Müasir tar ifaçılığında öz dəst-xətti ilə seçilmək hər musiqiçiyə nəsib olmur. Çünki köklü ənənələri olan tarda yenilik etmək, ifaçılıq çalarlarının zənginləşdirilməsinə töhfələr vermək yüksək sənət duyumu ilə yanaşı, elmə əsaslanan yetkin təcrübə də tələb edir. Tanınmış tarzən, Əməkdar artist, professor Həmid Vəkilov belə novator sənətkarlardan idi.

Həmid Şamil oğlu Vəkilov 23 yanvar 1949-cu ildə Bakının Binəqədi kəndində dünyaya göz açıb. Erkən çağlardan musiqiyə maraq göstərir, səkkiz yaşında Pionerlər evinin tar dərnəyinə yazılır. Burada müəllimləri Əlağa Mövsümov və Azər Rzaquliyevdən sənətin sirlərini öyrənir. Sonra Bülbül adına Orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olunur. Bu təhsil ocağında Əhsən Dadaşov, Sərvər İbrahimov və Rəhilə Kərimovadan aldığı dərslər onun peşəkar tarzən kimi yetişməsində önəmli rol oynayır.

Araşdırmalarda göstərilir ki, 1966-cı ildə məktəbi bitirən Həmid Vəkilov F.Mendelsonun “Skripka ilə orkestr üçün konsert”ini və P.Sarasatenin “Qaraçı havaları”nı buraxılış imtahanında ifa etmək istəsə də, bunun tarda mümkünsüzlüyünü görür. Ona görə də  tarda müəyyən təkmilləşdirmə işi aparır. Beləliklə, ilk dəfə olaraq həmin əsərləri tarda orijinalda olduğu kimi ifa edir. Gənc tarzənin bu uğurlu çıxışı əks-səda doğurur. O, klassik muğamları, bəstəkar əsərlərini və tar üçün yazılmış klassik əsərləri bacarıqla səsləndirir. Müxtəlif musiqi kollektivlərində solist kimi çıxış edir. 

Gənc tarzən 1967-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına (indiki BMA) daxil olur. Solist ifaçı və tar müəllimi ixtisaslarına yiyələnir. Yüksək ifaçılıq, sənətkarlıq tələb edən klassik muğamları, irihəcmli mürəkkəb əsərləri, rus və Avropa bəstəkarlarının tar üçün yazılmış pyeslərini ustalıqla ifa etməyi öyrənir. Təhsilini başa vurduqdan bir müddət sonra, 1978-ci ildə konservatoriyaya işə dəvət olunur. Konservatoriyanın Xalq çalğı alətləri kafedrasının baş müəllimi kimi fəaliyyət göstərir. O, eyni zamanda respublikanın mədəni həyatında, ümumittifaq və beynəlxalq müsabiqələrdə iştirak edir. Tanınmış xanəndələr Əbülfət Əliyev, Canəli Əkbərov, Arif Babayev, Səkinə İsmayılova, Baba Mahmudoğlu, Zaur Rzayev, Qəndab Quliyeva və başqalarını müşayiət edir.

Həmid Vəkilov estrada artistlərinin 1979-cu ildə Sankt-Peterburq şəhərində  keçirilən VI Ümumittifaq müsabiqəsində iştirak edir. 100-dən artıq estrada artistinin qatıldığı müsabiqədə “Əraq”, “Çahargah” və “Orta Mahur” muğamlarını, habelə D.Şostakoviçin romansını, Asəf Zeynallının “Muğamsayağı”, qədim rus mahnıları əsasındakı variasiyaları ustalıqla ifa edir. Müsabiqənin qalibi olur, fəxri fərman və təşəkkürnamə alır.

Bu gün tar ifaçılığında ənənə və novatorluq məsələlərindən bəhs edilərkən mahir ifaçı Həmid Vəkilovun da adı hörmətlə çəkilir. Yuxarıda qeyd etdiyimiz kimi, o, yaradıcılıq fəaliyyətində milli tar ifaçılıq sənətimizə xas ənənələri saxlamaqla bərabər  bu sənətə bir sıra novatorluq cizgilərini də gətirib. Belə ki, o, tarın diapazonunu genişləndirərək 2,5 oktavadan tam 4 oktavaya çatdırıb. Nəticədə not və muğam ifaçılığı üçün tar ifaçılıq sənətində yeni imkanlar yaranıb. Bundan əlavə, tarın kəllə hissəsində etdiyi dəyişikliklər sayəsində alətin ifasında yeni koloritlər meydana gəlib. Sənətkar həmçinin yeni çalğı üslubu da (“Həmidvarı flajolet”) yaradıb, tarı ilk dəfə ayaq üstdə çalan sənətçi kimi də tanınıb. Bununla da ifaçılıq fəaliyyətinin inkişafı üçün yeni çalğı üsullarının, ştrixlərin və tarda çalınmamış akkordların meydana gəlməsinə zəmin yaradıb.

Həmid Vəkilovun milli ifaçılıq sənətimizin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib. 1987-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.

Novator tarzənin həm də bəstəkarlıq qabiliyyəti də var idi. Həmid Vəkilovun tar ilə simfonik orkestr üçün yazdığı “Şıdırğı” və “Çılğın” adlı əsərlərini, 3 hissəli konserti də maraqla qarşılanıb. Onda bu marağı yaradan və püxtələşdirən bəstəkar, Əməkdar incəsənət xadimi Zakir Bağırov olub. Bəstəkarın tar ilə simfonik orkestr üçün konserti Həmid Vəkilova həsr edilib. Həmin konsert SSRİ Xalq artisti Nikolay Nekrasovun rəhbərliyi ilə 1985-ci ildə Ümumittifaq Televiziya və Radiosunun Xalq çalğı alətləri orkestrinin müşayiətində lentə alınıb və “qızıl fond”a daxil edilib. Bundan əlavə, Cahangir Cahangirovun “Rondo”, Tofiq Quliyevin “Qızıl üzük”, Niyazinin “Arzu” və s. muğam və xalq havaları da onun müşayiətində həmin fondda qorunub saxlanılır.

Tanınmış tarzən eyni zamanda tar ifaçılığının tədrisində də xidmətlər göstərib. 1973-cü ildən Bülbül adına Orta ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olub. 1978-ci ildən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında da tar alətini tədris edib.

Həmid Vəkilov 1992-ci ildə Türkiyəyə dəvət olunur. Orada 17 il ifaçı və pedaqoq kimi fəaliyyət göstərir. 2010-cu ildə Bakıya dönür, Milli Konservatoriyada fəaliyyətə başlayır, təhsil ocağının professoru olur.

Azərbaycan tar ifaçılığı və bu qədim alətin gənc nəsillərə öyrədilməsinə töhfələr verən Həmid Vəkilov 16 noyabr 2020-ci ildə Bakıda vəfat edib. 2018-ci ildə tarzən haqqında “Novator” adlı sənədli film çəkilib.

Savalan FƏRƏCOV