Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında xüsusi yer tutan “Qətibə İnanc” tamaşası yanvarın 30-da sənət ocağının “Facebook” səhifəsində onlayn nümayiş olunacaq.
İkihissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin məşhur “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.
Xalq artisti Mərahim Fərzəlibəyovun quruluşunda təqdim olunacaq tamaşanın bədii tərtibatı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğluna, musiqi tərtibatı isə Kamil İsmayılova məxsusdur.
Tamaşa Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizamiyə (dahi şair Nizami Gəncəvi) olan məhəbbətindən bəhs edir. Şeyx tərəfindən məhəbbəti rədd ediləndən sonra Qətibə İnancda hamıya qarşı nifrət yaranır. Bu nifrətinə görə Qətibə sevmədən Məhəmməd Cahan Pəhləvana ərə gedir.
Qeyd edək ki, görkəmli rejissor, Xalq artisti Tofiq Kazımov ilk dəfə 1977-ci ildə “Qılınc və qələm” əsərini tamaşaya hazırlayıb.