Seyid Əzim onun ifasını gözəl səsli Davuda bənzətmişdi
Milli musiqi xəzinəmizə töhfələr verən, onu zənginləşdirən klassik muğam ifaçılığının görkəmli nümayəndələrindən biri də xanəndə Mirzə Məhəmmədhəsəndir. Onun ifası dövrün tanınmış sənət adamları tərəfindən yüksək qiymətləndirilib. Yaradıcı sənətkarlarımızdan olan xanəndə “Sarıtorpaq şikəstəsi” və bir neçə təsnifin də müəllifidir. Şöhrəti zamansızlığa qovuşan muğam ustasını anadan olmasının 170 illiyi münasibətilə yada saldıq.
Mirzə Məhəmmədhəsən İsmayıl oğlu Fələkzadə Şirvani 1851-ci ildə Şamaxı şəhərində anadan olub. Erkən çağlardan oxumağa, öyrənməyə maraq göstərir. Mükəmməl mədrəsə təhsili alır, fars və ərəb dillərini mənimsəyir. Atası oğlunun savadlı molla olmasını arzulasa da, niyyəti baş tutmur. Çünki balaca Məhəmmədhəsənin könlündən xanəndə olmaq keçirdi. Beləliklə, o, arzusunun sorağına düşür. Xanəndə kimi püxtələşməsində Kərbəlayı Əkbərin böyük əməyi olur. Ona muğam və təsnifləri öyrədir. Məhəmmədhəsən dini mahnılar oxuyur, şəhər əhalisi arasında tanınır. Onun gözəl səsindən və musiqi istedadından xəbər tutan tanınmış musiqi xadimi, xeyriyyəçi Mahmud ağa gənc xanəndəni öz himayəsinə götürür, sənətini inkişaf etdirməsi üçün qayğısına qalır. Gənc xanəndə Şamaxı musiqiçiləri arasında tanınmaqla yanaşı, Qarabağ elinin Hacı Hüsü, Əbdülbağı Bülbülcan kimi məşhur sənətkarları ilə birgə məclislərdə çıxış edir.
Xanəndənin müasiri olan şair Seyid Əzim Şirvani də Mirzə Məhəmmədhəsənin səsinə və sənətkarlığına heyran olur. Bir gün o, Şamaxı bağlarını gəzərkən məlahətli bir səsin ətrafa yayıldığını eşidir. Şair ayaq saxlayıb səsi dinləyir. Oxuyanın Mirzə Məhəmmədhəsən olduğunu bilib bədahətən deyir:
Əqlimi əlimdən nə gülü yasəmən aldı.
Nə sünbülü reyhan, nə bağu çəmən aldı...
Davud məgər zində olub dəhrdə,
Seyyid, Arami-dilim sövti-Məhəmmədhəsən aldı.
Araşdırmalardan məlum olur ki, Cabbar Qaryağdıoğlu da Mirzə Məhəmmədhəsənin xanəndəlik məharətinə yüksək qiymət verib. O, xatirələrində xanəndə ilə görüşünü və onun oxumağından aldığı xoş təəssüratı belə ifadə edib: “1888-ci ilin bir payız günündə Bakıya gəlmişdim. Şamaxılı Hacı Əli Abbasın uşaqlarının toy məclisinə gedəcəkdim. Tarzən Sadıqla dörd gecə həmin toyda iştirak etdik. Mirzə Məhəmmədhəsənin çox bilikli və gözəl səsə malik olduğunu orada yəqin etdim. O, el xanəndəsi olmaqla bütün camaatın rəğbətini qazanmışdı”.
Maarif xadimi Camo Cəbrayılbəyli Mirzə Məhəmmədhəsənin oxumağından aldığı xoş təəssüratı belə ifadə edib: “XIX əsrin axırları idi. Yaxın qohumlarımdan birinin toyu olacaqdı. Eşitdim ki, toyu o zamanın məşhur xanəndəsi Mirzə Məhəmmədhəsən idarə edəcək. Mən də toyda iştirak etdim... Onu ilk dəfə həmin toyda gördüm. Necə oxuyacağını ürək döyüntüsü ilə gözləyirdim. Yaxşı yadımdadır, məclis əhli Mirzədən “Çahargah” oxumasını xahiş etdi. Mirzə “Çahargah” muğamını Seyid Əzim Şirvaninin:
Güş qıl, ey ki, bilirsən özünü vaqifi-kar,
Agah ol, gör ki, nədir naleyi-ney, nəğmeyi-tar. –
misraları ilə başlanan məşhur müxəmməsi ilə başladı. Onun çox yanıqlı oxuması, şirin gəzişmələri məclisdəkiləri valeh etmişdi... Mirzənin oxuması iki saata qədər çəkdi. Lakin məclis əhli onun səsindən doymamışdı”.
Mirzə Məhəmmədhəsən 35 il xanəndəlik edib. Cənubi Qafqazın bir çox bölgələrində öz sənəti ilə tanınıb. Hər məclisdə milli musiqimizin təbliğatçısı olub. Böyük məharətlə oxuduğu “Şüştər”, “Humayun”, “Rast”, xüsusilə “Mənsuriyyə” muğamları yaddaşlarda silinməz iz buraxıb. O, həmçinin ədəbi yaradıcılıqla da məşğul olub, şeirlər qələmə alıb.
Böyük sənət uğurlarına baxmayaraq, tanınmış nəğməkarın ömrünün son illəri ağır ehtiyac içərisində keçir. Gözləri işığını itirir, qulaqları tutulur. Onun 1916-cı ildə işıq üzü görən “Nalə” kitabında həyatı və yaradıcılığı geniş təsvir olunub. Kitabın “Nalə” adlandırılması da təsadüfi olmayıb. Nəşrdə Mirzə Məhəmmədhəsənin ağır ehtiyac içərisində yaşadığı günlərdə qəlbindən qopan ah-naləsi, fəryadı öz ifadəsini tapıb:
Tuti qəfəsində deyibən bir vətən ağlar,
Zülmətə düşüb Mirzə Məhəmmədhəsən ağlar.
Müəllif başqa bir şeirində də səhhətində yaranan problemlərin ruh düşkünlüyü yaratdığını vurğulayır:
Karlıq, korluq göründü məndə,
Təqsirim nədir düşdüm kəməndə...
Bu qədər fələkdə naz olurmu,
Bir başa iki qapaz olurmu?!
İki qulağım, iki gözüm yox,
Bu mərhəmətə mənim sözüm yox...
Xanəndənin şeirləri içərisində “Desinlər” rədifli qəzəli çox məşhur olub. Bu qəzəl uzun illər başqa xanəndələr tərəfindən də sevilə-sevilə oxunub. Cabbar Qaryağdıoğlu da onun qəzəl və şeirlərindən yeri düşdükcə istifadə edib. Seyid Şuşinski isə müğənninin “Nalə” kitabçasını həmişə yanında saxlayıb.
Musiqi mədəniyyətimizdə iz qoyan tanınmış xanəndə və şair Mirzə Məhəmmədhəsən 1917-ci ildə Şamaxı şəhərində vəfat edib.
Savalan FƏRƏCOV