Professor Fərəc Qarayev Azərbaycan haqqında qərəzli məqalə ilə bağlı “Nezavisimaya qazeta”ya məktub göndərib

Azərbaycanın Xalq artisti, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru Fərəc Qarayev Rusiyanın “Nezavisimaya qazeta” nəşrində 19 yanvar 2021-ci il tarixində dərc olunmuş “Qarabağ kimindirsə, məbədlər də onundur?” başlıqlı məqalə (müəllif – Yaroslav İnorodtsev) ilə bağlı redaksiyaya məktub ünvanlayıb.

Fərəc Qarayev “Nezavisimaya qazeta”nın baş redaktoru, sahibi və naşiri Konstantin Remçuqova ünvanlanan məktubunda son zamanlar Rusiya mətbuatında bu mövzuda çoxlu yazıların dərc edildiyinə diqqət çəkərək bildirir ki, bu məqalələrdə vəziyyətin obyektiv və dürüst qiymətləndirilməsi, mövzuya dərindən bələdlik və jurnalist etikası son dərəcə vacibdir. “Lakin sözügedən məqaləni oxuduqdan sonra aydın olur ki, müəllifin mövzu barədə məlumatı yoxdur və o, səriştəsizliyini yersiz istehzalar altında gizlətməyə çalışır. Məqalədə bir çox oxucuların məlumatsızlığından istifadə edilərək Rusiyadan uzaqda baş verən hadisələrin mənbəyi qəsdən həqiqətdən uzaq şəkildə təsvir edilir”, – deyə Fərəc Qarayev yazır.

O, qəzetdəki məqalənin lap əvvəlindən oxuculara yanlış məlumat çatdırıldığını vurğulayır: “Müəllif bildirir ki, “bu yaxınlara qədər tanınmamış Dağlıq Qarabağ ərazisinin bir hissəsi olmuş Kəlbəcərin Xudavəng monastırında  Azərbaycanın alban-udin icmasının nümayəndələri  ibadət yerinə yetiriblər”. Və məqalə elə ilk cümlədən səhv, ya qəsdən qurulan yalan üzərində davam edir. Çünki  Azərbaycan SSR-in Kəlbəcər rayonu heç vaxt Dağlıq Qarabağ ərazisi olmayıb. Daha sonra isə yalan – “bu ərazi Bakının nəzarətinə keçib fikri” ilə davam edir”.

Fərəc Qarayev diqqətə çatdırır ki, 28 il erməni işğalı altında olmuş Kəlbəcər rayonu,  Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı  bəyanata əsasən, Azərbaycanın idarəçiliyinə qaytarılıb.

Fərəc Qarayev məktubunda daha sonra yazır: “Udinlərdən danışarkən müəllif istehza ilə onları “qədim Qafqaz Albaniyası sakinlərinin nəslinin davamçıları kimi” təqdim edir. Xalqın milli kimliyinə müəllifin münasibəti kinayəlidir. Hər bir xalqın qədim kökləri var və buna hörmətlə yanaşlımalıdır... Necə ki, rusların, ingilislərin, başqa xalqların öz tarixi kökləri barədə fəxarətlə bəhs etməsi kimsədə kinayə və istehza doğurmur”.

Professor Fərəc Qarayev “Nezavisimaya qazeta”dakı məqalə müəllifinin “Bakının Qarabağ ərazisindəki xristian abidələrini qeyri-erməniləşdirmək kampaniyası”  barədə cəfəng fikrinə ən tutarlı cavabın isə Qarabağdakı alban xristian irsi barədə elmi tədqiqatlarda olduğunu diqqətə çatdırır: “Bu mövzuda tarixi həqiqətləri izləməkdə maraqlı olan oxuculara yüksək elmi nüfuzu şübhə doğurmayan müəlliflərin – SSRİ Elmlər Akademiyasının müxbir üzvü K.V.Trever, AMEA-nın müxbir üzvü F.Məmmədova və elmlər doktoru və udi tarixçisi V.Qukasyanın əsərlərini oxumağı məsləhət görürəm”.

Məqalə müəllifinin Azərbaycan Prezidenti İlham Əliyevin Şuşadakı “viran edilmiş” Qazançı kilsəsini ziyarət etməsi barədə fikrinə cavab olaraq Fərəc Qarayev yazır: “Viran edilmiş” sözünü xüsusi vurğulayan müəllifə xatırlatmaq istərdim ki, Şuşa şəhəri 28 il idi xarici hərbi qüvvələrin nəzarətində qalmışdı və şəhərə, eləcə də onun mədəni irsinə qarşı törədilən bütün vandalizm də məhz bu işğal illərində baş verib”.

Rusiyalı jurnalistin “Bakı Dağlıq Qarabağda üç onillik ərzində müsəlman abidələrinə guya zərər vurulması mövzusunu böyüdür” kimi, ümumiyyətlə, heç bir jurnalist etikasına sığmayan ifadəsinə cavab olaraq Fərəc Qarayev məktubda Zəngilan və Ağdam rayonlarında viran edilmiş, heyvan tövləsi kimi istifadə olunmuş məscidlərin, Ağdam teatrı binasının qalıqlarının, Şuşada  Bülbülün dağıdılmış  ev-muzeyinin və büstünün fotolarını təqdim edərək yazır: “Siz bütün bunlara “guya” deyirsiniz?”.

Azərbaycan bəstəkarı, həmçinin ölkəmizin 30 ilə yaxın işğal altında qalmış ərazilərində yüzlərlə tarixi-mədəni abidənin, qədim məbədlərin, türbələrin, mədəniyyət ocaqlarının, musiqi məktəblərinin, muzey və kitabxanaların dağılıb talan edildiyini,  Ağdam şəhərinin yer üzündən silindiyini bildirir, Füzulinin  işğaldan azad edilməsindən sonra orada Azərbaycan bayrağını asmaq üçün salamat bir binanın tapılmadığını xatırladır və sonda qəzetin baş reaktoruna müraciətlə yazır: “Nezavisimaya qazeta” bu cür tendensiyalı və qeyri-peşəkar hazırlanmış material dərc etməklə oxucularda son 30 ildə Cənubi Qafqazda baş verən hadisələr haqqında yanlış təsəvvür yaradır. Cənab Remçukov, həqiqətənmi xristian məbədində udinlərlə erməni kahinlərin birgə ibadətini təsvir edə biləcək dürüst, obyektiv, peşəkar bir mütəxəssis tapmaq mümkün deyildi? Doğrudanmı bütün Moskvada savadlı bir jurnalist tapılmadı? Buna inanmaq çətindir. Əfsus ki,  həqiqətin üstünün örtülməsi və faktların təhrif edilməsi bu gün bir çox Rusiya kütləvi informasiya vasitələrində tendensiyaya, yoluxucu xəstəliyə çevrilib”.