Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 31 il ötür. Hər il anım mərasimləri, teatr-konsert müəssisələrində tamaşa nümayişləri, ədəbi-bədii kompozisiyalarla yadda qalan qürur günümüz bu il məlum pandemiya səbəbindən fərqli formatda keçir. Teatr-konsert müəssisələri fəaliyyət göstərməsə də, bir sıra teatrlar onlayn formatda tamaşa və ya videoçarxların nümayişi ilə 20 Yanvar şəhidlərimizi yada salırlar.
Akademik Opera və Balet Teatrı Xalq artisti Firəngiz Əlizadənin “İntizar” operasını nümayiş etdirəcək. İkipərdəli operanın libretto müəllifi professor Nərgiz Paşayeva, quruluşçu rejissoru “Helikon-Opera” Teatrının (Moskva) bədii rəhbəri, Rusiyanın Xalq artisti Dmitri Bertman, quruluşçu rəssamı Hartmut Şorqhoferdir.
Bəstəkar, Xalq artisti Sərdar Fərəcovun “Cavad xan” birpərdəli baleti (libretto müəllifi – Əjdər Ulduz, xoreoqrafiya – Xalq artisti Kamilla Hüseynova) də anım günü repertuarında yer alır.
Hər iki səhnə əsərinin videoyazısı yanvarın 20-də teatrın sosial şəbəkə hesablarında təqdim olunacaq.
Tamaşaya yanvarın 20-də teatrın sosial şəbəkə hesablarından baxa bilərsiniz.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yanvarın 20-də “Qarabağnamə” tamaşasının videoyazısını “YouTube” kanalında nümayiş etdirəcək. Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədov, musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.
Şuşa Dövlət Musiqili Dram Teatrı 20 Yanvar faciəsinin ildönümü ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirəcək. “Yanvarın iyirminci günü” adlı ədəbi-bədii kompozisiya ilə yanaşı, kollektiv üzvlərinin Şəhidlər xiyabanını ziyarət zamanı söylədikləri şeirlərdən ibarət videoçarx da virtual səhnədə göstəriləcək.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı da 19-20 yanvar günlərində virtual səhnəsini mövzuya uyğun əsərlərə ayırıb. Teatrın ötən mövsümdə repertuara daxil edilən “Şəhərin qış gecələri” tamaşası Xalq yazıçısı Anarın eyniadlı pyesi əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, quruluşçu rəssamı Arif Əbdürrəhmanovdur. Tamaşanı teatrın “YouTube” kanalında başqa günlərdə də izləmək olar.
Xalq artisti Vaqif Əsədovun quruluş verdiyi “Yarımçıq qalmış...” tamaşası Yevda Abramov və Leyla Bəyimin “Yarımçıq qalmış...” (“Xəyalpərvər oğlan”) əsəri əsasında hazırlanıb. Rejissoru Gülnar Hacıyeva, plastik səhnələrin rejissoru Pərviz Məmmədrzayev, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ramiq Nəsirovdur.
Bakı Uşaq və Gənclər Teatrı “Vətən bu gün sənsən, oğul” adlı yeni videoçarx hazırlayıb və onu 20 yanvar günü sosial şəbəkə hesablarından təqdim edəcək. Milli vətənpərvərlik, milli qürur hissləri aşılayan videoçarxın ssenari müəllifi Arzu Soltan, quruluşçu rejissoru İntiqam Soltandır.
Teatrın “Vətən” tamaşası da həmin gün nümayiş olunacaq. Azərbaycanın dövlət atributlarına – Dövlət Bayrağına və Dövlət Himninə həsr olunan tamaşanın rejissorları İntiqam Soltan və Ayşad Məmmədov, rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Mahir İbrahimlidir.
H.NİZAMİQIZI