Birləşmiş Ştatlarda fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti ilə Azərbaycan–Amerika Musiqi Fondunun birgə təşəbbüsü əsasında yanvarın 15-dən Üzeyir Hacıbəyli adına Beynəlxalq bəstəkarlar müsabiqəsi elan edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, müsabiqənin məqsədi dahi Azərbaycan bəstəkarının əsərlərini plagiatdan qorumaq, Üzeyir Hacıbəyli musiqisini və Azərbaycan mədəniyyətini təbliğ etməkdir.

Müsabiqənin şərtlərinə görə, Üzeyir Hacıbəylinin əsərlərindən seçilmiş 10 melodiyanın biri və ya bir neçəsi əsasında orijinal əsər yazılmalı və mənbə adı ilə göstərilməlidir. Sənədlər, əsərin çap olunmuş elektron variantı və səs yazısı 2021-ci il iyulun 1-dək qəbul olunacaq.

Müsabiqənin mükafat fondu 3500 dollardır. Qaliblərin əsərləri ABŞ-da nəşr ediləcək və Nyu-Yorkun Linkoln Mərkəzində ifa olunacaq.

Müsabiqədə iştirakla bağlı ətraflı məlumatı https://nmgcs.co/competition-about/  linkindən almaq olar.

Azərbaycan-Amerika Musiqi Fondu 2018-ci ildə təsis olunub. Fondun yaradıcılarından biri və icraçı direktoru həmvətənimiz Cəmilə Cavadova-Spitsberqdir. Fondun məqsədi Amerika ilə Azərbaycan arasında mədəniyyətlərarası münasibətlərin qurulması və musiqimizin okeanın o tayında təbliğidir.

Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti isə ABŞ-da yaşayan başqa bir həmvətənimiz, tanınmış pianoçu, Əməkdar artist Nərgiz Əliyarova tərəfindən təsis edilib.