Səbinə Kərimova: «Sərgiyə gələnlər mədəniyyətimizə, musiqimizə aid suallar verirdilər»
   
   Ölkənin turizm potensialını tanıtmağın bir yolu da beynəlxalq səviyyəli sərgilərdə təmsil olunmaqdır. Elə bu baxımdan Mədəniyyət və Turizm Nazirliyi dünyanın əksər dövlətlərində təşkil edilən sərgilərdə ölkəmizin iştirakını təmin edir.
   Noyabrın 9-dan 12-dək Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş “London WTM 2008” sərgisi də bu qəbildəndir.

   
   Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin marketinq və təbliğat sektorunun müdiri Səbinə Kərimovanın qəzetimizə verdiyi məlumata görə, dünyanın ən böyük turizm potensiallı ölkələrinin iştirak etdiyi sərgidə Azərbaycanın turizm imkanlarını nümayiş etdirmək üçün 60 kvadratmetrlik lövhə icarəyə götürülüb: «London WTM 2008» Beynəlxalq Turizm Sərgisində 200 ölkədən 5000 rəsmi turizm qurumu iştirak edirdi. Azərbaycanın bu sərgidə iştirakı bir çox ölkələrin rəsmi qurumları və turoperatorları tərəfindən böyük maraqla qarşılandı».
   Sərginin davam etdiyi üç gün ərzində Azərbaycanın adı olan lövhəyə çoxlu sayda yerli sakinlərin yaxınlaşdığını deyən Səbinə xanımın sözlərinə görə, Azərbaycana səfər etmək marağında olanlara ölkəmizlə bağlı ətraflı məlumatlar verilib: «Bizimlə birlikdə sərgidə iştirak edən nümayəndələr tərəfindən ölkəmizin turizm potensialını təbliğ edən müxtəlif reklam-çap məhsulları Azərbaycan lövhəsini ziyarət edənlərə təqdim olundu. Bundan əlavə, ölkəmizə gəlmək üçün vizanın alınması qaydaları, gediş-gəliş üçün nəqliyyat vasitələri, prioritet sayılan turizm növləri və inkişaf etmiş turizm əraziləri haqqında maraqlananlara geniş məlumat verdik. Eyni zamanda sərgi müddətində Azərbaycanın turizm potensialını əks etdirən film, reklam çarxları ziyarətçilərə nümayiş etdirildi». S.Kərimova onu da bildirdi ki, iştirakçıları və ziyarətçiləri ölkəmizin mədəniyyəti ilə tanış etmək məqsədilə Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri də sərgidə iştirak etmək üçün Londona ezam edilən nümayəndə heyətinin tərkibinə daxil edilib: «Sərgi günlərində ansamblın üzvləri xüsusi ayrılmış ümumi səhnədə, həmçinin ölkəmizə aid stenddə tərtib olunmuş proqram üzrə çıxış etdilər. Azərbaycan milli musiqisi, rəqslərimiz sərgi iştirakçıları və ziyarətçilərin böyük marağına səbəb oldu. Onlar bizə yaxınlaşıb mədəniyyətimizə, musiqimizə aid bir çox suallar verirdilər».
   Nazirlik yetkilisinin dediyinə görə, onlarla birlikdə sərgidə iştirak edən «İmprotex Travel», «Enj Tours», «AL Travel», «Geo Travel» şirkətlərinin nümayəndələri yerli turist şirkətləri ilə əməkdaşlıq əlaqələr, yaradıblar. Öz növbəsində həmin şirkətlərin yetkililəri ölkəmizə turist qruplarının gətirilməsində maraqlı olduqlarını bildiriblər.
   Lövhəmizə Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri F. Qurbanovun baxdığını deyən S.Kərimova bildirdi ki, sərgi zamanı bir sıra xarici mətbuat nümayəndələri tərəfindən («Absolute publishinq Ltd», «Metro İnternational», «Turbiznes», «Mecdunarodnıy turizm», «Bloomberg», «France 24», «Silk Road Media», «Discovery Travel Magazine», «Travel Chanel», «FTP İnternational», «EuroSport», «Buzz TV», CNN, «EuroNews» və s.) respublikamızın turizm potensialını əks etdirən məqalələrin, reklam filmlərinin hazırlanması və mətbut orqanlarında yerləşdirilməsi məqsədilə təkliflər verilib: «Bundan əlavə, «France 24» və «Travel Chanel» televiziya şirkətlərinə Azərbaycanın turizm potensialı haqqında müsahibələr verildi. Həmçinin Omanda (OİTE), Moskvada (MİTT), Mumbayda (OTM), Mərakeşdə (MTM) və Dubayda (ATM) keçiriləcək sərgilərin təşkilat komitələrinin nümayəndələri ilə görüşlərimiz oldu və 2010-cu ildə adıçəkilən sərgilərdə iştirakımızla bağlı dəvətlər aldıq».
   S.Kərimova sonda bildirdi ki, həmişə olduğu kimi, bu sərgidə də Ermənistan tərəfindən icarəyə götürülmüş sahədə Qarabağ Turizm İnkişafı Agentliyi tərəfindən ayrıca olaraq Qarabağın turizm potensialını əks etdirən reklam-çap məhsulları (Stepanakert, Gandzasar, Şuşa broşüraları, «Qarabağ bələdçisi») təqdim edilib. Məsələ ilə bağlı Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi tərəfindən sərginin təşkilatçılarına etiraz məktub göndərilib.
   
   Fəxriyyə ABDULLAYEVA







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar