Arxeoloji Etnoqrafik Muzey Kompleksinə 9 ayda 9000 turist gəlib
   
   Gözəl təbiəti, zəngin mədəniyyəti ilə tanınan Azərbaycan son illər dünyada iqtisadi sıçrayışları ilə öndə gedir. Ölkəmizin infrastrukturu günü-gündən genişlənir. Ölkə başçısının xüsusi diqqəti nəticəsində Bakı və regionlarımızda bir-birindən fərqli, möhtəşəm və qeyri-adi istirahət mərkəzləri, hotellər tikilir, muzeylər, qoruqlar yaradılır, yeni parklar salınır, bəziləri isə müasir standartlara uyğun qurulur. Bu yenidənqurma işləri ölkəmizə xarici turistlərin cəlb edilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir. Uzaq keçmişimizin bir çox arxeoloji, mədəni və memarlıq abidələrini qoruyub saxlayan, Abşeron yarımadasında yerləşən, 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən bərpa edilərək istifadəyə verilən və minlərlə yerli və xarici turistlərin axışdığı muzeylərdən biri də Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksidir.
   
   Tarixi yaddaşına həkk edən alınmaz Qala...
   
   Muzeyin direktoru Fikrət Abdullayevin dediyinə görə, Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi əsas iki ideyadan qaynaqlanaraq yaranıb: "Bir tərəfdən turistlərə Abşeron yarımadasının tarixini və mədəniyyətini göstərmək, digər tərəfdən isə bu mərkəz vasitəsilə interaktiv turizmi inkişaf etdirmək bizim əsas məqsədimizdir. İnteraktiv turizm hazırda bütün dünyada geniş yayılıb və inkişaf edir. Bizim muzey kompleksində Tunc dövründən başlayaraq, XIX-XX əsrlərə aid olan külli miqdarda tarixi materiallar və tapıntılar var. Bundan başqa, yaşayış tərzini bərpa etmək üçün həyətlər, evlər, emalatxanalar bərpa olunub və istifadəyə verilib".
   İnteraktiv turizmin inkişafı üçün bir neçə turlar təşkil etdiklərini deyən direktor bildirdi ki, bu turlar xüsusən kiçik yaşlı uşaq və gənclərə aiddir: "Amma onu da söyləyim ki, yaşlı nəslin də sözügedən turlara marağı çoxdur. Turları təşkil etməkdə isə məqsədimiz odur ki, iştirakçılar əsasən haqqında danışdığımız muzey kompleksində olan emalatxanalarda (xalçaçılıq, dulusçuluq, dəmirçixana, təndirxana) özləri işləsinlər və hər bir iş prosesi ilə yaxından tanış olsunlar. Çünki biri var bu sahələrlə bağlı olan stendlərə kənardan seyrçi kimi baxasan, biri də var ki, birbaşa sənətlə ünsiyyətdə olasan. Beləliklə biz muzeyə gələn gənclərlə, turistlərlə tariximiz və mədəniyyətimiz arasında canlı bir ünsiyyət yaratmağa çalışırıq və bir illik təcrübə də göstərir ki, artıq buna nail ola bilmişik".
   Fikrət müəllim bildirir ki, Qala kəndi tarixən şəhər olub: "Bu məkanda e.ə. III minillikdən başlayaraq XX əsrə qədər Abşeron tarixinə aid materiallar, eksponatlar, müxtəlif dövrlərdə inşa olunmuş binalar, qədim yaşayış yerləri və qayaüstü rəsmlər toplanıb. Burda arxeoloji və etnoqrafik materiallar var. Muzeydə qədim tarixin mədəni irsi ilə yanaşı, orta əsrlərin də yaşayış tərzi əks etdirilir və gələn qonaqlara təqdim edilir. Karvan yolunun üstündə yerləşən ərazidə emalatxana və ticarət mərkəzi olub. Elə bu səbəbdən də hazırda muzeydə dəvələr rəmzi olaraq saxlanılır".
   
   Qala kəndində və ətraf ərazidə 215 memarlıq və arxeoloji abidə var
   
   Abşeron yarımadasının tarixinin eramızdan əvvəlki dövrləri əhatə etdiyini deyən F.Abdullayev söylədi ki, burada aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən kurqanlar, ocaq izləri və qəbirlər bunu bir daha sübut edir: "Ölkəmizin ən qədim yaşayış məskənlərindən biri Abşeron yarımadasının şimal-şərqində yerləşən Qala kəndidir. Qala kəndində və ona bitişik olan ərazidə 215 memarlıq və arxeoloji abidə mövcuddur. Burada e.ə III minilliyə aid tarixi mühit qorunub saxlanılır. Qala kəndinin ərazisində 5 məscid, 4 ovdan, yaşayış evləri, kənd təsərrüfatı təyinatlı binalar, sərdabələr, məqbərələr, kurqanlar, qəsrin qalıqları və s. var. Beş min illik tarixə malik Qala kəndində bir neçə məhəllə olub. Bunlardan Tərəkəmə, Balaverdi, Hacı Ramazan, Çəmbərəkənd bu günədək qalıb".
   Abşeron yarımadasının şərq hissəsində aşkar olunmuş abidələrin geniş öyrənilməsinə XX əsrin 60-cı illərindən başlanıldığını deyən F.Abdullayev qeyd etdi ki, aparılan elmi tədqiqatlar nəticəsində aşkar edilən çoxsaylı petroqliflər orta Tunc və Dəmir dövrlərini əhatə edir: "Yarımadada tapılmış e.ə III-II minilliklərdən başlayaraq eramızın orta əsrlərinə qədərki tarixi əhatə edən qayaüstü rəsmlər öz mövzu və süjetlərinə görə çox rəngarəngdir. Burada ov, insanı qurban vermə, müqəddəs nikah və s. səhnələr təsvir olunub. Yarımadanın şərq hissəsinə aid olan ibadət mərkəzlərindən biri olmuş Bəndüstü abidəsində müqəddəs nikah əfsanəsi, heyvanların qurban verilməsi təsvirləri var. Qayaüstü təsvirlərdə nöqtəli, həndəsi, xonça görünüşlü nişanlar mühüm yer tutur».
   
   Muzeyə gələn xarici turistlərin sayı artır
   
   Muzey kompleksinə gələn turistlərdən danışan F.Abdullayevin dediyinə görə, onların əksəriyyətini - təxminən 80 faizini gənclər və tələbələr təşkil edir: "Əslində elə qoruğun yaranması da bilavasitə gənclər üçün nəzərdə tutulub. Gənclər burda həm mədəniyyətimizin bərpasını görürlər, həm də qədim sənət nümunələri ilə tanış olurlar».
   Muzey direktoru deyir ki, qoruğa gələn xarici turistlərin sayı hər ay artır: «Hazırda ölkəmizdə olan xarici ölkə səfirlərinin hamısı muzeydə olublar. Maraqlıdır ki, indi də səfirliklər öz qonaqlarını bu məkana göndərirlər və özləri də ailə üzvləri ilə tez-tez bura gəlirlər. Məsələn, bu yaxınlarda Rusiyanın, ABŞ-ın ölkəmizdəki səfirləri adi bir turist kimi bizim muzey kompleksinə gəlmişdilər. Muzey kompleksində müasir muzey texnologiyalarından istifadə olunması və muzeyin açıq səma altında yerləşməsi seyrçilərin bura axınına səbəb olur. Buna görə də bura gələn xarici turistlərin sayı get-gedə artır".
   Hazırda orta məktəblərlə də sıx əlaqə yaratdıqlarını deyən F.Abdullayev söylədi ki, bu işdə onlara interaktiv texniki vasitələr - e-mail, sayt və muzeylə bağlı xüsusi hazırlanmış CD-lər çox böyük kömək edir: "Eyni zamanda böyük şirkətlərlə də əlaqə saxlayırıq ki, onlar internat məktəblərində və uşaq evlərində xeyriyyə aksiyaları keçirdikdə, bu muzey kompleksini maraqlı bir məkan kimi seçsinlər. Bu hal uşaqların maariflənməsinə kömək edir. Onu da bildirim ki, muzeyə doqquz ay ərzində 7 minə yaxın turist gəlib. Bundan başqa, kompleksdə iki böyük tədbirimiz olub. Bunlardan biri Novruz bayramı ilə əlaqədar müxtəlif səpkili tədbirlər, digəri isə Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə “Xalq Dekorativ-Tətbiqi Sənəti" adlı sərginin təşkilidir. Bu tədbirlərə 3500-dən artıq iştirakçı qatılmışdı. Ümumilikdə götürdükdə, doqquz ay ərzində kompleksə 9 mindən artıq turist gəlib".
   
   Problem: bələdçi...
   
   "Bu gün çoxlu sayda turistlərin axışdığı muzeydə peşəkar bələdçilər varmı" sualımızı F.Abdullayev belə cavablandırdı:"Siz çox vacib bir mövzuya toxundunuz. Bu gün bizdə cəmi iki bələdçi var. Əlbəttə, iki bələdçinin bu qədər turisti əhatə etməsi və onlara ətraflı məlumat çatdırması çətindir. Elə bu səbəbdən də mən və elmi işçilər də ekskursiyalar zamanı bələdçilik edirik. Bələdçi üçün iki amil əsasdır; birincisi mütləq xarici dil bilməlidir (ən azı rus,ingilis,fransız), ikincisi isə onlarda ümumi savadın olması vacibdir. Çünki turistlər bəzən muzeydən əlavə, digər mövzuda da suallar verirlər. Məsələn, Azərbaycan tarixinə, mədəniyyətinə, ədəbiyyatına, dünya ölkələrinin tarixinə və s. Onların bu sahələrdə mükəmməl bilgiləri olmalıdır ki, bu sualları cavablandırsınlar. Deyə bilmərəm ki, hazırda bu kompleksdə işləyən bələdçilər 100 faiz bu sahədə biliklərə yiyələnib. Amma kifayət qədər elmi bilikləri olan və bir neçə dil bilən mütəxəssislər kompleksdə işləyirlər. Gələn il bələdçilərin sayını artırmağı nəzərdə tuturuq".
   Söhbət əsnasında o da məlum oldu ki, muzeyə təşrif buyuran turistlərin burda qalmaq imkanları yoxdur. Fikrət müəllim bildirdi ki, etnoqrafik turizmin inkişafı üçün Qalada mehmanxana tikintisini nəzərdə tutulub: "Qala qəsəbəsində iki yüzdən çox qədim tarixi abidə var. Bəzi yaşayış evlərini bərpa edib, turistlərin qalması üçün imkan yaratmaq olar. Burada onlara milli adət-ənənələrimizə uyğun xidmət etmək də mümkündür. Bu işin reallaşması həm maddi tərəfdən sərfəlidir, həm də yaşayış tərzimizi təbliğ etmək sarıdan faydalıdır».
   
   Fəxriyyə ABDULLAYEVA







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar