Bakıda Əl Oyunları İdman Sarayında İran İslam Respublikasının IV özəl sərgisi açılıb. Tədbirin açılış mərasimində çıxış edən sərginin baş direktoru Mehdi Xidməti bildirib ki, ötən il Bakıda təşkil olunan sərgidə 48 şirkət iştirak edib, bu il isə 58 şirkət təmsil olunur. İranda fəaliyyət göstərən böyük şirkətlərin burada iştirak etdiyini deyən direktorun sözlərinə görə, sərgidə əsasən çini qablar, qızdırıcılar, xalçalar, turizm potensialını əks etdirən reklam-çap məhsulları, ədviyyatlar, məişət əşyaları, texnika nümayiş olunur.
M.Xidməti onu da bildirib ki, 4 il bundan öncə İranla Azərbaycan arasında istehsal sahəsində əlaqələr olmasa da, bu cür sərgilərin təşkili iki ölkə arasında əlaqələrin genişlənməsinə gətirib çıxarıb. Qeyd edək ki, ötən il keçirilən sərgidə təmsil olunan şirkətlərin artıq Azərbaycanda filialları fəaliyyət göstərdiyi üçün onlar bu sərgidə təmsil olunmurdular. Üç gün davam edən sərgidə ötən ildən fərqli olaraq daha çox iştirakçı vardı. Bu cür sərgiləri Avropa və Şərq ölkələrində təşkil etdiklərini deyən baş direktor bildirib ki, Azərbaycandan sonra Rusiya və Türkmənistanda da sərgi keçirmək niyyətindədirlər: “İstərdik ki, bu sərgi yalnız Bakıda keçirilməklə məhdudlaşmasın. Azərbaycanın da İranda belə sərgilər təşkil etməsi yaxşı olardı”.
İranın ölkəmizdəki səfiri Məhəmməd Bağır Behrami bildirib ki, Azərbaycanda belə bir sərginin təşkilindən məmnundur. O, adıçəkilən tədbirdə İranın millət vəkillərinin də iştirak etdiyini deyib və Azərbaycanla İran arasında əlaqələrin daha da genişləndiyini vurğulayıb. Səfirin sözlərinə görə, bunu hər iki dövlətin ölkə başçıları da istəyir. Bağır Behrami onu da qeyd edib ki, oxşar mədəniyyətlərin olduğu hər iki ölkədə müxtəlif sahələrdə əlaqələrin qurulması vacibdir: «Mədəniyyət, ticarət, turizm və digər sahələrdə əlaqələr qurmağa hər iki ölkənin potensial imkanı çatır. Bu sərginin təşkili Azərbaycan və İran iş adamları arasında əlaqələrin yaranmasına səbəb olacaq. Azərbaycanın iş adamları gəlib İranda müəssisələr aça bilər və əldə etdikləri qazancı öz ölkələrinə sərf edə bilərlər. Məqsəd qarşılıqlı əlaqələrin yaranmasıdır. Lakin İranla Azərbaycan arasında ticarət əlaqələri güclü deyil. İstərdik ik, bu əlaqələr daha da güclənsin».
İki ölkə arasında olan əlaqələrin yeni deyil, əsrlərdən bəri davam etdiyini, tarixi köklərə bağlı olduğunu deyən Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) katibi Məhəmmədəli Əfəndiyev bildirdi ki, bu əlaqələri daha da genişləndirmək lazımdır: «Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan böyük siyasət hazırda ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirilir və ölkədə qeyri-neft sektoru daha da inkişafdadır. Bunun nəticəsidir ki, ÜDM-in 86 faizini özəl sektor təşkil edir. Əminəm ki, bu sərgidə iki ölkənin iş adamları tərəfdaşlar tapacaq. Bütün bunlar həm Azərbaycan, həm də İranın iqtisadi yüksəlişi üçün daha geniş imkanlar açacaq. Bu sərginin analoji olaraq İranda da keçirilməsini istərdik. ASK İrandan gələn iş adamlarına kömək etməyə hazırdır”.
Ərdəbilə ildə 800 000 turist səfər edir
Turizmin hər bir ölkə üçün gəlirli sahə olduğunu deyən Ərdəbil Turizm İdarəsinin nümayəndəsi Haşim Nəhamin bildirdi ki, İran da turizmin inkişafına önəm verir və bu sektorun təşəkkülü istiqamətində addımlar atır. Sərgidə təmsil olunan Ərdəbil turizmi ilə bağlı məlumat verən H.Nəhamin qeyd etdi ki, Tehranın 588 km-də yerləşən Ərdəbilin adı ilk dəfə 5 min il əvvəl gil yazılarda Ərəta kimi qeyd edilib: «Səfəvi sülaləsinin ata-babalarının qəbirləri Şeyx Səfi kompleksində yerləşir. Bundan başqa, öz xalçaları ilə də məşhur olan Ərdəbildə Heran gədiyi Ərdəbil-Astara yolunda və Nəmin şəhərinin yaxınlığındadır. Fındıqlı meşənin turizm və park kompleksi, Aladizgə mineral sulardan Gərməçeşmə və Yelsuyu Şeyx Bədrəddin məqbərəsi, Qurddaşı qayası da məşhurdur. Ərdəbildə 7-8 hotel fəaliyyət göstərir və burada qiymətlər 25-30 dollar arasındadır. Ərdəbilə təxminən ildə 800 000 turist səfər edir».
Sərgi iştirakçılarından olan “Iran Mashal” şirkəti özünün “Gazmataab” məhsullarını təqdim etdi. Adıçəkilən şirkət 1980-ci ildə İranda təsis olunub. İngiltərədə olan “Ambirad” şirkəti ilə birlikdə İranda şüalandırma qızdırıcı sistemlərin istehsal fabrikini təsis edib. Şirkətin nümayəndəsi A.Berenjçee bildirdi ki, “Iran Mashal” şirkəti son 10 il ərzində 2 milyon kvadrat metrdən artıq müxtəlif sənaye salonlarını qızdırıcı sistemlərlə təmin edib: “Bizim üçün fəxredici olar ki, ölkəmizə dost və qardaş sayılan Azərbaycana bu avadanlıqları idxal edək. Həmin qurğuların köməyi ilə yanacaq və elektrik enerjisinə yüksək səviyyədə qənaət olunur. Ümumiyyətlə, şüalanma qızdırıcı sistemlər çox soyuq ölkələrdə olan fabriklər, işçilər üçün lazım olan istiliyi təmin edə bilir. Bundan başqa, broyler fabrikləri və quşçuluq sənayesi üçün sərfəli və effektlidir”.
Sərgi iştirakçılarından biri də “Ardabil Vegetable Oil Production Co” şirkətidir. Şirkətin nümayəndəsi Y.Zihingifv bildirdi ki, “Şabil” maye yağı istehsalı ilə məşğuldur. Yüksək dəyərli qida və enerji ilə dolu olan şabil maye yağı vitaminlərlə zəngindir. “Şabil” maye yağı günəbaxan, soya, qarğıdalı yağlarının qarışığından hazırlanır.
Sərgidə Azərbaycanda fəaliyyət göstərən “Azərpürə” şirkəti də öz məhsullarını nümayiş etdirirdi. Granol şəklində kartof unu istehsal olunduğunu deyən şirkətin nümayəndəsi Sadiq Tağıyev bildirdi ki, məqsəd müasir texnoloji normalardan istifadə və tətbiq etməklə məhsulların keyfiyyətini daha da yaxşılaşdırmaqdır: “Bu məhsul bir çox yeyintilərin, o cümlədən bitki katleti, kartof unu əsas materialı olan oloviyə, hamburgerin hazırlanmasında, şorbaların qatılaşdırılmasında və sənaye çörəyinin zənginləşdirilməsində istifadə edilir. Bu məhsulun müxtəlif iqlim şəraitində saxlanması olduqca asandır”.
Sərgidə təmsil olunan “Mihan” şirkətinin öz məhsulları ilə alıcıların rəğbətini qazanmağa çalışdığını deyən şirkətin marketinq direktoru Əbulfazi Paydari bildirdi ki, müəssisə əsasən süd və qatıq istehsalı ilə məşğuldur. Şirkət 1975-ci ildən Tehranda yaradılıb və bu müddət ərzində süd, qatıq və 75 adda dondurma istehsal edib. İki il öncə Azərbaycanla əməkdaşlıq etdiklərini deyən Ə.Paydarinin sözlərinə görə, hazırda ölkəmizlə bu əlaqələri bərpa etmək niyyətindədirlər. O da vurğulandı ki, hazırda şirkət Pakistan, Dubay, Küveyt, Türkiyə ilə əməkdaşlıq edir.
Fəxriyyə ABDULLAYEVA