Yaxud komediyanın kədəri
Onun haqqında yazıya başlamaq çox çətin oldu. Ona görə yox ki, sənət yolu qısa və ya aktyor yaradıcılığı kasaddır. Əksinə, çalışdığı hər teatrda, hər truppada irili-xırdalı onlarla obraz yaradıb. Teatra bütün varlığı ilə bağlı olub.
Məni kədərləndirən başqa məqamdır. Əsas da internet resurslarında axtarış verdiyim zaman ancaq ölümü barədə xəbərlərin qarşıma çıxması, haqqında yazı-materialların, demək olar ki, yoxluğu... Buna özüm də daxil olmaqla teatrdan, sənətdən, səhnədən, aktyor yaradıcılığından yazanları ərkyana qınayıram. Və gec də olsa, ondan – özünü səhnədə itirib, elə orada da tapan, hər dəfə teatra hamıdan çox tələsən, hamı üçün darıxan, hamı üçün sözün tam mənasında yaxşı adam olmağı bacaran, çarpışdığı ağır xəstəliyə təslim olaraq bu günlərdə əbədiyyət yoluna çıxan Ağaxan Şərifovdan üzr istəyirəm...
Oynaya bilmədiyi premyera
Onu son olaraq Akademik Musiqili Teatrın səhnəsində – bəstəkar Səid Rüstəmovun musiqi, yazıçı Məmməd Səid Ordubadinin libretto müəllifi olduğu “Beş manatlıq gəlin” musiqili komediyasının məşq prosesində izləmişdim.
Aktyorların təbirində desək, “proqon” məşqi gedirdi və hamı kimi o da həyəcanlı idi. Uşaq kimi sevinir, premyeraya hazırlaşırdı. Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluş verdiyi tamaşa 10 mart – Milli Teatr Günündə tamaşaçıların görüşünə gələcəkdi. Di gəl, bütün bəşəriyyətə düşmən kəsilən, insanlığı bir-birindən perik salan koronavirus səbəbindən bu premyera baş tutmadı.
Göz və qəlbi həmişə tox, qulağı daim xoş sözlərə açıq umu-küsüdən, qeybətdən, qalmaqaldan uzaq aktyor “Beş manatlıq gəlin”in Kar Mövsümü olacaqdı.
Hələ məşq prosesində, eləcə də kulisdə (səhnə arxasında) durmadan improvizələr edir, fasilələrdə yumşaq zarafatları ilə uzun və yorğun prosesə yüngüllük gətirməyə çalışırdı. Çevik və çox nikbin təsir bağışlayırdı. Rejissorun ona həssas davrandığını və aktyor dostunun yanındakına dediyi “artıq xərçəngin son mərhələsindədir” sözləri qulağımı dəlməsəydi, xəstə olduğuna inanmazdım. Deyəsən, özü də buna inanmaq istəməyib və həyatının son gününə qədər ona meydan oxuyub...
Səhnədən keçən yol
Ağaxan Şərif oğlu Şərifov 22 oktyabr 1962-ci ildə Ağsuda anadan olub. 1986-1990-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram-kino aktyorluğu şöbəsində təhsil alıb. 1990-1996-ci illərdə Gənclər Teatrında, 1993-2007-ci illərdə “İlham” miniatür teatrında çalışıb. Bundan başqa, dəvət əsasında Akademik Opera və Balet Teatrında da bir neçə obraz yaradıb. Xüsusən də “O olmasın, bu olsun”da yaratdığı Hambal rolu ilə yadda qalmağı bacarıb. “Üzeyir bəy Hacıbəylinin əsərlərində bütün qəhrəmanlar əsas qəhrəmanlar qədər önəmlidir” deyən aktyor təxminən 6-7 il sərasər bu obrazda səhnəyə çıxıb, daha da tanınıb, sevilib.
2007-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında işləməyə başlayıb. Maraqlıdır ki, bu teatrda da ilk rolu Hambal olur. Daha doğrusu, məhz bu rola qatmış olduğu çalara, ələlxüsus da, özündən əvvəlkilərdən fərqlənmək bacarığına görə sənət yolunu bu teatrda davam etdirib.
Ağaxan Şərifov bu teatrın səhnəsində də bir-birindən maraqlı rollar oynayıb. Bu sırada Evlər müdiri (“Talelər qovuşanda” – R.Hacıyev), Ofisiant (”Qısqanc ürəklər” – R.Mirişli, M.Haqverdiyev), İnzibatçı (”Şeytanın yubileyi” – O.Rəcəbov, A.Babayev), 2-ci xidmətçi (“Milyonçunun dilənçi oğlu” –- S.Ələsgərov, Ş.Qurbanov), Cəfər (”Amerikalı kürəkən” – R.Mirişli, M.Haqverdiyev), Kameraman (“Şəhərdə manyak var” – S.Fərəcov, Ə.Nesin), Nadir (“Matəm marşı və yaxud gözünüz aydın” – M.Məmmədov), Süpürgəçi (“Ər və arvad” – Ü.Hacıbəyli) kimi obrazları qeyd etmək olar.
Heç vaxt rol bölgüsündə narazılıq etməyən, üzərinə düşən işi məsuliyyətlə icra edən və hər obrazına baş qəhrəman kimi yanaşan aktyorun Şeyx Salah (“Kimyagər” – S.Kərimi, Ə.Ol), Dayıoğlu (“wwwFerzelikefcom” – E.Sabitoğlu, C.Məmmədov), Kral Yubetr (“Yatmış gözəl və cırtdanlar” – A.Sadıqov), Qəbirqazan (“Toya bir gün qalmış” – Ə.Səmədli), Padşah (“999-cu gecə” – F.Əmirovun musiqiləri əsasında), Şofer, Qədir (”Molla Nəsrəddinin beş arvadı” – İ.Sadıqov, tərc. D.Mustafayev) kimi rolları da koloriti ilə seçilib, tamaşaçıların rəğbətini qazana bilib.
Daim “Mənim üçün fərqi yoxdur, mən aktyoram, rejissor məni hansı rolda görürsə, o rolu da canla-başla oynayıram. Əlbəttə ki, ürəyimdən keçən, məni düşündürən rollar da olur. Ancaq önəmli olan rejissorun aktyoru hansı rolda görməsidir. Ümumiyyətlə, tamaşa bir rejissorun quruluşunda bütün yaradıcı heyətin birliyi sayəsində ərsəyə gələn sənət nümunəsidir. Tamaşanın istər zəif, istərsə də güclü alınmasında bütün yaradıcı heyət məsuliyyət daşıyır” deyən klassik aktyorluq ənənələrinə sadiq aktyorlardan idi.
Özünü kino sahəsində də sınayan aktyor “Nə gözəldir bu dünya!” (1999), “Əlavə təsir” (2010) kimi filmlərdə də çəkilmişdi.
Yarımçıq...
Bəli, neçə-neçə tamaşa üzərində məşqləri yarımçıq qaldı. Tələsə-tələsə teatra, məşqə, tamaşaya gələn adam bu dəfə gecikdi. Beləcə, illər ayrıcında – 2020-ci ilin 31 dekabrında həyat səhnəsindən endi. Arzuladığı alqış payını sonuncu dəfə almadan...
Həmidə NİZAMİQIZI