Azərbaycan turizminə baxış
   
   Turizm müasir dünyada iqtisadiyyatın ən gəlirli sahələrindən biridir. Əksər ölkələrin büdcəsinin formalaşmasında bu sahənin müstəsna rolu var. Təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən və zəngin təbii resursları olan Azərbaycanda da turizm sahəsindən gözləntilər çoxdur. Çünki ölkəmizdə bu sahənin inkişafı üçün kifayət qədər potensial var. Üstəlik, Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə turizm sahəsi böyük nailiyyətlər qazanır və gün-gündən inkişaf edir. Bütün regionlarımızda yeni turizm obyektləri tikilir, mədəni-tarixi qoruqlar yaradılır və bərpa edilir. Regionlarda infrastrukturun yaradılmasını dövlət öz üzərinə götürüb. 
   
   Digər tərəfdən, İtaliya, Türkiyə, İspaniya və turizmdən külli miqdarda gəlir əldə edən digər ölkələrin təcrübəsi də onu göstərir ki, ilkin mərhələdə dövlətin dəstəyi olmadan turizmin sürətli inkişafına nail olmaq mümkün deyil.
   Məhz bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar, Mədəniyyət və Turizm Nazirliyinin apardığı təbliğat işləri (ölkəmizin beynəlxalq turizm sərgilərində iştirakı, dünyanın aparıcı televiziya kanalları ilə yaxından əməkdaşlıq, orada Azərbaycanın turizm potensialını əks etdirən reklam roliklərinin yerləşdirilməsi), beynəlxalq təşkilatlarla, o cümlədən Ümumdünya Turizm Təşkilatı, İslam Konfransı Təşkilatı, GUAM, İƏT və başqa beynəlxalq qurumlarla sıx əməkdaşlıq və onların işlərində fəal iştirak etməsi dövlətin bu sahəyə böyük ümidlər bəslədiyinin sübutudur.
   
   Antiböhran tədbirləri keçirildi
   
   2009-cu il dünyada baş verən maliyyə böhranının iqtisadiyyatın bütün sahələrinə təsiri ilə yadda qaldı. Turizm sahəsi də bu baxımdan istisna təşkil etmədi. Turizm üzrə mütəxəssislər bu və ya digər ölkələrdə vaxtaşırı toplaşaraq «Avropa turizmini böhrandan necə xilas etməli?» mövzusunda müzakirələr apardılar. Belə tədbirlərdən biri də bu il martın 26-da Bakıda baş tutdu. Ümumdünya Turizm Təşkilatının Avropa üzrə Komissiyanın 49-cu iclasında BMÜTT-nin Avropa Komissiyasına üzv ölkələrin nümayəndə heyətləri, qurumun yetkililəri, tanınmış turizm mütəxəssisləri iştirak edirdi.
   49-cu sessiyada turist xidmətlərinin müxtəlifliyinin təmin edilməsində hansı istiqamətlərə daha çox üstünlük verilməsi, iqtisadi böhran nəticəsində özəl sektorla dövlət arasında münasibətlərin necə qurulması, dünya bazarında Avropa ölkələrinin rəqabətə davam gətirə bilməsi üçün bazar iqtisadiyyatında qiymətlərin tarazlaşdırılması və iqtisadı böhrana qarşı birgə tədbirlərin görülməsi məsələləri müzakirə edildi.
   Sentyabr ayında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Yunanıstan Turizmin İnkişafı Nazirliyi Əməkdaşlıq Komitəsinin işçi qrupunun ikinci sessiyası keçirildi. Tədbir iki ölkə arasında turizm əlaqələrinin daha da genişlənməsinə və inkişafına, həmçinin ikitərəfli turist axınının çoxalmasına hesablanmışdı.
   
   Azərbaycan il ərzində 15 beynəlxalq turizm sərgisində iştirak etdi
   
   Müasir dövrdə Azərbaycan kimi öz müstəqilliyini yeni əldə etmiş ölkələr üçün beynəlxalq turizmin inkişaf etdirilməsi olduqca vacib məsələdir. Bunun bir yolu da beynəlxalq turizm sərgilərində iştirakdan keçir. Sərgilər turizm bazarının və səyahətlərin coğrafiyasının genişləndirilməsinə imkan verir. 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyi ölkəmizi 15 beynəlxalq turizm sərgisində təmsil edib. Bu sərgilər Madrid, Vyana, Mərakeş, İstanbul, Berlin, Riqa, Pekin, Honkonq, Bəhreyn, Dubay, Tokio, Paris, Daşkənd, Astana və Londonda baş tutub.
   Eyni zamanda yola saldığımız ildə Bakı şəhərində də beynəlxalq turizm sərgisi təşkil edildi. AİTF-2009 sərgisində 22 ölkədən 98 şirkət iştirak etdi. Bu sərginin bir özəlliyi də o oldu ki, sərginin ekspozisiya sahəsi 30 faiz artmışdı. “Bakı-İslam mədəniyyətinin paytaxtı-2009” mədəniyyət ili çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatına (İSESKO) üzv ölkələr, o cümlədən Mərakeş, Malaziya, İordaniya, İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İran İslam Respublikası ümumi stenddə turizm potensiallarını nümayiş etdirdilər. Azərbaycanın turizm potensialını təbliğ etdirmək üçün reklamdan da geniş istifadə edilir. İki ildir CNN və «Euronews» kanallarında Azərbaycanın turizm potensialını əks etdirən reklam çarxları göstərilir. 2009-cu ildə CNN-də «Bakı İslam mədəniyyətinin paytaxtı» mövzusunda daha bir çarx da nümayiş etdirilib. Bundan başqa, Azərbaycanın turizm potensialının xarici nəşrlərin adı altında beynəlxalq auditoriyaya çatdırılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə nəhəng oxucu auditoriyası olan 70-ə yaxın xarici nəşrə müraciətlər ünvanlanıb. Müraciəti müsbət qiymətləndirən Rusiyada nəşr edilən «Vokruq sveta» jurnalı ilə razılaşmaya görə 260 səhifəlik bələdçi kataloqu hazırlanıb. Fransada nəşr edilən «Mondeos» jurnalı ilə (İsveçrə, Belçika və başqa fransızdilli ölkələrdə yayımlanır) artıq müqavilə imzalanıb. Razılaşmaya əsasən bu brend altında hazırlanacaq bələdçi kitabı 2010-cu ilin mart ayında hazır olacaq. Bundan başqa, Böyük Britaniyanın tanınmış nəşrlərindən olan «Hedonist» jurnalı (ABŞ və digər ingilisdilli ölkələrdə yayımlanır), Birləşmiş Ərəb Əmirliklərinin «Explorer Publishing» (ərəb ölkələrini əhatə edir) jurnalları ilə də müqavilə bağlanıb. Almaniyanın «Rother Wanderfuhrer» (bir sıra Avropa ölkələrində yayılır) nəşrinə də belə bir layihə təklifi ilə müraciət edilib.
   
   Turizm İnstitutunun 200 məzununun iş yeri hazırdır

   
   Ölkəmizdə turizm üzrə mütəxəssis hazırlayan Azərbaycan Turizm İnstitutunun fəaliyyəti 2009-cu ildə qənaətbəxş olub. 2010-cu ildə institutun ilk məzun buraxılışı olacaq. ATİ-nin 300 məzununun 25 nəfəri ikili diplom alacaq. İnstitutla Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasındakı razılaşmaya görə, 25 nəfər həm ATİ-nin, həm də adıçəkilən universitetin diplomunu alacaq. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin mətbuata verdiyi məlumata görə, 300 məzunun artıq 200 nəfərinin iş yeri hazırdır.
   Bundan başqa, ATİ turizm sahəsinə aid bütün qurumlarla yaxın münasibətlər qurub. Eyni zamanda institut tələbələrini təhsil və təcrübə məqsədilə Yunanıstana, Şimali Kiprə, Türkiyəyə göndərir. Təkcə onu qeyd etmək kifayətdir ki, yola saldığımız ildə ATİ bu ölkələrə 100-ə yaxın tələbə göndərib.
   
   Mehmanxanalara lisenziya verilməsi qaydaları dəyişdirildi
   
   Azərbaycanda turizm infrastrukturu da genişlənir. Bunu son illər tikilən mehmanxana və mehmanxana tipli obyektlərin statistikasını apardıqda aydın görmək mümkündür. 2003-cü ildə Azərbaycanda cəmi iki turizm obyekti tikildiyi halda, 2009-cu ilin əvvəlindən ilin sonuna qədər 20-yə yaxın mehmanxana istifadəyə verilib, 60 mehmanxana və mehmanxana tipli obyekt tikilməkdədir. Bu gün Azərbaycanda 370 mehmanxana var. Bunun 79-u Bakının payına düşür. 270 mehmanxana və 227 turizm şirkəti lisenziya əsasında fəaliyyət göstərir. Bu mehmanxanalarda 28 min 286 gecələmə yeri var. Bu yerlərin 8 mindən çoxu Bakıdadır. Bu gün Azərbaycanda hotel tikintisi sərmayəçilər və iş adamları tərəfindən böyük maraqla izlənilir.
   Bununla bərabər 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyi qanunsuz fəaliyyət göstərən mehmanxanalar barədə də bir sıra tədbirlər həyata keçirildi.
   Nazirliyin mütəxəssisləri lisenziya alan bəzi mehmanxanalarda apardıqları monitorinq nəticəsində bir çox neqativ hallarla qarşılaşıblar. Quba, Nabran, Xaçmaz, cənub bölgəsində və daha bir neçə regionda 40-a yaxın hotel lisenziyasız işlədiklərindən fəaliyyətləri dayandırıldı. Nazirlik qərara aldı ki, 2010-cu ildən etibarən Azərbaycanda fəaliyyət göstərən mehmanxanaların lisenziya məsələsinə daha çox diqqət yetirilsin və bu iş təkmilləşdirilsin. Bundan əlavə, mehmanxanalarda hələ də problem olan kadr çatışmazlığını aradan qaldırmaq üçün 2010-cu ildən etibarən lisenziyaların mehmanxanada işləyən ixtisaslı kadrların sayına görə verilməsi müəyyənləşdirildi.
   2009-cu ildə həmçinin yeni mehmanxana komplekslərinin tikilməsinə də start verildi. Xızı və Dəvəçi rayonlarında inşa olunması nəzərdə tutulan turizm komplekslərinin tikintisinə başlanması ilə bağlı Küveyt və Çexiya sərmayəçiləri ilə danışıqlar aparılır. Qusardakı Şahdağ Qış-Yay İdman-Turizm Kompleksinin inşası da davam edir. 5000 insanın yerləşə biləcəyi istirahət mərkəzinin tikintisinə 2 milyard avro vəsait xərclənəcək. Bu məbləğin 25 faizi dövlət, 75 faizi özəl şirkətlərin öhdəsinə düşəcək.
   
   Azərbaycan turizmdən ildə 4 milyard 640 milyon dollar gəlir götürür
   
   2008-ci illə müqayisədə 2009-cu ildə ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunub. Dünyadakı maliyyə böhranı ilə əlaqədar turistlərin sayı 15-18 faiz azalıb, lakin buna baxmayaraq Azərbaycanda turistlərin sayında artım müşahidə edilib. 2008-ci ildə isə Azərbaycana 1 milyon 898 min 939 nəfər qonaq gəlib və onlardan 1 milyon 408 min 988 nəfəri turist hesab olunur. 2009-cu ilin birinci yarısının nəticələrinə görə demək olar ki, bu il ötən ilə nisbətən ölkəmizə gələn insanların sayı artıb. Belə ki, ilk altı ayda Azərbaycana 783 min 208 nəfər insan gəlib ki, bu da ötən ilin altı ayı ilə müqayisədə 309 nəfər, yəni 0,3 faiz çoxdur.
   Qeyd edək ki, bir neçə il əvvəl Azərbaycandan xarici ölkələrə gedən turistlər 70 faiz təşkil edirdi. Bu il isə bu rəqəm 55 faizdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2008-ci il ərzində Azərbaycanın dövlət büdcəsinə 190 milyon ABŞ dolları vəsait daxil olub. Mədəniyyət və Turizm Nazirliyin apardığı hesablamalara görə isə nəqliyyatdan, yeməkdən, suvenirlərin alınmasından, ekskursiyalardan gələn gəlirlər də nəzərə alınmaqla, Azərbaycanda xarici vətəndaşın bir həftəlik istirahəti 700-800 dollara başa gəlir. Bu məbləği il ərzində gələn turistlərin sayına vurduqda təxminən 4 milyard 640 milyon ABŞ dolları təşkil edir.
   
   Bakı Turizm İnformasiya Mərkəzi bir sıra layihələrə imza atdı
   
   Bundan başqa, Azərbaycan hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının birgə layihəsi əsasında yaradılan Bakı Turizm İnformasiya Mərkəzi də il ərzində bir çox önəmli layihələrə imza atdı. Mərkəzin www.bakutourism.az adlı internet portalı fəaliyyətə başladı. Bu, Azərbaycanda qurulmuş yeganə onlayn sistemidir. Azərbaycanın turizm məhsulları bu virtual texnologiya ilə bütün dünyada reklam olunur. Bakı Turizm İnformasiya Mərkəzində həmçinin əməkdaşların təcrübəsinin, bilik və bacarığının artırılması məqsədilə vaxtaşırı müxtəlif mövzularda treninq-kurslar keçirilib.
   Nəticə: Beləliklə, ölkəmizdə turizmin inkişafı yönündə 2009-cu il ərzində görülən işlərə qısaca nəzər saldıq. Nəticə olaraq onu demək istərdik ki, bu sahə Azərbaycanda yenicə təşəkkül tapır. İnkişafda olan hər bir sahədə problemlər və çətinliklər olur. İnanırıq ki, ölkəmizin adı bir neçə ildən sonra dünyanın bu sahədən ən çox gəlir götürən ölkələri ilə bir sırada çəkiləcək.
   
   Fəxriyyə ABDULLAYEVA







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar