Tezliklə Şuşaya avtobuslar yola düşəcək...

İşğaldan azad edilmiş şəhər və rayonlara avtobus xətləri açılacaq. Bu məqsədlə daşıyıcı şirkətlərin müəyyən edilməsi üçün müsabiqə keçirilir. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, işğaldan azad edilən şəhər və rayonlara marşrutların açılması üzrə pasportlar hazırlanıb. Birinci mərhələdə Horadiz, Suqovuşan, Talışkənd, Cəbrayıl, Zəngilan rayonlarına, həmçinin Şuşa şəhərinə avtobus marşrutları açılacaq.

Qeyd edək ki, ölkə başçısının tapşırığına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Şuşaya çəkilən yolun genişləndirilərək II texniki dərəcəyə uyğun inşası davam etdirilir.

Şəhidlərimizin qanı ilə yazdığı, müzəffər Ordumuzun Şuşaya daxil olduğu bu yolun həm də rəmzi mənası, mənəvi önəmi var. Məhz bu səbəbdən Prezident İlham Əliyev Şuşaya səfəri zamanı bu yolu “Zəfər yolu” adlandırıb.

AAYDA-dan bildirilib ki, “Zəfər yolu” boyunca tikinti işlərinin birinci mərhələsi yekunlaşdırılıb. İki ay ərzində yol genişləndirilib, yeni torpaq yatağı inşa edilib, gediş-gəliş təmin olunub. Bu ilin sentyabr ayınadək isə yolun tam olaraq 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi nəzərdə tutulur.

Buna paralel olaraq dövlət başçısının Füzuli rayonuna sonuncu səfəri zamanı təməli qoyulan, Füzuli şəhərindən Şuşa şəhərinə qədər yeni tras üzrə hazırlanmış layihə əsasında I texniki dərəcəli magistral avtomobil yolunun tikintisinə start verilib.

Yeni layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu (101 km) qısalaraq 84,6 km təşkil edəcək. Yeni Füzuli-Şuşa avtomobil yolu 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilir. Yolun ilk 48 km-i 6, 48-84,6 km-i isə 4 hərəkət zolağından  ibarət olacaq.

Yeni trasa üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa bulağınadək əlavə 2 km-lik II texniki dərəcəli yolun inşa edilməsi də daxil edilib. Yeni Füzuli-Şuşa magistral avtomobil yolu üzrə layihənin icrası 2022-ci il ərzində tamamlanacaq.