Heydər Əliyev Sarayı “Tarixi səhnə” adlı yeni layihəyə start verib. Layihə 1972-ci ildən tamaşaçıların ixtiyarına verilən, paytaxtımızın memarlıq simasında xüsusi yeri olan, Azərbaycan mədəniyyəti və incəsənətinin uzun illər nümayiş etdirildiyi, ictimai-siyasi, mədəni-kütləvi tədbirlərin keçirildiyi, möhtəşəm səhnəsi önəmli hadisələrə, tədbirlərə məkan olan Heydər Əliyev Sarayına həsr olunub.
Sarayın direktoru Ramil Qasımovun ideya müəllifi olduğu layihənin əsas məqsədi tarixi səhnənin – Heydər Əliyev Sarayının Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığında xüsusi rolunu, müstəsna əhəmiyyətini, onların maraqlı xatirələrini geniş kütləyə çatdırmaqdır.
Eyni zamanda layihə çərçivəsində 50 ilə yaxın ömrünü tarixi səhnəyə – Heydər Əliyev Sarayına həsr edən, peşəkar və fədakar fəaliyyət göstərən əməkdaşların da çəkilişi nəzərdə tutulub.
Qeyd edək ki, 2022-ci ildə Heydər Əliyev Sarayının fəaliyyətə başlamasının 50 illiyi tamam olacaq. Layihə cari il və gələn il ərzində davam etdiriləcək. Bundan əlavə, “Tarixi səhnə” adlı festivalın və “Tarixi səhnə” filminin çəkilməsi nəzərdə tutulub.