Yanvarın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsinin qurbanlarına həsr olunmuş musiqi proqramı təqdim edilib. Konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib.
Proqramda V.A.Motsart, N.Əliverdibəyov, T.Quliyev, C.Villiam, Q.Qarayev, C.Perqolezi, Q.Fore və H.Xanməmmədovun əsərləri səsləndirilib.
“ÜNS” yaradıcılıq səhnəsinin solisti, Əməkdar artist Aqşin Abdullayev bildirib: “Pandemiyaya görə ötən il nə qədər çətin keçsə də, müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Ordumuz bizə Qələbə sevinci yaşatdı. Şəhidlərimizin qanı yerdə qalmadı.
Mən bu gün Tofiq Quliyevin “Azərbaycan” mahnısını ifa etdim. Sənətkarın müharibə illərində bəstələdiyi bu mahnıda insanların saf duyğuları, vətənə məhəbbəti tərənnüm olunur, onlarda ruh yüksəkliyi yaranır”.
Tədbirdə həmçinin Azərbaycan Milli Konservatoriyasının nəzdində olan Respublika İncəsənət Gimnaziyası şagirdlərinin əl işlərindən ibarət kiçik rəsm sərgisi də nümayiş olunub.
Musiqi proqramı yanvarın 20-də “Mədəniyyət” kanalı vasitəsilə də yayımlanıb.