Şəhid kəşfiyyatçının örnək döyüş yolu

Vətən müharibəmiz uzun çəkmədi – cəmi 44 gün. Amma bu 44 gündə qazandığımız böyük Zəfər igid hərbçilərimizin fədakarlığı, Vətən uğrunda misilsiz rəşadəti sayəsində mümkün oldu. Azərbaycan Ordusu adını dünyanın hərb salnaməsinə yazdırdı. Bu Qələbənin əldə olunmasında imzası olan igidlərimizdən biri də şəhid Əlizamin Ramazanlıdır.

Əlizamin Umud oğlu Ramazanlı 2000-ci il mayın 9-da Bərdə rayonunun Şirvanlı kəndində anadan olub. Əslən Xocalı rayonunun Kosalar kəndindəndir. Əlizaminin doğum günü ata yurdu Kosaların işğalı ilə eyni vaxta düşdüyü üçün ad günlərində ailəliklə sevinə bilmirdilər...

Ailələri 1992-ci ildən Bərdə rayonunda müvəqqəti məskunlaşmışdı. Əlizamin 2006-cı ildə Bərdə rayonunda fəaliyyət göstərən Şuşa şəhər 19 nömrəli tam orta məktəbin birinci sinfinə gedib. 2017-ci ildə həmin məktəbi bitirərək hərbi xidmətə yollanıb. 2019-cu ilin yanvarında ordudan tərxis olunub. Hərbi xidmət zamanı qorxmaz və intizamlı əsgər kimi yadda qalıb. Vətənin keşiyində ayıq-sayıq dayanıb.

Ailənin tək oğul övladı olan Əlizamin valideynlərinə fəaliyyətini hərbçi olaraq davam etdirmək istədiyini bildirib və 2020-ci il fevralında Sərhəd Qoşunlarında kəşfiyyatçı kiçik gizir kimi xidmətə başlayıb.

Atası Umud Ramazanlı deyir ki, Əlizamin uşaqlıqdan vətənpərvər ruhda böyüyüb: “Onun ən böyük arzusu görmədiyi ata yurdu Xocalının Kosalar kəndində bayrağımızı qaldırmaq idi. Kəşfiyyatçı olduğu üçün fəaliyyəti haqqında heç nə danışmazdı. Həmişə deyərdi ki, kəşfiyyatçı görünmədən görmək, ölmədən dönməkdir. Onunla sonuncu dəfə sentyabr ayının əvvəlində görüşdük. Anasına papağını, mənə ətrini hədiyyə etdi. Evdən çıxarkən sanki şəhid olacağını bilirmiş kimi bizimlə vidalaşdı...”.

Vətən müharibəsi başladığı gündən Əlizamin Murovdağ silsiləsinin alınması uğrunda döyüşlərdə iştirak edib, Kəlbəcər istiqamətində kəşfiyyat əməliyyatlarında ön sıralarda olub. Hərbi birləşmələrimizin uğurla irəliləməsi, strateji nöqtələri ələ keçirməsi üçün var qüvvəsi ilə səy göstərib.

Cəsur kəşfiyyatçı oktyabr ayının 9-da Hadrut qəsəbəsi uğrunda döyüşlərdə şəhidlik məqamına yüksəlib. Oktyabrın 16-da doğulduğu Şirvanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin atası oğlunun şücaəti, qorxmazlığı ilə qürur duyur. Min bir əziyyətlə böyütdüyü övladının şəhid olması onun qəddini əymir. Çünki Əlizamin kimi minlərlə Vətən oğlu müqəddəs amal uğrunda – ərazi bütövlüyümüz naminə canından keçib. Müsahibim deyir: “Onlarla belə oğul fəda edərəm Vətən uğrunda. Təki Vətən sağ olsun!”.

Torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş digər şəhidlərimiz kimi bu gün Əlizaminin də ruhu şaddır. Çünki qisas qiyamətə qalmadı. İgid Vətən oğullarının fədakarlığı sayəsində Ordumuz müqəddəs sərhədimizi bütövləşdirdi, dədə-baba yurdlarımızı düşməndən azad etdi.

Dövlət başçısının müvafiq sərəncamlarına əsasən, Əlizamin Ramazanlı ölümündən sonra “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Qəbri nurla dolsun.

NURƏDDİN