Yaqub Zurufçu şəhidlərin xatirəsinə yeni mahnı bəstələyib
Sevilən səs sahibi, Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu şəhidlərimizin və şəhid analarının şərəfinə “Ağlama, anam, mənə...” adlı mahnı bəstələyib. Mahnının sözləri şairə Solmaz Şirvanlıya məxsusdur.
Bu barədə məlumatı Əməkdar jurnalist Rəhman Orxan paylaşıb. O, qeyd edib ki, Yaqub Zurufçu xalqımızın hələ 1988-ci ildən başladığı azadlıq çarpışmalarının ön sıralarında yer alıb, “Ayrılıq” və digər vətənpərvərlik ruhlu mahnıları oxuyaraq öz mübariz səsini xalqın səsinə qatıb, Vətənimizin xoş günlərinin sorağında olub. Böyük el məhəbbəti qazanmış ustad müğənni Vətən müharibəsinin ilk günlərindən də müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə uğurlu döyüşlər aparan Milli Ordumuzun igidlərinə xeyir-dua diləyib, xalqımızın böyük, müqəddəs Qələbəsinə dərin inam bəsləyib.
Möhtəşəm zəfərimizə aparan yollarda “can Vətən!” deyib, qorxu bilmədən, qəhrəmancasına vuruşaraq şəhid olmuş hər bir döyüşçümüzün, onların doğmalarının kədəri sənətkarın qəlbində ağır bir daş kimi asılıb qalmışdı. O öz qəlbinin və şəhid analarının ürəklərinə az da olsa, məlhəm qoymaq istəyilə neçə vaxt idi ki, üzərində çalışdığı həzin, kövrək bir mahnı bəstələyərək, şəhidlərimizin və şəhid analarının şərəfinə “Ağlama, anam, mənə...” adlı musiqi abidəsi ucaldıb.
Mahnıda ülvi duyğular üzərində köklənərək, rəmzi şəkildə səslənən musiqili ana-oğul dialoqu sanki əbədiyyət, ilahi bir bəşər sevgisinin nümunəsidir. “Mahnının sədaları və Yaqub bəyin qəlbləri ehtizaza gətirən həzin, kövrək ifası həm üzünü bir də heç vaxt görə bilməyəcəyi, boynuna qol salıb, üz-gözündən öpə bilməyəcəyi övlad üçün layla kimi səslənən müqəddəs ana kədərini, həm də ruhu göylərdə, uğrunda canından keçdiyi Vətən səmasında indi şad və rahat dolaşan şəhidin qürur və sevincini bütün dolğunluğu ilə dinləyiciyə çatdırır”, – deyə Rəhman Orxan yazır.