“Azad edilmiş ərazilərdə mövcud vəziyyətə uyğun müasir idarəetmə sistemi qurulmalıdır”

Artıq müharibə də başa çatıb, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qalıb. Ona görə mən tam əminəm ki, bugünkü Azərbaycana investisiyalar, ilk növbədə, qeyri-neft sektoruna daha böyük həcmdə gələcəkdir.

Prezident İlham Əliyev bu sözləri yanvarın 18-də Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal sahələrinin təməlinin qoyulması və  “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışı zamanı Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Prezident vurğulayıb ki, yeni müəssisə ölkəmizdə qeyri-neft sektorunun inkişafına əlavə zəmin yaradacaq, yerli istehsal canlanacaq, iş yeri yaradılacaq və iqtisadiyyatımızın şaxələndirilməsi təmin ediləcək: “Beləliklə, ölkəmizin uzunmüddətli dayanıqlı inkişafı təmin ediləcək. İlin əvvəlində məhz buraya gəlməyim təsadüfi deyil. Yəni, 2021-ci il də artıq qələbələrlə başlayır. Əlbəttə ki, mənim bölgələrə ilk səfərim hamımız üçün doğma Şuşa şəhərinə olub. Bu da mətbuatda kifayət qədər işıqlandırılıb. İkinci səfərim isə Sumqayıtadır... Biz bu müəssisələri yaratmaqla həm bu günün məsələlərini həll edirik, həm də gələcək məsələləri. Nə üçün Azərbaycanda bizə lazım olan bütün istehsalat sahələri yaradılmasın? Sadəcə olaraq, həm xarici, həm də yerli investorların ölkəmizin gələcəyinə inamı olmalıdır, bu da həmişə olub, bu gün də var. Gözəl investisiya iqlimi olmalıdır. Dünya Bankının “Doing Business” hesabatında biz 10 ən islahatçı ölkə sırasındayıq və dünya miqyasında 28-ci yerdəyik”.

Dövlət başçısı diqqətə çatdırıb ki, əgər əvvəlki illərdə – Azərbaycanın əraziləri işğal altında olarkən, münaqişə hələ həll olunmamış bir vəziyyətdə ikən biz bu investisiyaları cəlb edə bilmişiksə, bu gün bunları cəlb etmək daha asan olacaq.

Prezident deyib: “Ölkəmizin inkişafı üçün yeni bir dövr başlayıb... Biz azad edilmiş torpaqlara qayıdaraq, o torpaqların potensialından istifadə edəcəyik. Orada çox böyük potensial – bərpaolunan enerji növləri, qiymətli təbii sərvətlər, qızıl yataqları, mis yataqları, çaylar, su anbarları, kənd təsərrüfatı üçün münbit torpaq, turizm imkanları var. Yəni, bu bölgələr bir çoxlarının fikrinə görə, növbəti inkişafımızın aparıcı qüvvəsinə çevriləcək. Mən də əlbəttə ki, bu fikri bölüşürəm. Sadəcə olaraq, azad edilmiş torpaqlarda hər şey planlı şəkildə aparılmalıdır, düzgün aparılmalıdır. Azad edilmiş torpaqların idarə edilməsi ilə bağlı məndə fikirlər var. Bu fikirlər yaxın zamanlarda həyata keçiriləcək. O bölgələrdə mövcud olan vəziyyətə uyğun müasir idarəetmə sistemi qurulmalıdır ki, orada hər şey planlı şəkildə təmin edilsin – şəhərsalma, dövlət orqanlarının funksiyaları. Çünki bilirsiniz, əfsuslar olsun ki, ölkəmizin müxtəlif yerlərində bəzi xoşagəlməz hallar məhz nəzarətsizlik ucbatından baş verir. Bəzi yerlərdə torpaqlar zəbt edilir, insanların əlindən alınır, qeyri-ədalətli şəkildə bölünür. O cümlədən su resursları qeyri-ədalətli şəkildə bölünür, bəzilərinə su çatır, bəzilərinə su çatmır. Bütün bunlar bizə yaraşmır. Biz özümüzü bu qüsurlardan təmizləməliyik və təmizləyirik. Təmizləmə prosesi gedir və gedəcək. Hər kəs bunu bilsin. Heç kim hesab etməsin ki, onun hansısa xüsusi imtiyazı var. Yaxud da ki, kimsə özünü toxunulmaz hesab etməsin. Azad edilmiş torpaqlarda hər şey demək olar ki, dağıdılıb. Ona görə biz elə bir inkişaf modeli qurmalıyıq ki, ondan sonra biz onu bütün başqa torpaqlara da, necə deyərlər, transfer edə bilək, mövcud qüsurlar aradan qalxsın və ölkəmizin uğurlu inkişafı təmin edilsin”.