Yazıya başlamaq üçün ifalarından birini dinləmək, onun avazına köklənmək istəyirdim. “YouTube” platformasında qarşıma 35-40 ilin maqnitofon kasetlərindən götürülərək yenilənmiş lent yazıları çıxdı. Adamı uzaq qərib illərə aparan mahnılar və onlara yazılan yüzlərlə rəy, xoş söz diqqətimi çəkdi. Mahnıların qanadlarında özlərinin uşaqlığına, gəncliyinə, bəzən ilk sevgisinə, vüsalına, həsrətinə boylanan adamlar durmadan bunu yazırdılar: “Bu mahnını, təsnifi, muğamı Sabir kimi oxuyan yoxdur...”.

Elin gözü tərəzidir, deyirlər. Yəqin 50 il fasiləsiz həm teatrın, həm də xalqın səhnəsində, qarşısında sevilərək qalmağın sirri məhz bundadır...

Onu ötən ilin son ayında (22 dekabr) itirdik. Səsi, avazı, yumşaq oxu tərzi, şirin şivəsi ilə qəlblərə yol tapmış 72 yaşlı xanəndə, Xalq artisti Sabir Əliyevi.

 

Səs kimi

 

Onun da həyat yolu dolanbaclı olub. Sənətə, səhnəyə gəlib çıxanadək xeyli sınaqlardan keçib. Amma içindəki yanğı, səsindəki həzinlik onu milyonlarla görüşdürə bilib.

Sabir Məhərrəm oğlu Əliyev 13 fevral 1948-ci ildə Cəlilabad rayonunun çinarlarla yaşıllığa qərq olmuş Pərdili kəndində doğulmuşdu. Uşaq vaxtından oxumağa meyil etsə də, utancaqlığına görə buna cəsarət etməyib. Yalnız həmin dövrdə kəndlərinə el şənliklərinə gələn məşhur ifaçıların israrı ilə bu sənət sahəsi üzrə təhsil almağa qərar verib. 1967–1972-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun Muğam şöbəsində oxuyub. Həmin dövrdə istər peşəkar teatr səhnəsində, istərsə də el məclislərində tanındığı halda təhsil istiqamətini dəyişib. Bu dəfə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (1981-1986) təhsil alıb.

Təsadüfi deyil ki, Sabir Əliyev hələ 1968-ci ildə – Musiqi Texnikumunun tələbəsi olarkən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olunmuş və orada milli opera nümunələrində çıxış etmişdi. Yarım əsrdən çox opera sənəti sahəsində çalışan xanəndə ömrünün sonuna kimi teatrın solist-vokalçısı olub. Özünəməxsus səs çaları, fərqli ifa üslubu sayəsində bu teatrın səhnəsində yaddaqalan obrazlar yaradıb. Bu sırada “Leyli və Məcnun” (İbn Səlam, Zeyd, Şeyx), “Koroğlu” (Vəli, Nadir), “Əsli və Kərəm” (Sofi, Osmanlı), “Aşıq Qərib” (Aşıq Vəli, Şahvələd), “Gəlin qayası” (Əmioğlu, Şeyx), “Natəvan” (Aşıq), “Sevil” (Azançı) və s. operaları qeyd etmək olar.

Çalışdığı kollektivin tərkibində milli opera nümunələrimizi dünyanın bir sıra teatr səhnələrində də ustalıqla nümayiş etdirən xanəndənin qastrol siyahısında Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Fransa, İsveçrə, İran, Misir, Nigeriya və digər ölkələr var.

Opera, musiqi sənəti sahəsindəki uzunmüddətli fəaliyyətinə görə dövlətimiz tərəfindən yüksək qiymətləndirilən sənətkar 2005-ci ildə “Əməkdar artist”, 2017-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

 

Söz kimi

 

Müsahibə verməyi sevən adam deyildi. Heç xatirə gecələrində, yubiley tədbirlərində də üzdə olmağı xoşlamazdı. Əsasən Azərbaycan Dövlət Akademik Filarmoniyasının tədbirlərində qarşılaşardıq. Ötəri söhbətlərimiz də orada olardı. Keçmişdən, el-obadan, sənətdən, musiqidən danışardı.

Həmin söhbətlərin birində sözü yeni müğənnilərdən saldım. Bir az da yaşlı nəsli qınamış kimi oldum. Reaksiyası maraqlı idi. İfası kimi danışığı da yumşaq idi. Özünəməxsus şəkildə ümumi cavabla öz mesajını verdi: “Mən yeniliyin, müasirliyin, siz deyən o novatorluğun əleyhinə deyiləm. Əksinə, düşünürəm ki, zaman ötdükcə, həyat tərzimiz, ona baxışımız dəyişdikcə, daha da inkişaf edə bilərik. Bu öz yerində. Amma bütün yaradıcılıq sahələrində, ələlxüsus da musiqidə milliliyimizi, xalqımıza məxsus incəlikləri mütləq şəkildə qorumalıyıq. Çünki musiqi insanlığın dilidir. Hər bir xalq məhz musiqisinin qədimliyinə, çalarlılığına, unikallığına görə fərqlənmək, yaşamaq və mənsub olduğu xalqı yaşatmaq gücünə malikdir. Musiqinin bu qədər böyük qüdrətə malik olduğunu bildiyimiz halda niyə yad avaza, yad boğaza, yad çalara qaçaq? Dünyanın etnik musiqilərini, fərqli qrupların təbliğ elədiyi naməlum səsləri axtarıb tapmaqdansa, öz xalq musiqimizi, muğamımızı, aşıq sənətimizi dərinliyi ilə öyrənib təbliğ edək. İnanın, xalq musiqisinin dərinliyinə varan çox az ifaçı, bəstəkar, musiqiçi ondan baş çıxara bilir. Çünki xalq onu gör neçə müddətdir sınaqdan keçirib, ağızdan-ağıza ötürüb, avazdan-avaza salaraq yaşadıb”.

 

Nəğmə kimi

 

O, haqlı idi. İstər səhnədə, istərsə də el şənliklərində, kiçik səhnələrdə, efir-ekrandakı çıxışlarında milli ifaçılıq sənətinə sadiqliyini saxlayırdı. Öz yolu, ifa manerası, səhnə estetikası var idi. Yaşına, sənətdə keçən illərinə arxayın olmadan,  kimsənin ruhuna toxunmadan fəaliyyət göstərirdi. Uzun-uzadı söhbətlə arası yox idi. Xatirimdədir, bunun da maraqlı izahını vermişdi və o vaxt buna xeyli gülmüşdüm: “Yaxşı oxuyanların heç də hamısı yaxşı danışa bilmirlər, daha doğrusu, danışmağı xoşlamırlar. Xanəndənin səsi təmiz olmalı, mahnının sözlərini səlis tələffüz etməlidir. Tamaşaçı, dinləyici onun ritmik mahnısında da, muğamında da, zilində də, bəmində də nə dediyini anlamalıdır”.

Sənətkar bir də “Elə eləməlisən ki, xalqın rəğbətini qazanasan. Onu bacarmadınsa, vay halına” demişdi. Bəli, Sabir Əliyev məhz bunu yaxşı bacarmış, illərlə xalqın yaddaşında qala, onun musiqi, mahnı zövqünü oxşaya bilmişdi.

Bu gün hər nəsildən olan istər ifaçı, istərsə də dinləyici onun 30-40 il əvvəlki repertuarından “Durnalar”, “Rəna”, “Saçları sarışın qız”, “Aman, aman”, “Şirindi yarım”, “Reyhanı”, “Sevda”, “Dilbərim”, “Gözəlim”, “Leylam”, “Qızılgülümün rəngi niyə saraldı?!”, “Nazlana-nazlana”, “Pakizə”, “Sevgilim” kimi mahnıları sevə-sevə oxuyur, dinləyir.

Xanəndə istedad, sənətə sevgi və zəhmətsevərliyin vacibliyini deyir, eyni zamanda bir gündə tanınmaq, sevilmək, varlanmağın mümkün olmadığını dilə gətirirdi. “Sənətə bu amalla gələcəksənsə, heç vaxt uğur qazana bilməyəcəksən. Əsas xalqın dilində danışıb, onun ruhuna xitab etməkdir. Ondan sonra şöhrət də, pul-para da, ad-san da olacaq” deyən sənətkar ömrü boyu bu prinsipə sadiq qaldı.

 

Xəyal kimi

 

“Xalq istədi və Sabir oxudu. Sizə zarafat gəlməsin, əsrin yarısını həm səhnədə, həm də xalqın arasında keçirdim. Bir igidin ömrüdür e. Amma, vallah, bir gün olsun bundan peşman olmadım. Ən çətin, bədbin zamanımda küçədə, ictimai yerdə məni görüb ayaq saxlayan, xoş söz deyən xalqımın nümayəndələrinin sayəsində ifaçılıq sənətində olmağımla qürurlandım. Hərçənd mən tam başqa ixtisas üzrə də təhsil almışdım və əminəm ki, o sahədə çalışsaydım, yenə nəyəsə nail olardım. Ona görə yox ki, savadlıyam, yaxud zəhmətkeşəm. Sadəcə, taleyimlə barışan, həyatdan böyük umacağı olmayan, onu sevən adamam” deyən Sabir Əliyev bir gün nəğmə, bir gün söz, bir gün də bax belə, xəyal olub getdi. Özündən sonra onu yaşadacaq nəğmələri əbədi qalsın deyə...

Həmidə NİZAMİQIZI