Paytaxtdan kənardakı teatrların yaradıcılıq planları

Pandemiyanın müşayiət etdiyi ikinci teatr mövsümü davam edir. 2020-ci ilin martında xüsusi karantin rejiminin elan edilməsindən sonra onlayn tamaşa nümayişləri, videoformatda eksperimentlər, ara-sıra sosial şəbəkələrdə izlədiyimiz teatrsayağı canlı yayımlarla yadda qalmağa çalışan teatrların 2021-ci il yaradıcılıq planları, “Nizami Gəncəvi İli” çərçivəsində reallaşdıracaqları layihələri ilə maraqlandıq.

Bu dəfə diqqətinizi öncə paytaxtdan kənardakı teatrlara yönəldərək, onların  yaradıcı təşəbbüslərinə nəzər salacağıq.

Başlayaq elə Nizami yurdu Gəncədən. Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi Nizaminin 880 illiyi ilə əlaqədar dahi şairin “Xəmsə”sinin motivləri əsasında yeni kompozisiya hazırlayıb. Qeyd edək ki, uzun illərdir ki, Gəncə şəhərində fəaliyyət göstərən Nizami Poeziya Teatrının səhnəsində “Xəmsə” əsasında səhnələşdirilmiş pyeslərin tamaşası ictimaiyyətə təqdim olunub. Həmin ənənə bu gün də davam etdirilməkdədir.

Yeni hazırlanan “Xəmsə” kompozisiyası Gəncə Dövlət Dram Teatrının “Facebook” sosial şəbəkəsində yayımlanaraq marağa səbəb olub. Layihənin rəhbəri teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Əli Qasımov, rejissoru Elşad Əhmədov, operatoru Samir Həsənov, montaj və səs rejissoru Yusif Cəfərovdur. Kompozisiyada əsas rolları xalq artistləri Alim Məmmədov, Pərvanə Qurbanova, əməkdar artistlər Novuz Cəfərov, Kəmalə Məmmədova, Elxan Abbasov, Sevda Orucova, Ramiz Vəliyev və başqaları ifa edirlər.

Yaradıcı heyətin Nizami irsinin təbliği istiqamətində daha bir layihəsi də var. Teatrın gənc rejissoru Elşad Əhmədovun quruluşunda “Sirlər xəzinəsi” tamaşası hazırlanacaq.

Ağdam Dövlət Dram Teatrı da “Nizami ili”nə töhfə verməyi düşünür. Teatrın baş rejissoru, Əməkdar artist Novruz Cəfərov ilkin olaraq “Sirlər xəzinəsi”ndən (kompozisiya formasında) səhnəciklər hazırlayacaqlarını deyir: “Ümumən  repertuarımızı hələ ki olduğu kimi saxlayırıq. İş başlayan kimi Sabit Rəhmanın “Xoşbəxtlər” tamaşasının məşqlərini davam etdirəcəyik. Doğrudur, onlayn məşqlər edirdik və demək olar ki, tamaşa tam hazırdır. Sonrakı repertuarımızı da günün tələbinə görə yenidən quracağıq. Mövcud şəraiti nəzərə alaraq yığcam səhnə nümunələri üzərində düşünürük. Karantin rejimində teatrlarla bağlı müəyyən yumşalmalar olarsa, biz də əməli işə keçəcəyik”.

Füzuli Dövlət Dram Teatrının da 2021-ci il üçün planları genişdir. Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” əsəri üzərində ötən ildən yarımçıq qalan işi davam etdirməyi düşünən yaradıcı heyət “Nizami ili”nə də özünəməxsus sənət prizmasından baxacaq. Teatrda “Nizaminin “Xəmsə” həmayili” adlı poetik xalq tamaşası hazırlanacaq. Həmçinin Ağalar Mehdiyevin “Oyun” əsəri və ərəb nağıllarının motivləri əsasında “Əlibaba və qırx quldur” tamaşası bu ilin yaradıcılıq planındadır.

Mingəçevir Dövlət Dram Teatrı “Nizami ili”ndə  bir neçə səhnə layihəsi reallaşdırmağı planlaşdırır. Şairin “Sirlər xəzinəsi” poemasından seçilmiş üç əhvalat əsasında “Xırda söhbətlər” adlı tamaşa artıq hazırdır və yaxın günlərdə teatrın sosial şəbəkə səhifələrində nümayiş etdiriləcək. “Xırda söhbətlər”in quruluş müəllifi Cavid Təvəkkül, quruluşçu rəssamı Kəmalə Əsgərova, musiqi tərtibatçısı Elnur Rəsulovdur.

Qazax Dövlət Dram Teatrı da ötən ilin yarımçıq işlərini bu il tamamlamaq istəyir və “Nizami ili”nə də öz  səhnə yozumunda baxmağa çalışacaq. Hazırda şairin “Xəmsə”sindən seçmələrlə müəyyən süjetli rəvayətlər üzərində iş aparılır və yay aylarında kompozisiya kimi təqdim olunacaq.

Qusar Dövlət Ləzgi Dram Teatrında Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından “Xeyir və Şər” səhnələşdirilir. Bundan əlavə, “Xosrov və Şirin” poeması əsasında kompozisiya, ümumilikdə “Xəmsə” əsasında beş ayrı kompozisiya ərsəyə gətiriləcək.

Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Faiq Qardaşov hazırda “Xeyir və Şər” tamaşası ilə bağlı səhnə geyimlərinin hazırlanması, digər tərtibat işlərinin görüldüyünü dedi: “Bu il üçün geniş yaradıcılıq planlarımız var. Məşqləri gedən “Xeyir və Şər” tamaşasını yaxın günlərdə videoformatda təqdim etməyi düşünürük.  Eyni zamanda Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın həyat və döyüş yolu barədə gənc nəslə müfəssəl məlumat vermək üçün səhnə nümunələri hazırlayırıq. Bu qəbildən növbəti işimiz Milli Qəhrəman Çingiz Qurbanov haqqında tamaşadır və artıq onun da məşqləri gedir”.

Qax Dövlət Kukla Teatrının 2021-ci illə bağlı yaradıcılıq planları arasında maraqlı nümunələr var. Uşaqların sevimli nağıl nümunələri olan  rus xalq nağılı  “Turp”, eləcə də  “Yatmış gözəl” (Şarl Perro) və “Yırtıcı dovşan” (Pavel Morozov) plana daxil edilib.

“Nizami ili” ilə əlaqədar “Xeyir və Şər” əsərinin motivləri əsasında hazırlanmış  eyniadlı  pantomima tamaşası da bərpa edilərək yenidən balacaların ixtiyarına veriləcək. Qeyd edək ki, həmin nümunə teatrın repertuarında bir neçə il qalıb və müxtəlif festivallarda uğurla iştirak edib.

Bu il 130 yaşını qeyd edən Lənkəran teatrının da həm yubiley ili, həm də  “Nizami ili” münasibətilə geniş yaradıcılıq planları var. Bu barədə ötən ay (22 yanvar) qəzetimizdə dərc olunan müsahibəsində Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov ətraflı söhbət açmışdı.

İndi qalır bütün bu planların reallaşması üçün pandemiya müşayiətində münasib şəraitin yaranmasını gözləmək...

HƏMİDƏ