəticəsi Feyzullah əfəndinin külliyəsində yerləşir. Kitabxanada ayrıca Feyzullah əfəndi əlyazma kolleksiyası var. “Mənaqibnamə”nin Türkiyə nüsxəsi həmin kolleksiyadadır. Feyzullah əfəndi bununla yanaşı, nəslinin şəcərəsini tanıdan “Silsilənamə” risaləsi də qələmə alıb. Kitabda həm “Mənaqibnamə”, həm də “Silsilənamə” risalələrinə əsaslanaraq Qarabağlı Pir Məhəmmədin həyatı və fəaliyyəti haqqında məlumat verilir.

“Mənaqibnamə”nin əsas maraqlı tərəfi Qarabağın XVI əsri əhatə edən oba, kənd, çay, dərə, dağ kimi toponimlərinin adının çəkilməsidir. Duruca nüsxəsindən Pir Məhəmmədin ləqəbinin "Qara Pirim" olduğu anlaşılır. Qara Pirim Qarabağın sufizm tarixinin açarıdır. İşğaldan yenicə azad olunan Ağdamın Qarapirimli kəndində “Mənaqibnamə”də adı çəkilən hadisə və yerlərlə bağlı maddi-mədəniyyət abidələrinin varlığı müəyyən edilib. Müəlliflər qeyd edir ki, həmin yerləri tədqiqata cəlb edə bilməsək də, gələcəkdə Qarapirimli xanəgahının arxeoloji baxımdan öyrənilməsi işləri həyata keçiriləcək.