Azərbaycanın hüzn və şərəf tarixi olan 20 Yanvar qardaş Türkiyədə də müxtəlif tədbirlərlə anılıb.

Ölkəmizin Ankaradakı səfirliyi, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun birgə təşkilatçılığı ilə “Sovetlər dövründə ilk milli azadlıq hərəkatı: Azərbaycandakı 20 Yanvar hadisələri” mövzusunda videokonfrans keçirilib.

Fondun rəhbəri, professor Aygün Əttarın moderatorluğu ilə keçirilən videokonfransda Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə Prezident Administrasiyası Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü İsmayıl Safi, İstanbul Universitetinin prorektoru, professoru İlyas Topsakal çıxış ediblər.

Çıxışlarda 1990-cı il yanvarın 20-nə keçən gecə keçmiş Sovet Ordusunun Azərbaycan xalqına qarşı törətdiyi ağır hərbi cinayətin motivləri və hazırda regionda baş verən proseslər arasında paralellər aparılıb.

Diqqətə çatdırılıb ki, Azərbaycanda başlanan milli azadlıq hərəkatı Sovet İttifaqının sütunlarını laxladıb. 20 Yanvar faciəsindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev o vaxtkı sovet rəhbərliyinin ikiüzlü siyasətini ifşa edərək xalqımızın haqq səsini dünyaya çatdırıb.

***

Azərbaycanın İstanbuldakı baş konsulluğunda 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar fotosərgi təşkil edilib.

Sərgidə faciənin dəhşətlərini əks etdirən fotolar nümayiş olunur. Fotoşəkillər 1990-cı ilin 20 yanvarında Bakıda baş verən qanlı hadisələrin dəhşətləri ilə bağlı əyani təsəvvür yaradır.

Tədbirdə ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, diplomatik nümayəndəliyin əməkdaşları və media nümayəndələri iştirak ediblər.

***

Azərbaycanın Qars şəhərindəki baş konsulluğu və İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyi tərəfindən birgə təşkil olunan mərasimdə yerli hakimiyyət orqanlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və “Qarda açan qərənfillər” adlı film nümayiş olunub.

Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev, İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar, Ədalət və İnkişaf Partiyasının (AKP) İğdır şöbəsinin sədri Ali Kamal Ayaz çıxış ediblər.

Baş konsul Nuru Quliyev diqqətə çatdırıb ki, ermənilərin Azərbaycana əsassız ərazi iddialarına etiraz edən xalqımız keçmiş sovet rəhbərliyinin düşmən mövqeyi ilə üz-üzə qalıb. Nəticədə 1990-cı il yanvarın 20-nə keçən gecə Azərbaycan xalqının günahsız övladlarının qanı tökülüb.

Ziya Zakir Acar və Ali Kamal Ayaz çıxışlarında bildiriblər ki, o dövrdə sərhədlər bağlı olduğu üçün ümumi məlumatsızlıq olsa da, Türkiyə ictimaiyyəti Azərbaycanda baş verən prosesləri böyük narahatlıqla izləyib, doğma qardaşlarına kömək əllərini uzatmağa hazır olublar.

Çıxışlarda vurğulanıb ki, bu hadisələr faciə olsa da, Azərbaycan xalqının qəhrəmanlığını, insanların öz doğma torpağına görə canından keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirib.

Qars şəhərindəki baş konsulluğumuz tərəfindən 20 Yanvarın ildönümü ilə əlaqədar videokonfrans da təşkil edilib. Videokonfransda Bakı Dövlət Universitetinin müəllimi, tarixçi Arzu Məmmədovanın “20 Yanvar faciəsinin səbəb, məqsəd və nəticələri” mövzusunda məruzəsi dinlənilib.

Mehparə SULTANOVA
Ankara