Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı yeni ildə ilk tamaşasını – Cəfər Cabbarlının “Aydın” pyesi əsasında hazırlanan eyniadlı səhnə əsərini onlayn formatda teatrsevərlərə təqdim edib.

Naxçıvan Dövlət Televiziyası və Naxçıvan MR Mədəniyyət Nazirliyinin internet resurslarında, sosial şəbəkə hesablarında canlı yayımlanan tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Həcərxanım Məmmədova, rejissoru və musiqi tərtibatçısı Səyyad Məmmədov, rejissor assistenti Azərbaycan Respublikasının Əməkdar artisti Behruz Haxverdiyevdir.

Səhnə əsərində rolları Azərbaycan Respublikasının Əməkdar artistləri Əbülfəz İmanov və Behruz Haxverdiyev, həmçinin Səyyad Məmmədov, Səkinə Məmmədova, Nəsimi Məmmədzadə, Ələsgər Quliyev, Zəminə Məmmədova, Vəfa Qurbanova, Nurlan Sultanlı, Anar Eyvazov və Dünyamalı Orucov ifa edirlər.

C.Cabbarlının 1919-cu ildə qələmə aldığı “Aydın” əsəri süjetin yığcamlığı, kompozisiya qurma ustalığı, dramatik hərəkət və həyəcanın sürəkliliyi, bədii ideyanın estetik bitkinliyi, obraz, tip yaradılması baxımından müəllifin yaradıcılıq uğurlarından hesab olunur. Pyesdə hadisələr XX əsrin əvvəllərindəki neft və milyonlar şəhəri olan Bakıda baş verir. Böyük kapital sahibləri, insan dəllalları olan Dövlət bəylər, Balaxanlar, Novruz bəylərin saf mənəviyyata malik Aydınları və Gültəkinləri məhv etməsi diqqətə çatdırılır.