Azərbaycan

 

3 fevral 1891 – İctimai xadim, jurnalist, tərcüməçi Ceyhun bəy Əbdülhüseyn oğlu Hacıbəyli (1891 – 22.10.1962) anadan olub. Dahi bəstəkar Üzeyir Hacıbəylinin kiçik qardaşıdır. Xalq Cümhuriyyəti dövründə “Azərbaycan” qəzetinin redaktoru olub. Sonra mühacirətə gedib, Fransada yaşayıb və orada vəfat edib. Məzarı Parisdədir.

3 fevral 1951 – Əməkdar artist Həsənağa Hüseynəli oğlu Hüseynov (1951-2002) Bakıda doğulub. Azərbaycan Dövlət Kukla Teatrının aktyoru olub, teatrda truppa müdiri işləyib.

3 fevral 1959 – Əməkdar artist Mərdan Əhmədiyyə oğlu Feyzullayev (1959 – 13.8.2017) Şəki rayonunun Kiş kəndində doğulub. Şəki Dram Teatrının baş rejissoru olub. 1994-cü ildən Moskvada yaşayıb, “Səməndər quşu” kukla teatrında rejissor işləyib, özünün yaratdığı “Dərviş” teatrında Azərbaycan müəlliflərinin əsərlərini tamaşaya qoyub.

3 fevral 1990 – Əməkdar artist Hamlet Bəbir oğlu Xanızadə (5.6.1941 – 1990) vəfat edib. “Babək”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “Qətl günü” və s. filmlərdə, Akademik Milli Dram Teatrında, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

 

4 fevral 1945 – Əməkdar rəssam Fərman Səməd oğlu Qulamov (1945 – 23.12.2016) Astara rayonunda doğulub. Əsərləri Moskvada Dövlət Tretyakov Qalereyasında, Şərq Xalqları İncəsənət Muzeyində saxlanılır. Dövlət Rəssamlıq Akademiyasının müəllimi olub.

 

5 fevral 1918 – Böyük bəstəkar, pedaqoq, akademik, SSRİ Xalq artisti, dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Qara Əbülfəz oğlu Qarayev (1918 – 13.5.1982) anadan olub. Dünya musiqi xəzinəsinə daxil olan “Yeddi gözəl” (1952), “İldırımlı yollarla” (1958) baletləri, simfoniyalar, “Don Kixot” simfonik qravüra, “Leyli və Məcnun” simfonik poeması, digər musiqi əsərlərinin müəllifidir. “Uzaq sahillərdə”, “Onun böyük ürəyi”, “Nizami” və s. filmlərə musiqi yazıb. 30 ilə yaxın Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib.

5 fevral 1923 – Əməkdar artist, tarzən Baba Əliheydər oğlu Salahov (1923 – 12.8.1981) anadan olub. Azərbaycan Televiziyası və Radiosunun “Araz” Xalq çalğı alətləri ansamblı sənətkarın adını daşıyır.

5 fevral 1942 – Teatr xadimi Ağakərim Səftər oğlu Şərifov (1895-1942) vəfat edib. C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin yaradıcısı və direktoru olub. Bakı Teatr Məktəbində dərs deyib, milli teatr tarixinə dair kitabın müəllifidir.

5 fevral 1948 – Şair, dramaturq Mərkəz Mikayıl oğlu Qacar (1948-2013) Füzuli şəhərində doğulub. İxtisasca hüquqşünas olub. Təmsil, rübai, poema, dram əsərlərinin müəllifidir.

5 fevral 1963 – Əməkdar artist, Dövlət mükafatı laureatı Münəvvər Səməd qızı Kələntərli (1912-1963) vəfat edib. 1933-cü ildən səhnə fəaliyyətinə başlayıb, Opera və Balet, Musiqili Komediya teatrlarında çalışıb. "Arşın mal alan" (1945), "Bəxtiyar”, "Görüş", "O olmasın, bu olsun" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

Dünya

 

3 fevral 1809 – Alman bəstəkarı, dirijor Feliks Mendelson (Jakob Ludwig Felix Mendelssohn Bartholdy; 1809 – 4.11.1847) anadan olub. “Toy” marşının müəllifidir.

 

4 fevral 1873 – Rus yazıçısı Mixail Mixayloviç Prişvin (1873-1954) anadan olub.

 

5 fevral 1810 – Norveç milli musiqi məktəbinin banilərindən biri, bəstəkar, skripkaçı Ule Bull (Ole Borneman Bull; 1810-1880) anadan olub.

5 fevral 1914 – Amerika yazıçısı Vilyam Stüard Berrouz (William Seward Burroughs; 1914-1997) anadan olub.

Hazırladı:  Vüqar ORXAN