Vətən müharibəsinin şəhid mayoru Müseyib Zeynalovun əziz xatirəsinə
Sənin haqqında yazmaq çox çətindir. Hansı gözəl söz yazılsa, digərlərindən daha mənalı olacaq. Mövzunun başlığı “Cəbhədən əbədiyyətə” olduğu üçün yazmağa başlayandan, elə ilk kəlmələrdən qələm titrəyir, sətirlər ağlayır.
Bir insan düşünün: ləyaqəti, yüksək insani keyfiyyətləri ilə seçilsin. Bir oğul düşünün: ata-anasının başını uca edən, beş bacının bir qardaşı, qeyrət timsalı. Bir ata düşünün: övladları daima onunla fəxr edəcək. Bir dost düşünün: həm pis, həm yaxşı günün sadiq dostu. Bir komandir düşünün: “Qüsursuz xidmətə görə” medalının hər üç dərəcəsini almış, Azərbaycan Silahlı Qüvvələrinin 90, 95, 100 illik yubiley medallarına layiq görülmüş, qanlı döyüşlərdə əsgərlərinin üzündə təbəssüm yaratmağı bacaran və son tikəsini onlarla bölüşən qəhrəman...
Bəli, bu, sənsən, mayor Zeynalov! Səninlə tək bircə dəfə olsun, ünsiyyətdə olmuş insan belə şəhidlik zirvəsinə ucaldığın gündən “kaş ki” deyir. Deməli, dünyanın ən qorxunc, ən peşmanlıq dolu sözü imiş kaş ki. Kaş ki, sən sağ olardın... Ancaq sən bir cəsur Vətən oğlunun çata biləcəyi ən yüksək mərtəbəyə ucaldın. Buna görə səni sevən hər kəs hüznlü olsa da, səninlə fəxr edir, qürur duyur...
Sənin əsl hərbçi keyfiyyətlərin yetişdirdiyin yüzlərlə əsgər və zabitdə təzahür edir. Onların hərbi xidmətlərində qazandığı, qazanacağı uğurlar həm də mayor Müseyib Zeynalov imzasını daşıyıb və daşıyacaq...
Həyat şirindir, doyumsuz anları, yaşanacaq günəşli günləri var. 27 yanvar sənin doğum günün idi. Əgər yaşasaydın, 43 yaşın olacaqdı. Amma sən heç vaxt qocalmayacaqsan, 43 yaş sənin əbədi, əbədiyyət yaşındır. Yaddaşlarda ciddi, təmkinli və bir o qədər də mehriban, gözəl xasiyyətin, insanlığın, gülərüz siman və hər kəsi güldürən məzəli söhbətlərinlə qaldın. Biz yenə hər gün səndən danışırıq, deyib-gülürük, amma bu gülüşlər bir az fərqlidir, sənsizdir, göz yaşları içində gülüşlərdir...
Şəhidlik uca zirvədir, sənin kimi şərəfli insana da zirvə yaraşardı. Əbəs deyil ki, elə şəhadətə də Qubadlı zirvələrinin birində şəhid olmuş silahdaşlarının qisasını alarkən ucaldın. O gün (6 noyabr) orada qəlbinin Vətən uğrunda dayandığı həmin an, əslində, qəhrəmanlıqla ölümsüzləşən əbədiyyət məqamı idi.
Hərbidə qüsursuz xidmətinə görə dəfələrlə təltif olunmuşdun. Ancaq ulularımız igid meydanda tanınar deyiblər. Sənin də əsl fədakarlığın, şücaətin Vətən müharibəsində, hünər məqamında aşkara çıxdı. Sən də Vətəni canından əziz bilənlərdən oldun. Şücaətin, qəhrəmanlığın qiymətini aldı. Ali Baş Komandanın sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarına layiq görüldün.
Qəhrəmanlar ölmür deyirlər, bu tamamilə doğrudur. Çünki gerçək qəhrəmanlar ölümə meydan oxuyan, ölümün gözünə dik baxa bilənlərdir. Uğrunda canlarından keçdikləri səbəblər, həm də onları yaşadır. Sən də bizim qəlbimizdə əbədi yaşayacaqsan, igid mayor! Cənnətdəki ilk ad günün mübarək!
Sevil ABDULLAYEVA
Salyan şəhər N.Gəncəvi adına Mərkəzi kitabxananın könüllüsü