Prezident İlham Əliyev yanvarın 19-da Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Fərmanla “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin nizamnaməsi və strukturu təsdiq edilib.

Fərmanda qeyd olunur ki, Qarabağ Dirçəliş Fondunun nizamnamə fondu 1 (bir) milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşdırılır.

Qarabağ Dirçəliş Fondunun strukturuna Fondun Aparatı, filialları və nümayəndəlikləri daxildir.

Fondun fəaliyyət istiqamətlərinə müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək; aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, işğaldan azad olunmuş ərazilərdə bərpa, yenidənqurma və dayanıqlı inkişaf işinin həyata keçirilməsinə maliyyə dəstəyi göstərmək; bununla bağlı sərmayələr cəlb etmək, habelə bu istiqamətdə fəaliyyətin effektiv təşkili məqsədilə təbliğat-təşviqat və maarifləndirmə işi aparmaq; işğaldan azad edilmiş ərazilərdə bərpa, yenidənqurma və dayanıqlı inkişaf məqsədlərinin dövlət-özəl tərəfdaşlığı çərçivəsində təmin edilməsi istiqamətində işləri təşviq etmək və digər məsələlər daxildir.